Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:13

ABŞ senatorları İlham Əliyevə şikayət məktubu yazıblar


ABŞ Konqresinin binası
ABŞ Konqresinin binası

ABŞ senatorları, respubliakçı Marco Rubio və demokrat Ben Cardin Azərbaycanda jurnalistlərin siyasi motivlərlə təqibi ilə bağlı prezident İlham Əliyevə məktub yazıblar.

Məktubda xüsusi olaraq 2014-cü ildə saxta ittihamlarla həbs edilmiş və 2016-cı ildə şərti olaraq azadlığa buraxılmış jurnalist Xədicə İsmayılova ilə bağlı məsələyə toxunulur.

Məktubda xatırladılır ki, Birləşmiş Ştatlar və Azərbaycan, regional təhlükəsizlik, habelə Avropanın Rusiyanın enerji asılılığından azad edilməsi məsələsində ortaq maraqları bölüşürlər.

Senatorlar bildirirlər ki, ABŞ həmçinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və yüksəlişi məqsədilə bu ölkəyə investisiyalar qoyulmasına çalışır.

Senator Marco Rubio
Senator Marco Rubio

ABŞ millət vəkilləri yazırlar ki, bununla belə, Azərbaycanda ədliyyənin müstəqilliyindən və təməl haqlara hörmət edilməsinin vəziyyətindən davamlı narahatlıq bu ölkənin təsisatlarına və ölkəyə qoyulan investisiyaların təhlükəsizliyinə inamı sarsıdır:

“Biz Azərbaycanda mətbuat azadlığının və xüsusilə də təhqiqat jurnalisti Xədicə İsmayılovanın hüquqlarının ciddi və davamlı pozulmasından dərin narahatlıq keçiririk”.

Məktubda daha sonra qeyd olunur:

“Bildiyiniz kimi, sizin hökumət 2014-cü ildə AzadlıqRadiosunun Bakı ofisini bağlanmağa məcbur edib və Xədicəyə qarşı onun həmin media qurumundakı peşə fəaliyyəti ilə bağlı cinayət təqibinə başlanıb. Jurnalistin şübhə doğuran vergidən yayınma ittihamı ilə məhkum edilməsindən sonra Azərbaycan məhkəməsi Xədicəni 2016-cı ildə şərti olaraq azadlığa buraxıb. Azad ediləndən bəri Xədicə sınaq müddətində qalır və onun beynəlxalq miqyasda səfərləri qadağan edilib. Xədicənin sərbəst hərəkət edə bilməməsi onu iş tapmaq və anası vəfat edənədək ona baş çəkmək imkanından məhrum edib. Bir ildən də çox davam edən qısnama və təhdid kampaniyasının gedişində onun şəxsi həyatına ciddi müdaxilə edilib və mənzilində gizli kameranın yerləşdirilməsi də daxil bu müdaxilə lazımınca araşdırılmayıb”.

Senator Ben Cardin
Senator Ben Cardin

Məktubda deyilir ki, Xədicənin həbsindən və AzadlıqRadiosu Bakı bürosunun bağlanmasından beş il keçsə də, ölkədə jurnalistlərin susdurulması davam etdirilir.

Senatorlar qeyd edirlər ki, Azərbaycanda demək olar bütün müstəqil media saytları bloklanıb:

“Hətta Azərbaycan haqqında xaricdən yazan Azərbaycan jurnalistləri də öz fəaliyyətlərinə görə qısnanmaya məruz qoyulurlar. Biz sizi bu təqiblərə son qoymağa və Azərbaycanda müstəqil medianın yenidən fəaliyyət göstərməsinə imkan verməyə çağırırıq”.

Senatorlar ümid etdiklərini bildirirlər ki, hökumət, Azərbaycanın Avropa Şurasının və ATƏT-in üzvü kimi beynəlxalq öhdəliklərinə əməl edərək ölkədə medianın fəaliyyətinə açıq məkan verəcək:

“Biz sizi habelə xanım İsmayılovanın üzərindəki bütün məhdudiyyətlərin dərhal qaldırılmasına çağırırıq”.

Senatorlar qeyd edirlər ki, onlar ATƏT komissiyasının üzvü kimi Azərbaycanda mətbuat azadlığı, habelə Xədicə İsmayılovaya xarici səfərlər imkanı yaradılması sahəsində vəziyyəti izləməkdə davam edəcəklər.

Senator Rubio Senatın Xarici Əlaqələr Komitəsinin insan haqları üzrə alt komitəsinin sədri, senator Cardin isə bu qrupun üzvüdür.

Onlar habelə ATƏT-in həm də Helsinki Komissiyası kimi tanınan ABŞ üzrə komissiyasının üzvləridirlər.

Hər iki senator Xədicə İsmayılova ilə bağlı məsələ ilə 2015-ci ildən məşğuldur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG