Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:08

ABŞ Əfqanıstana yardımın 1 milyard dollarını kəsir


Mike Pompeo
Mike Pompeo

ABŞ Dövlət Departamenti bəyan edib ki, Vaşinqton Əfqanıstana yardımdan 1 milyard dollar kəsəcək və bu ölkə ilə əməkdaşlığının miqyasına yenidən baxacaq.

Bu bəyanat martın 23-də dövlət katibi Mike Pompeonun Əfqanıstan paytaxtında prezident Ashraf Ghani və keçmiş icra hakimiyyəti başçısı Abdullah Abdullahla danışıqları iflasa uğrayandan sonra verilib.

Pompeo Əfqanıstan liderlərini Talibanla ABŞ arasında ötən ay imzalanmış sazişə qoşulmağın zəruriliyinə inandırmağa çalışırdı.

Bəyanatda deyilir ki, Pompeo Kabilə “təcili mesajla və Əfqanıstan liderlərini əfqan xalqı naminə kompromisə inandırmaq məramı ilə açıq danışmaq üçün getmişdi”.

Pompeonun sərt ifadəli bəyanatında Ghani və Abdullahı barışıq hökumətinin yaradılması zərurətinə inandırmağın mümkün olmamasından təəssüf ifadə olunur.

Əfqanlara, amerikalılara hörmətsizlik...

Pompeo deyib ki, “Əfqanıstan liderləri Birləşmiş Ştatları məyus ediblər və ABŞ-Əfqanıstan münasibətlərinə ziyan vurmaqla ölkənin yeni gələcəyi uğrunda canlarından keçmiş əfqanlara, amerikalılara və koalisya müttəfiqlərinə hörmətsizlik nümayiş etdiriblər”.

Bəyanatda deyilir ki, Əfqanıstana yardımdan 1 milyard dolların kəsilməsi qərarı dərhal qüvvəyə minir.

Vaşinqton gələn il üçün nəzərdə tutulmuş 1 milyard dollarlıq yardımın da azaldılacağını bildirib.

Pompeo Kabili tərk etdikdən sonra Taliban liderləri ilə görüşmək üçün Doha şəhərinə gəlib.

Dövlət Departamentinin sözçüsü Morgan Ortagus deyib ki, Pompeo orada Talibanın baş danışıqçısı Molla Baradar və daha iki Taliban lideri ilə görüşüb.

Taliban liderləri ilə ABŞ dövlət katibinin şəxsən görüşməsi onu göstərir ki, Vaşinqton Talibanın fevralın 29-da imzalanmış sazişə sadiq qalmasını istəyir.

Pompeo Əfqanıstanda apardığı danışıqlarda hökumətlə razılaşma əldə edəcəyinə və beləliklə də ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına başlanacağına ümid edirdi.

Amma Taliban bu sazişin imzalanmasından sonra da Əfqanıstanda zorakılqılar törətməkdə davam edib.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, ABŞ-ın Dövlət katibi Mike Pompeo martın 23-də Kabilə gedib. Səfərin məqsədi Taliban silahlı qruplaşması ilə ötən ay imzalanmış sülh sazişinə təkan verməkdir.

Pompeo Əfqanıstan Prezidenti Ashraf Ghani, onun rəqibi, hökumətin başçısı Abdullah Abdullahla danışıqlar aparacağı gözlənir.

Sülh sazişi imzalanandan ölkədə sülh prosesi müvəqqəti dayanıb. Ölkənin liderləri kimin prezident seçildiyini müəyyənləşdirməyə çalışırlar.

Qani və Abdulla hər ikisi özünü prezident elan edib, ayın əvvəlində ayrı-ayrılıqda andiçmə mərasimi keçiriblər.

Pompeonun səfərindən bir gün qabaq hökumət Talibanla məhbus mübadiləsi üzrə ilk danışıqlar aparıb. Danışıqların anonsunu ABŞ-ın sülh elçisi Zalmay Xəlilzad verib.

Koronavirus pandemiyasına görə Skype vasitəsilə keçirilən danışıqlar iki saatdan çox davam edib, Xəlilzad deyib.

Əfqanıstan artıq koronovirusdan ilk ölüm halını açıqlayıb. Martın 22-nə olan məlumata görə, ölkədə COVID-19-a 34 təsdiqlənmiş yoluxma halı qeydə alınıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG