Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 14:37

Puluna minnət, lap bunker al, vay kasıbın halına – Qərb mediası


Ukraynada evsizlərə yemək paylayırlar, 1 aprel, 2020-ci il
Ukraynada evsizlərə yemək paylayırlar, 1 aprel, 2020-ci il

“Reuters” agentliyi Avropada qara iqtisadiyyatda çalışan milyonlarla adamın koronavirusdan daha çox ziyan gördüyünü yazır.

Siciliyanın paytaxtı Palermoda bənna Salvatore La Barbera deyir ki, bir neçə günə dörd nəfərlik ailəsinin ərzağı tükənəcək və onun başqa qazanc yeri yoxdur. İtaliyada koronavirusa görə karantin elan olunub.

“Qara bazarda işləmək müşkülə çevrilib, çünki polis küçədə niyə gəzdiyini soruşur. Hər şeyi bilmək istəyirlər və cərimələnə bilərsən”, – o deyir.

Siciliya İtaliyanın ən yoxsul regionlarından sayılır. Bir supermarketdə bəzi alıcılar ödəniş etməkdən imtina edincə hadisə yerinə polis çağırılıb.

2 milyard insan

Avropada kölgə iqtisadiyyatında çalışan milyonlarla belə insan var. Beynəlxalq Valyuta Fondunun noyabrda açıqladığı hesabatda deyilirdi ki, Avropanın bir çox ölkələrində kölgə iqtisadiyyatının payı 10 faizdən 40 faizə qədərdir.

2016-cı ildə İtaliyada kölgə iqtisadiyyatının çəkisi 27,3%, Yunanıstanınkı 30,2% olub.

İnkişaf etməkdə olan ölkələrdə bu rəqəmlər daha yüksəkdir. Beynəlxalq Əmək Təşkilatı 2 milyard insanın, yaxud dünyadakı işçi qüvvəsinin 60 faizindən çoxunun qeyri-rəsmi sektorlarda çalışdığını bildirir.

Agentlik yazır ki, hökumətlərin özəl şirkətlərə ayırdığı vəsaitin də kölgə iqtisadiyyatında çalışanlara fayda verəcəyi inandırıcı deyil. Yunanıstan günəmuzd çalışanlara böhran davam etdikcə aya 800 avro təklif edir. Amma onlar vergi ödəməlidirlər. Beləliklə də yüzminlərlə işçi maddi köməkdən kənar qalmış olur.

“Günəmuzd çalışanlar vergi orqanlarına gəlirləri ilə bağlı hesabat vermədiklərindən dəstək də almırlar”, – maliyyə nazirliyinin rəsmisi deyib. O, qara iqtisadiyyatda işləyənlər üçün yaxın günlərdə yardımla bağlı açıqlama veriləcəyini deyib.

İqlim stressi də, koronovirus da həssas qruplar üçündür

“Reuters” başqa bir təhlilində iqlim dəyişikliyi və koronovirusun həssas qruplara yaratdığı əngəllərdən söz açır. İtaliyanın şimalında yaşayan Giordano Alpi-nin dostları xəstələnir, özünün hərəkəti məhdudlaşdırılıb, üstəlik təbii fəlakət onun 30 hektarlıq fermer təsərrüfatına ziyan vurur.

Martın sonunda gecə temperatur qəfildən sıfırdan aşağı düşür, hava bir neçə gün şaxtalı keçir, onun ərik, şaftalı ağaclarına ciddi ziyan dəyir.

“İqlim anomaliyaları davam edir, bu iki fenomendən çox narahatıq”, – 56 yaşlı Alpi iqlim pozğunluğu və koronovirus haqda belə deyir.

İtaliya Kənd təsərrüfatı Assosiasiyasının məlumatına görə, şaxtalar Alpinin yaşadığı Emilia-Romagna regionuna 130 milyon avro (142 milyon dollar) ziyan vurub.

