Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:29

Taliban Əfqanıstan hökumətilə ‘faydasız’ danışıqları dayandırır


Kabildə saxlanan Taliban məhbusları
Kabildə saxlanan Taliban məhbusları

Taliban silahlı qruplaşması Əfqanıstan hökumətilə məhbus mübadiləsi üzrə danışıqları dayandırdığını deyir. Bu məsələ Birləşmiş Ştatların vasitəçilik etdiyi sülh danışıqlarında əsas addımdır.

Talibanın Qətərdəki siyasi ofisinin sözçüsü Suhail Shaheen aprelin 7-də tvitində yazıb ki, texniki komanda “faydasız görüşlərə” qatılmayacaq.

Shaheen Əfqanıstan Prezidenti Ashraf Ghani administrasiyasını məhbusların buraxılmasını “hərdən bir bəhanəylə” yubatmaqda suçlayıb.

Əfqanıstan Milli Təhlükəsizlik Şurasının sözçüsü Javid Faisal isə Talibanı “bəhanələrlə prosesi sabotaj etməməyə” çağırıb.

Hökumət rəsmiləri deyirlər ki, Taliban son illər bir sıra zorakı hücumlarda əli olan əsas komandirlərin buraxılmasını tələb edirlər.

Danışıqların təxirə salınması zorakılığın artmasıyla sonuclana bilər, bu da öz növbəsində ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılmasına təhdid yaradar.

5 min talibançının buraxılması əvəzində Taliban da təxminən min əsgəri və mülki işçini azad edəcəyini deyirdi.

Tərəflər ötən həftədən Kabildə danışıqlar aparırdı, amma ilkin məhbus mübadiləsi martın 10-da həyata keçirilməliydi.

Taliban aprelin 5-də iddia edib ki, ötən illə müqayisədə hücumları azaldıb və belə bir xəbərdarlıq edib ki, Doha sazişinin şərtlərinin Birləşmiş Ştatlar və Əfqanıstan hökuməti tərəfindən pozulması “inamsızlıq mühiti” yaradar, bu da “razılaşmalara zərbə vurar” və “döyüşlərin səviyyəsini gücləndirər”.

***

ABŞ Talibanın iddiasını rədd edir

ABŞ ordusu Taliban əfqan silahlı qruplaşmasının fevralın sonunda tərəflərin imzaladığı sülh sazişini guya Birləşmiş Ştatların pozması haqda iddiasını rədd edib. Əfqanıstandakı ABŞ qüvvələri “ABŞ-Taliban razılaşmasının hərbi şərtlərinə əməl edir, hər hansı başqa arqument əsassızdır”, – sözçü Polkovnik Sonny Leggett aprelin 5-də tvitində yazıb.

Leggett onu da əlavə edib ki, silahlı qruplaşma “zorakılığı azaltmalıdır”. O xəbərdarlıq edib ki, ABŞ ordusu razılaşmanın şərtlərinə uyğun olaraq, hücuma məruz qalan Əfqanıstan təhlükəsizlik qüvvələrini müdafiə edəcək.

Taliban bu bəyanatdan öncə ABŞ və əfqan qüvvələrinin qeyri-döyüş zonalarında qruplaşmaya raket zərbələri endirdiyimi, mülki ərazilərdə əməliyyatlar başlatdığını bildirib. Qruplaşma həmçinin Əfqanıstan hökumətini minlərlə talibançı məhbusun azadlığa buraxılmasını yubatmaqda ittiham edib. Bu məsələ də Birləşmiş Ştatlarla Talibanın fevralın 29-da Qətərin paytaxtı Dohada imzaladığı razılaşmada nəzərdə tutulub.

Doha sazişində Əfqanıstan hökumətinin 5 min talibançını azadlığa buraxması bəndi də yer alıb. Bu, ölkədəki 18 illik münaqişəyə son verməkdən ötrü formal sülh danışıqlarından öncə inamyaratma tədbiri hesab olunur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG