Dünya xəbərləri
Rahmon kütləvi amnistiya təklif edir

Tacikistan Prezidenti Emomali Rahmon parlamentə 20 minədək adamı əhatələyəcək kütləvi amnistiya qanunu təklif edib. Ölkə konstitusiyasının 25-ci ildönümü münasibətilə veriləcək amnistiyaya əcnəbilərin də düşəcəyi bildirilir.
Prezidentin təklif etdiyi layihə oktyabrın 16-da onun vebsaytında yerləşdirilib. Layihədə 3 min məhbusun təcridxanalardan buraxılması, həbsə məhkum edilməmiş 5 mindən çox fərdin də əfvi nəzərdə tutulub.
Bundan başqa, 2 mindən artıq şübhəliyə qarşı istintaq dayandırılacaq, 10 minədək məhbusun həbs cəzası qısaldılacaq.
Ağır cinayətlərdə təqsirli bilinmiş, 12 ildən artıq həbs cəzası çəkmiş qadınlar, yaşı 70-dən yuxarı kişi məhbusların çoxu, bütün əcnəbi məhbuslar da buraxılacaq.
Tacikistan müstəqillik əldə edəndən ölkədə 15 kütləvi amnistiya verilib. Ancaq amnistiya heç vaxt siyasi motivlərlə məhkum olunmuşlara aid edilmir.
Bütün xəbərləri izləyin
Ukraynanın Krıma hücumunda iki rusiyalı general yaralanıb

Ukrayna ordusunun Rusiyanın Krımdakı Qara dəniz donanmasının qərargahına hücum nəticəsində azı 9 nəfər ölüb, 16 nəfər yaralanıb. Yaralananlar arasında iki generalın da olduğu bildirilir.
Bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov açıqlama verib.
Budanovun “Amerikanın Səsi”nin Ukrayna xidmətinə verdiyi müsahibədə rusiyalı generallardan Aleksandr Romançukun durumunun çox ağır olduğunu, general-leytenant Oleq Sekovun isə huşsuz vəziyyətdə olduğunu deyib.
Ukrayna ordusu sentyabrın 22-də Sevastopol şəhərində Rusiyanın Qara dəniz donanmasının qərargahına raket zərbələri endirilib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə qərargahın binası qismən dağıldığını və dumanlar yüksəldiyini görülür.
Rusiya Müdafiə Nazirliyi hücum nəticəsində bir hərbi qulluqçunun itkin düşdüyünü açıqlayıb.
Polşa da Rusiya nömrəli maşınlara qadağa qoyur

Polşa sentyabrın 17-dən etibarən Rusiya nömrəli avtomobillərin ölkəsinə girişini qadağan edir. Bu qərarı ölkənin daxili işlər naziri Mairuş Kaminski keçirdiyi mətbuat konfransında açqlayıb.
“Heç bir Rusiya nömrəli avtomobil Polşaya daxil ola bilməyəcək. Bu qərar həm ticari həm şəxsi avtombillərə şamil olunacaq” - Kaminski deyib.
Kaminskinin sözlərinə görə, bu qadağa Rusiya vətəndaşları ilə yanaşı xarici ölkə vətəndaşlarına da tədbiq ediləcək.
“Bu Ukraynadakı amansız müharibə ilə bağlı Rusiyaya və vətəndaşlarına tədbiq edilən novbəti sanksiyasdır. Bu qərarın səbəbi Rusiya hökümətinin beynəlxalq təhlükəsizliyə təhdid təşkil etməsidir” - polşalı nazir qərarını açıqlarkən jurnalistlərə deyib.
Qeyd edək ki, bundan əvvəl Estoniya və Latviya da Rusiya dövlət nömrə nişanlı avtomobillərin sərhəddən ölkəyə girişini qadağan edib. Bu addım Avropa Komissiyasının Avropa İttifaqı ərazisinə özəl avtomobillərin girişinin qanunsuz idxal sayılması haqda tövsiyəsindən sonra atılıb.
İranda 'Məhsa Əmini etirazları' keçirilir

İran polisi ötən il ölümünün ardından ölkə boyunca görülməmiş etirazlara səbəb olan Məhsa Əminin atası Əmyad Əminini saxlayıb.
Azadlıq Radiosunun İran xidməti yazır ki, Məhsa Əminin atası Əmyad Əmini bugün, sentyabrın 16-da səhər saatlarında evinin qarşısında təhlükəsizlik xidməti tərəfindən saxlanılıb.
Onların sözlərinə görə, Əmini ailəsinə evdən kənara çıxmağa icazə verilmir.
Əmini ailəsinin üzvləri deyir ki, onların yaşadığı küçə insanların yığılmasını əngəlləmək üçün hüquq mühafizə orqanları tərəfindən mühasirəyə alınıb.
İranda kürd əsilli Məhsa Əminin ölümünün birinci ildönümündə ölkənin bir çox yerində ali dini lideri əleyhinə və qadın haqlarına dəstək aksiyaları keçirilir.
Sentyabrın 15-də axşam saatlarında paytaxt Tehranın, şimal-şərqdəki Məşhəd və cənubdakı Şiraz kimi böyük şəhərlərdə nümayişçilər “Diktatora ölüm!”, "Qadın, həyat, azadlıq!" kimi şüarlarla yürüşlər keçirib.
Azadlıq Radiosu xatırladır ki, Əmini hicab qanununu pozduğu iddiası ilə həbs edilmiş, 2022-ci il sentyabrın 16-da polis nəzarətində ikən həyatını itirmişdi. Onun ölümü İranda görünməmiş hökumət əleyhinə etiraz dalğasına səbəb olmuşdu. Bu etirazlarda beş yüzdən artıq insan həyatını itirib.
ABŞ, Cənubi Koreya və Yaponiya Kim Çen İnlə Putinin görüşünü müzakirə edib

Sentyabrın 14-də ABŞ, Cənibi Koreya və Yaponiyanın yüksək səviyyəli milli təhlükəsizlik rəhbərləri telefonla danışıblar.
Reuters agentliyi “Ağ ev”ə istindala xəbər verir ki, onlar Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inın (Kim Jong Un) son görüşünü müzakirə ediblər.
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan həmkarları yaponiyalı Takeo Akiba və Cənubi Koreyadan Ço Tae Yonqla danışıb. Ağ evdən verilən məlumata görə, onlar “Koreya yarımadasının tam nüvəsizləşdirilməsi istiqamətində” əməkdaşlığı təkrarlayıblar.
Şimali Koreya Liderindən Rusiyaya dəstək
Sentyabrın 13-də Rusiya prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen İn görüşüb. Kim Putinə Rusiyanın Şimali Koreyanın tam və qeyd-şərtsiz dəstəyinin olduğunu bildirib.
Rusiya dövlət mediasının məlumatına görə, Rusiya və Şimali Koreya liderləri Vostoçnı kosmodromunu gəzəndən sonra danışıqlar masası arxasına keçiblər.
Rusiya Şimali Koreyaya peyk qurulmasında kömək edəcəkmi sualına Putin belə cavab verib: “Buraya ona görə gəlmişik. Şimali Koreya lideri raket texnologiyasına böyük maraq göstərir. Onlar da kosmosu kəşf etməyə çalışırlar”.
Putin hərbi əməkdaşlıqla bağlı suala “bütün məsələlər barədə tələsmədən danışacağıq. Vaxtımız var” cavabını verib.
Cənubi Koreya rəsmiləri bildiriblər ki, Putin-Kim görüşü Şimali Koreyanın dənizə doğru iki ballistik raket atmasından bir neçə saat sonra baş tutub.
Vaşinqton narahatdır ki, Putin Rusiyanın azalan ehtiyatlarını yenidən təchiz etmək üçün silah tədarükü üçün Kimlə görüşdən istifadə edə bilər.
İran ABŞ-la 'məhbus mübadiləsi sazişi'nə razıdır

İran Qətərin vasitəçiliyi ilə ABŞ-la məhbus mübadiləsi sazişini həyata keçirməyə hazırdır.
Bu haqda reuters agentliyi sentyabrın 14-də məlumat yayıb. Məlumatda deyilir ki, İranın xarici işlər naziri yerli saytlara müsahibəsində bu haqda danışıb və rəsmi olaraq, İranın bu sazişi həyata keçirməyə hazır olduğunu bildirib.
Razılaşmaya əsasən Vaşinqton və Tehranın hər biri beş məhbusu azad etməli, İranın Cənubi Koreyada saxladığı 6 milyard dollarlıq aktivinin sərbəst buraxılmalıdır.
KİMLƏR AZADLIĞA BURAXILACAĞI GÖZLƏNİLİR?
Reuters İranda azadlığa buraxılacaq 5 ABŞ vətəndaşından 3-nün adını qeyd edib. Bunlar, ABŞ vətəndaşları 51 yaşlı Siamak Namazi, 59 yaşlı Emad Şərqi və Britaniya vətəndaşı 67 yaşlı ekoloq Morad Tahbazdır.
Reuters İranın Dövlət Agentliyi İRNA-ya istinadla yazır ki, ABŞ tərəfindən azad ediləcək 5 iranlı isə Mehrdad Moin-Ansari, Kambiz Attar-Kashani, Reza Sarhangpour-Kafrani, Amin Həsənzadə və Kaveh Afrasiabidir.
ABŞ HƏM DƏ İRANIN 6 MİLYARD DOLLARININ SƏRBƏST BURAXILMASINA RAZILIQ VERİB, AMMA.
Reuters yazır ki, Qətərin vasitəçiliyi ilə ABŞ-ın İranla məhbus mübadiləsi sazişi haqda ilk dəfə avqustun 10-da ictimaiyyətə məlumat açıqlanıb.
Razılaşmaya əsasən ABŞ İranın Cənubi Koreyadan Qətər hesablarına 6 milyard dollar vəsait köçürməsinə razılıq verib və bu vəsaitlər yalnız humanitar mallara xərclənə bilər. Birləşmiş Ştatlar bu vəsaitin necə və nə vaxt xərclənəcəyinə “nəzarət”ə malik olacağını bildirib.
Türkiyədə kömür mədənində çöküş: 1 ölü, 6 yaralı

Sentyabrın 13-də Türkiyənin Şimalındakı kömür mədəni qismən çöküb. Reuters yazır ki, nəticədə bir mədən işçisi ölüb, 6 nəfər yaralanıb.
Bu haqda Türkiyənin Səhiyyə naziri Fehrettin Koca "X" (keçmiş twitter) hesabında yazıb.
Hadisə Türkiyənin Dövlət Daşkömür Mədənçilik İnstitutunun Zonguldağdakı Armutcuk kömür mədənində baş verib.
Mədənin 450 metr dərinliyində baş verən hadisənin səbəbləri hələki bilinmir.
Estoniya və Latviya Rusiya nömrəli avtomobillərin girişini qadağan edir

Estoniya və Latviya Rusiya dövlət nömrə nişanlı avtomobillərin sərhəddən ölkəyə girişini qadağan edib. Bu addım Avropa Komissiyasının Avropa İttifaqı ərazisinə özəl avtomobillərin girişinin qanunsuz idxal sayılması haqda tövsiyəsindən sonra atılıb.
Daha öncə Litva hakimiyyəti belə bir məhdudiyyət qoyub: Rusiya nömrə nişanlı avtomobillər yalnız Kalininqrada tranzit və geri dönüş üçün bu ölkəyə daxil ola bilərlər.
Estoniyanın Daxili İşlər naziri Lauri Lyaenemets deyib ki, girişin yasaqlanmasında məqsəd Moskva üçün təcavüzün bədəlini qaldırmaq, təcavüzkar ölkəni Ukraynadan öz sərhədlərinə çəkilməyə məcbur etməkdir, – "Postimees" qəzeti nazirə istinadla yazır.
Litva gömrüyünün başçısı Daryus Jvironas LRT radiostansiyasının efirində deyib ki, gələcəkdə Avropa Komissiyasının tövsiyəsi artıq AB ərazisində olan avtomobillərə də aid ola bilər: "Hesab edirəm ki, Rusiyada qeydiyyatdan keçmiş avtomobili olan hər bir Rusiya vətəndaşı diqqətli olmalı və bu nəqliyyat vasitəsilə üçüncü ölkələrə getməlidir".
Ərdoğan və Paşinyan telefonla danışıb

Sentyabrın 11-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan telefonla danışıb.
Bu haqda Türkiyənin Rabitə Nazirliyi məlumat yayıb. Məlumata görə iki ölkə lideri telefon danışığında Türkiyə-Ermənistan münasibətləri, regional məsələləri müzakirə ediblər.
Hər iki ölkə lideri bölgədə daimi sülh və sabitliyin bərqərar olmasının bütün region ölkələrinin inkişafı və rifahına töhfə verəcəyini vurğulayıblar.
Bu istiqamətdə diplomatik səyləri davam etdirəcəklərini ifadə ediblər.
Mərakeşdə zəlzələdə ölənlərin sayı 2 mini keçib

Mərakeşdə zəlzələ zonasında xilasetmə işləri davam edir. Təbii fəlakətin azı 2 min nəfərin həyatına son qoyduğu, episentr yaxınlığındakı kəndləri dağıntılara çevirdiyi bildirilir.
Rəsmilərin bazar günü axşam verdiyi açıqlamaya görə, ölü sayı 2 min 122 nəfəri keçib, 2 min 421 nəfər xəsarət alıb. Çoxunun vəziyyəti ağırdır. Ölü sayının artacağı gözlənir.
+++
Mərakeşdə son illərin ən güclü zəlzələsi olub. Sentyabrın 9-da, gecə saatlarında baş verən zəlzələ nəticəsində 800-dən çox insan ölüb, yüzlərlə yaralı var.
Reuters agentliyi yazır ki, Şimali Afrika ölkəsində son 60 ilin ən güclü zəlzələsi baş verib.
Gecə saatlarına baş verən zəlzələ 7.2 maqnitudalı olduğu bildirilir.
Agentlik xəbər verir ki, zəlzələ nəticəsində Mərakeş şəhərinin tarixi mərkəzində çox sayda dağıntılar baş verib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, zəlzələ nəticəsində ölkənin azı 6 əyalətində dağıntılar qeydə alınıb.
Kiyevə dron hücumu

Ukraynanın paytaxtı Kiyev gecə boyunca Rusiyanın dron hücumlarının hədəfi olub.
Ukrayna ordusunun açıqlamasına görə, hava müdafiə sistemi şəhərə atılan 32 drondan 25-i zərərsizləşdirib.
Reuters agentliyi xəbər verir ki, Kiyev və ətraf əyalətlərində azı beş partlayış səsi eşidilib.
Kiyevin hərbi administrasiyasının rəhbəri Serhiy Popko bildirib ki, dronlar şəhərə qruplar şəklində və müxtəlif istiqamətlərdən atılıb.
Şəhərin qubernatoru Vitali Kliçko isə hücum nəticəsində azı bir nəfərin yaralandığını, Podil bölgəsində yerləşən parkda yanğın baş verdiyini açıqlayıb.
Rusiya rəsmiləri hələlik bu barədə açıqlama verməyiblər.
Artıq bir müddətdir ki, Rusiya ordusu Ukrayna ərazisinə gecə saatlarında hücum edir. Ukrayna rəsmilərinin açıqlamasına görə, sentyabrın 6-da Kostiantynivka şəhərinə edilən hücum 17 nəfərin ölümünə səbəb olub.
Serbiyada son illərin ən böyük LGBT haqları yürüşü

Dünən, sentyabrın 9-da Serbiyanın paytaxtı Belqradda LGBT haqlarına dəstək yürüşü keçirilib.
Təşkilatçılar paytaxtın mərkəzində keçirilən qürur yürüşünü son illərin ən kütləvi aksiyası olduğunu bildirir.
Qeyd edək ki, Serbiyada ötən il keçirilən yürüş ifrat sağçıların hücumuna məruz qalaraq 21 nəfərin saxlanılması ilə nəticələnmişdi.
Bu il keçirilən aksiyada hər hansı toqquşma halı qeydə alınmayıb.
Belqradda keçirilən yürüş "Manjež" parkından başlayaraq Serbiya parlamentinin qarşısına qədər davam edib.
Qürur yürüşü ölkənin bir çox müxalif siyasi partiyası tərəfindən də dəstəklənir.
LGBT haqları yürüşünün iştirakçıları Serbiya hökümətinin binası qarşısına toplaşaraq hökümətdən öz tələblərini sıralayıblar.
Serbiyada keçirilən qürur yürüşünün əsas tələblərindən biri həmcins partnyorların evlənməsinə icazə verən qanunun qəbul edilməsidir.
Ermənistanda ABŞ ilə birgə hərbi təlimlər keçiriləcək

Ermənistan ərazisində ABŞ ilə birgə təlim keçiriləcəyi haqda informasiya narahatlıq doğurur. Moskva vəziyyəti dərindən təhlil edəcək, onu izləyəcək. Bu haqda jurnalistlərə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Belə xəbərlər, şübhəsiz ki, özəlliklə indiki vəziyyətdə narahatlıq yaradır. Buna görə də bu xəbərləri diqqətlə təhlil edəcək, vəziyyəti izləyəcəyik”, – o deyib.
+++
Ermənistanla ABŞ arasında “EAGLE PARTNER 2023 ” birgə hərbi təlimlər sentyabrın 11-dən 20-dək Ermənistan arasında keçiriləcək. Bu haqda Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, təlimlər Ermənistanda beynəlxalq sülhyaratma missiyalarına hazırlıq çərçivəsində “Zar” mərkəzinin bazasında olacaq.
Qurum bildirir ki, ABŞ və Ermənistan hərbçiləri sülhyaratma tapşırıqları vaxtı münaqişə tərəfləri arasında münasibətlərin sabitləşdirilməsi üçün əməliyyatlar hazırlayırlar.
“Məqsədlərin təlimi – bölmələrin əməliyyat uyğunluğu səviyyəsini artırmaq..., idarəetmə və taktiki əlaqələr sahələrində qabaqcıl təcrübə mübadiləsi aparmaqdır”, – məlumatda deyilir.
Nazirlik onu da qeyd edir ki, təlimlərdə erməni hərbi bölmələrinin “NATO-nun operativ potensialının konsepsiyası çərçivəsində” əməliyyatlara hazırlığını qarşıya məqsəd qoyub.
Sentyabrın 5-də Moldova Milli ordunun hərbi təlimlərini keçirəcəyini, rezervistlərə yaşayış yeri üzrə çağırış göndəriləcəyini bildirib.
Yunanınstan meşə yanğınları ilə mübarizə aparır

