AzadAvropa/AzadlıqRadiosunun Qırğızıstan xidməti – Radio Azattyk, Mütəşəkkil Cinayətkarlığı və Korrupsiyanı Xəbərləmə Layihəsi (OCCRP) və Kloop qırğız xəbər saytı 2019-cu il Tom Renner Mükafatına layiq görülüb. Mükafat ABŞ-dakı Araşdırmaçı Jurnalistlər və Redaktorlar (IRE) təşkilatı tərəfindən Qırğızıstandan kütləvi nağd pul axınını ifşa edən yazılara görə verilib.
IRE aprelin 6-da bildirib ki, “Orta Asiyanın Ürəyində Talan və Himayədarlıq” adlı silsilə yazılar “adamların qətl törədilmədən ifşasını istədiklərini göstəriir və əlbəttə ki, bu jurnalistlərə təhlükədir”.
Birgə media araşdırmasında Çinin şimal-qərbindəki Sintzyan regionundan 37 yaşlı uyğur biznesmen, çirkli pul yuduğunu etiraf edən Aierken Saimaiti-nin Qırğızıstandan yüzmilyonlarla dolları necə çıxarmasından söz açılırdı. Bu pulun böyük hissəsi Çində doğulmuş uyğur, Qazaxıstan pasportu daşıyan Khabibula Abdukadyr-ın rəhbərlik etdiyi biznes şəbəkəsi vasitəsilə çıxarılıb.
Söhbət 700 milyon dollardan çox vəsaitdən gedirdi.
Əsas fiqur öldürülsə də...
Saimaiti noyabrın 10-da İstanbulda öldürülüb, amma ölümündən qabaq jurnalistlərə verdiyi sənədlərdə Qırğızıstanda dövlət vəsaitinin kütləvi və sistematik şəkildə necə talan olunduğu ifşa edilib.
Araşdırmada Abdukadyr-ın rəhbərlik etdiyi nəhəng gizli karqo imperiyasının ölkənin gömrük xidmətinə böyük məbləğlərdə rüşvət verməsi də ifşa olunurdu. Keçmiş vergi məmuru Raimbek Matraimov-un adı çəkilsə də, özü iddiaları rədd edirdi.
“Bu, AzadAvropa/AzadlıqRadiosunun missiyasına, işlədiyimiz ərazilərdə dövlət hesabatlılığı və hüququn aliliyini işıqlandırmağa sadiqliyimizə müstəsna nümunədir. Bu araşdırmaya görə jurnalistlərimiz təhdid və hücumlara məruz qalsalar da, geri çəkilmədilər”, – Radionun Prezidenti Jamie Fly deyib.
Araşdırma bir videonu da üzə çıxarıb. Prezident Sooronbai Jeenbekov 2017-ci ilin noyabrında and içəndə Abdukadyr ikinci cərgədə, prezidentin qardaşı, Qırğızıstanın Ukraynadakı səfiri Jusupbek Sharipov-un yanında əyləşib.
Jurnalistlər Saimaiti-nin bu məsələ haqda çox şey bildiyini üzə çıxarmışdılar.
“Bu mövzuda yazmaq təhlükəli işdir, buna görə ‘çox sağ ol’ demirlər, amma AzadAvropa/AzadlıqRadiosunun və Kloop-un jurnalistləri ölən mənbənin son sözlərini çatdıra bildilər”, – OCCRP-nin həmtəsisçisi və naşiri Drew Sullivan deyib.