Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

‘Azərbaycanlıların AB-dən eşitmək istədiyi ismarıc budur’


Parlament seçkisinin nəticəsinə etiraz aksiyası
Parlament seçkisinin nəticəsinə etiraz aksiyası

Bu həftə Avropa Birliyi və Azərbaycan rəsmiləri Brüsseldə insan haqları üzrə illik ikitərəfli məsləhətləşmələr aparmalıdır. “Human Rights Watch” insan haqları təşkilatının Avropa və Orta Asiya bölümünün təbliğat üzrə direktoru Philippe Dam yazır ki, bu, tərəflərin fevralda keçirilmiş parlament seçkisindən sonra ilk görüşüdür. Seçkidə pozuntularla bağlı xəbərlər geniş yayılıb, aparıcı müxalifət fiquru İlqar Məmmədov, insan haqları fəalı Rəsul Cəfərov seçkiyə buraxılmayıb.

Üstəlik, seçkidən bir neçə gün sonra hakimiyyət seçkinin nəticələrinə etiraz edən fəalları və müxalifət namizədlərini saxlayıb, onları Bakıdan bir neçə yüz kilometr uzağa apararaq çöllü-biyabanda buraxıb.

“Ötən ilin mayında 50-dək haqsız həbs olunmuş fəalın buraxılması bəzilərini Azərbaycan hökumətinin islahata hazır olması fikrinə inandırdı. Ancaq heç də belə deyilmiş: onlarla jurnalist və siyasi müxalifət üzvü hələ də siyasi motivli ittihamlarla həbsdədir”, – qurum təmsilçisi vurğulayır.

Müəllif araşdırmaçı jurnalist Xədicə İsmayılovanın 2014-cü ilin dekabrından 2016-cı ilin mayınadək məhz jurnalist fəaliyyətinə görə həbsdə yatdığını, hələ də xaricə səyahət etməsinə icazə verilmədiyini vurğulayır.

Təzyiqin təsiri olur?

“AB və Azərbaycan əlaqələrin sıxlaşdırılmasını müzakirə etdiyi məqamda AB Azərbaycana vətəndaş cəmiyyəti qruplarının ölkədə azad işləyə bilməsi üçün təzyiq göstərməlidir. Azərbaycanın qanunları regionda ən məhdudlaşdırıcılar sırasındadır, müstəqil qrupların xaricdən, hətta AB mənbələrindən belə maliyyə əldə etməsini mümkünsüz edir.

Azərbaycan tənqidçi medianı susdurur, tanınmış müstəqil vebsaytları bağlayır, müstəqil vəkillərin işinə onlara intizam sanksiyaları qoymaqla, yaxud kollegiyadan çıxarmaqla müdaxilə edir”,Philippe Dam yazır.

Onun fikrincə, ötən il bir sıra siyasi məhbusların buraxılması təzyiqin nəticə verdiyini göstərdi.

“Ancaq Brüssel və Bakı arasında daha sıx tərəfdaşlıq Azərbaycan xalqına o zaman fayda verər ki, ölkə rəhbərliyi həqiqətən də insan haqlarına sayqı göstərməyə başlasın. Haqsız və qanunsuz saxlanmış tənqidçiləri buraxmaqla, səyahət qadağalarını qaldırmaqla, müstəqil qrupların azad işləməsinə imkan verməklə buna başlaya bilər. Bir çox azərbaycanlıların AB-dən eşitmək istədiyi ismarıc budur”, – qurum təmsilçisi yazır.

Hakimiyyət təmsilçiləri isə ölkədə hüquq və azadlıqların tapdanması ilə bağlı beynəlxalq iradları qəbul etmirlər. Fərdlərin hansısa fəaliyyətinə görə deyil, konkret cinayətlərə görə saxlandığını bildirirlər.

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir. Azərbaycanla tərəfdaşlıq sazişinin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG