Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:06

Respublikaçıların qurultayı təxirə salınır


Trump-ı dəstəkləyən respublikaçılar, arxiv fotosu
Trump-ı dəstəkləyən respublikaçılar, arxiv fotosu

Trump iyulun 23-də elan edib ki, gələn ay “böyük, izdihamlı qurultay” keçirməyin vaxtı deyil

Prezident Donald Trump respublikaçıların Floridada keçiriləcək qurultayını təxirə salıb. Səbəb Birləşmiş Ştatlarda koronavirusa yoluxmaların 4 milyonu keçməsidir. Floridada, cənub və qərb ştatlarında yoluxma halları sürətlə artmaqdadır.

Trump iyulun 23-də elan edib ki, gələn ay “böyük, izdihamlı qurultay” keçirməyin vaxtı deyil.

Prezidentin sözlərinə görə, qurultay tədbirləri “hansısa formada onlayn” keçiriləcək, bəzi deputatlar avqustun 24-də Şimali Karolinada ayaqüstü toplantı üçün bir araya gələ bilərlər.

Trump daha öncə sosial məsafə qaydalarına görə tədbiri Şimali Karolinadan Floridaya keçirmişdi. Qurultay nümayəndələri Trump-ı noyabr seçkisində partiyanın rəsmi namizədi kimi seçəcəklər.

İyulun 23-də ABŞ-da COVID-19-dan üçüncü gün ardıcıl mindən artıq ölüm qeydə alınıb. Ekspertlər ölü sayının artacağı xəbərdarlığını edirlər, çünki artıq beş gündür gündəlik yoluxmalar 66 mini keçir. İndiyədək Birləşmiş Ştatlarda 144 mindən çox koronaviruslu xəstə vəfat edib.

Latın Amerikası, Avropa

Dünya üzrə təsdiqlənmiş yoluxma sayı 15,4 milyona çatıb, ölü sayı 631 mindən çoxdur.

Avstraliyada dünyanın digər yerləri ilə müqayisədə vəziyyət pis deyil, 13 mindən artıq yoluxma, 133 ölüm qeydə alınıb.

Latın Amerikasında 4 milyondan çox insan virusa yoluxub. Braziliya dünyada ikinci yerdədir, 2,3 milyon yoluxma təsdiqlənib, 84 mindən çox xəstə dünyasını dəyişib.

Avropada isə iyulun 23-də COVID-19-a yoluxmalar 3 milyonu keçib, ölü sayı 206 min 633 nəfərdir.

Ancaq ilin əvvəli ilə müqayisədə ölü və yoluxma sayı o qədər də yüksək deyil. Avropanın cənub-şərqində bəzi ölkələrdə virusun qayıdışı müşahidə olunur.

Bu arada Cənubi Afrika pandemiyanın kəskin dövrünü yaşayır, indiyədək 408 mindən çox yoluxma təsdiqlənib, 6 mindən çox xəstə vəfat edib.

Prezident Cyril Ramaphosa dövlət məktəblərinin yenidən dörd həftəliyə bağlanmasını əmr edib. Məktəblər iyulun əvvəlində qismən açılmışdı.

Azərbaycanda iyulun 23-nə olan məlumata görə, ümumilikdə 20 minə yaxın yoluxma qeydə alınıb, 391 nəfər vəfat edib. 20 min 974 nəfər müalicə olunaraq sağalıb, 7 min 615 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG