Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 03:00

Azərbaycan sülh indeksində neçəncidir


Bakıda etiraz aksiyası, 20 oktyabr, 2020-ci il
Bakıda etiraz aksiyası, 20 oktyabr, 2020-ci il

Virus pandemiyası hələ uzun illər iğtişaşlara, aclığa səbəb olacaq

Koronavirus pandemiyasının səbəb olduğu iqtisadi çətinliklərlər uzun illər ağır borc içində olan, siyasi baxımdan kövrək ölkələrdə yoxsulluğu, iğtişaşları və sabitsizliyi alovlandıracaq. Bunu da Avstraliyada mənzillənən İqtisadiyyat və Sülh İnstitutu illik hesabatında bildirir.

“Ən pisi hələ qabaqdadır”, – qurumun rəhbəri Steve Killelea deyib.

“Ən böyük əziyyəti hazırda kövrək durumda olan ölkələr çəkəcək, çünki onlarda ərzaq sabitsizliyi yüksək həddədir, hökumətlər siyasi baxımdan daha az sabitdir, iqtisadiyyatları daha az dinamikdir”, – Killelea vurğulayıb.

Beynəlxalq Əmək Təşkilatının hesablamasına görə, bu il 200 milyon nəfər işini itirəcək. Dünya Bankı isə qlobal iqtisadiyyatdan 5 faiz azalma proqnozlaşdırır.

Killelea deyir ki, ekspertlərin dəyərləndirməsinə görə, dünya iqtisadiyyatlarının 2019-cu il səviyyəsinə qayıtması üçün beş il lazım gələcək.

Hesabatda deyilir ki, ağır borc içində olan ölkələr pandemiyadan sonra iqtisadiyyatlarını yenidən qurmaqdan ötrü maliyyə əldə etməkdə çətinlik çəkəcək və bu da daha artıq sabitsizliyə, iğtişaş və zorakılığa səbəb olacaq.

***

İyunun 10-da İqtisadiyyat və Sülh İnstitutu Qlobal Sülh İndeksini açıqlayıb.

İndeksə görə, 2011-ci ildən bəri dünya üzrə mülki iğtişaşlar iki dəfə artıb. Ötən il 96 ölkədə zorakı nümayişlər keçirilib, vətəndaşlar iqtisadi çətinliklərə, polis qəddarlığına, siyasi sabitsizliyə etiraz ediblər.

“Son onillikdə sülhsevərlik azalsa da, 2008-ci ildən bəri 100 ölkə hərbi xərcləri azaldıb”, – hesabatda deyilir.

İndeks 2009-cu ildən bəri hər il hazırlanaraq ictimaiyyətə təqdim olunur.

14,5 trilyon dollarlıq iqtisadi ziyan

Ötən il daxili münaqişələr səngidiyindən zorakılıqların iqtisadi təsiri də nisbətən azalıb, ancaq zorakılıqlar qlobal iqtisadiyyata 14,5 trilyon dollar, yaxud qlobal ÜDM-nin 10,6 faizi qədər ziyan vurublar.

Artıq dördüncü ildir terrorçuluqdan ölüm halları azalır, ötən il 75% azalma müşahidə olunub.

İndeksdə vurğulanır ki, COVID-19-in iqtisadi təsiri siyasi sabitliyə, beynəlxalq münasibətlərə, münaqişələrə, vətəndaş hüquqları və zorakılığa mənfi iz buraxacaq, çox illər davam etmiş sosial-iqtisadi inkişafa zərbə vuracaq.

Koronavirus pandemiyasının iqtisadi çətinliklərindən ən çox İtaliya, Yunanıstan, Latviya və Polşanın ziyan görəcəyi, Norveç, Avstraliya və Yeni Zelandiyanın isə gələcəyi daha yaxşı yoluna qoyacağı bildirilir.

“İqtisadi geriləmə BMT-nin sülhməramlı əməliyyatlarına dəstəyi azaldacaq və sülhyaratma işi daha da çətinləşəcək, ancaq eyni zamanda proksi müharibələrdə də səngiməyə səbəb ola bilər”, – qurum qeyd edir.

İslandiya 2008-ci ildən bəri dünyanın ən dinc ölkəsi hesab olunur. Ondan sonra Yeni Zelandiya, Avstriya, Portuqaliya və Danimarka gəlir.

Əfqanıstan ikinci ildir sülh indeksinin dibində yer alır. Ondan sonra Suriya, İraq və Cənubi Sudan gəlir.

Azərbaycan 163 ölkə içində 120-ci yerdədir.

Qonşulardan Gürcüstan 95, Ermənistan 99, İran 142, Rusiya 154, ABŞ 121-ci pillədədir.

XS
SM
MD
LG