Agentlik yazır ki, İtaliyadan Hindistana, Vyetnamdan Keniyaya qədər dünyanın bir sıra ölkələri həm iqlim dəyişikliyinin doğurduğu hava şəraitinin, həm də ölümcül pandemiyanın həyatlarına və iş yerlərinə yaratdığı təhdidlə üzləşiblər.

“Bu, tamamilə yeni bir normadır. Üst-üstə gələn risklər dünyasındayıq”, – ABŞ Müdafiə Departamentinin keçmiş müşaviri Christine Parthemore deyib.

O, Yəməni misal çəkir, ölkə müharibə, xəstəliklər, su qıtlığı, iqtisadi çətinliklər altında əzilir. Nigeriyanın şimalında isə uzunmüddətli quraqlıq miqrasiyaya səbəb olub, digər tərəfdən Boko Haram yaraqlılarının hücumlarının ardı-arası kəsilmir.

Doğrudur, hazırda zəngin ölkələr də koronovirus pandemiyasını önləməyə çalışırlar. Amma BMT və yardım ekspertlər bir məsələdən narahatdırlar ki, bu bəla onsuz da yoxsulluq, münaqişə və fəlakətlərin baş alıb getdiyi yerləri daha çox vuracaq.

“Məncə, biz indi COVID-19-un Afrika və inkişaf etməkdə olan ölkələrə təsirini görmək üzrəyik”, – ABŞ-da mənzillənən Dünya Resursları İnstitutundan iqlim üzrə direktor Christina Chan deyib.

Amerikalılar virusdan uzaqlara qaçırlar

“Reuters” bir çox amerikalıların koronovirusun əlindən uzaq yerlərə qaçdığını yazır.

“Fortitude Ranch” adlı qurumun ABŞ-ın bir sıra ştatlarında filialları var, özünü “sağ çıxma icması” adlandırır, üzvlərinə ödəniş əsasında uzaq, təhlükəsiz yerlər təklif edir. Devizi də belədir: “Ən pisinə hazır ol, indikindən zövq al”.

Şirkət rəhbəri Drew Miller müraciətlərin sayının on dəfə artdığını deyir.

“Adamlar qorxurlar ki, bu virus daha da ölümcül hal alsa... yaxud qısa karantin müddətləri effekt verməsə, iqtisadiyyat çöksə, ərzaq təchizatı pozulsa, hüquq və asayiş də pozulacaq”, – Miller deyib.

Şirkətin vebsaytında deyilir ki, yeraltı bunkerlər nüvə partlayışından belə qoruyur, beton divarla əhatələnib, sığınacaqlar bütün ehtiyatlar və mebellə təmin olunub.

Artıq Birləşmiş Ştatlar koronovirus yoluxmalarına görə dünyada öndə gedir, 2 aprel səhərinə 215 min nəfər yoluxub.

İndiyədək şəhərlərdə daha çox yoluxma qeydə alınsa da, yoluxucu xəstəliklər üzrə mütəxəssislər kənd yerlərinin daha həssas durumda olduğunu deyirlər, çünki təməl tibbi xidmətə çıxışda çətinliklər var.

Amma daşınmaz əmlak bazarı artıq epidemiyanın təsirini görməkdədir. Martın 7-də İnternetdə kənd yerlərində əmlakla bağlı axtarışlar bir il öncəylə müqayisədə 364 faiz artıb.

“Bu koronovirus adamlara başa saldı ki, onlar çoxdan bir sığınacaq əldə etməliydilər”, – Şimali Karolina ştatında daşınmaz əmlak şirkətinin prezidenti John E. Haynes deyib. Bu şirkət məhz kənd torpaqlarının satışı ilə məşğul olur.

O deyir ki, martın ortasınadək 2019-cu ildə satdığı əmlakın yarısı qədər satış əldə edib. Ötən il də onun üçün rekord satış ili olmuşdu. Satışın çoxu son 45 gün ərzində gerçəkləşib, o söyləyir.

XS
SM
MD
LG