Yunanıstanın üç fərqli nöqtəsində davam edən yanğınlara 600-dən çox yanğınsöndürən, təyyarə və helikopetlərlə müdaxilə edilir.
Ölkənin şimal-şərqindəki Evros və Aleksandrupolis bölgələrində 20 nəfərin ölümünə səbəb olan yanğın artıq doqquz gündür ki, davam edir.
Aleksandrupolis şəhəri yaxınlığında baş verən və Avropanın son illərdəki ən böyük yanğınlarından biri geniş meşə ərazilərinin yanmasına və çox sayda evin dağılmasına səbəb olub.
Aİ Kopernik Fövqəladə İdarəetmə Mərkəzinin məlumatına görə, Yunanıstandakı meşə yanğını 77,000 hektar ərazini əhatə edir və 120 aktiv qaynar nöqtəyə malikdir.
Yunanıstanda davam edən digər yanğın isə paytaxtının şimal-qərbində, Afina yaxınlığındakı "Parnitya dağı" milli parkında davam edir.
Yanğınsöndürmə idarəsi bildirib ki, 260 yanğınsöndürən, bir təyyarə və üç helikopter paytaxtın yaxınlığında davam edən yanğına müdaxilə edir.
Üçüncü yanğın isə dünən, avqustun 25-də Andros adasında başlayıb. Andros adasında başlayan yanğının hələ ki, nəzarət altına alına bilməyib.
Yunanıstan davam etməkdə olan yanğınlara müdaxilə etmək üçün digər Avropa ölkələrindən kömək istəyib.
Artıq Almaniya, İsveç, Xorvatiya, Kipr, Fransa Rumıniya, Çexiya, Albaniya, Slovakiya, Bolqarıstan və Serbiya dəstək məqsədiylə yanğınsöndürən təyyarə və çox sayda yanğınsöndürəni hadisə yerinə göndərdiyini açıqlayıb.
İsti və quraq keçən Cənubi Avropa ölkələri tez-tez yanğınlara səbəb olur.
Avropa Birliyi rəsmiləri qitədə artan yanğınların əsas səbəbi olaraq iqlim dəyişikliyini göstərir.
Ukraynada iki hərbi təyyarə toqquşub, üç pilot ölüb

Dünən, avqustun 25-də Ukraynanın Jitomir vilayətində keçirilən təlimdə iki hərbi təyyarə toqquşub. Hadisə nəticəsində üç pilotun öldüyü açıqlanıb.
Bu barədə Ukrayna rəsmi orqanları məlumat yayıb.
AzadlıqRadiosunun Ukrayna xidməti xəbər verir ki, iki L-39 adlı döyüş təlim təyyarəsinin qəzası paytaxt Kiyevin qərbində baş verib. Təyyarələrin qalıqları hadisə yerindən 300 metr uzaqlıqda bir evin həyətinə düşüb.
Ukrayna İstintaq Bürosu hadisə ilə bağlı istintaq başladığını açıqlayıb. Mütəxəssislər eyni zamanda təyyarələrin hərəkəti və pilot reaksiyaları haqqında məlumatları qeyd edən qara qutunun da araşdırılacağını bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski (Volodymyr Zelensky) hadisə ilə bağlı gecə saatlarında videomüraciət yayımlayıb. Zelenski 26 avqustun Ukraynanın Aviasiya Günü olduğunu qeyd edərək, "Təfərrüatları müzakirə etmək hələ tezdir. Əlbəttə, bütün hallar aydınlaşacaq" deyib.
Ölkə prezidenti hadisə nəticəsində ölən pilotların ailələrinə başsağlığı verib.
Rusiyanın kosmik stansiyası qəzaya uğrayıb

Rusiyanın son 47 ildə ilk dəfə Aya göndərdiyi kosmik stansiya qəzaya uğrayıb. "Luna-25" nəzarətdən çıxıb və Ayın səthinə çırpılıb.
Bu haqda Rusiyanın aerokosmik agentliyi "Roskosmos" məlumat verib.
"Luna 25" avqustun 21-də Ayın cənub qütbünə yüngül eniş etməli idi.
"Reuters" bildirir ki, bu nüfuzlu missiyanın iflasa uğraması Rusiya kosmik gücünün necə zəiflədiyini göstərir.
Sovet İttifaqı kosmik proqramının uğurları arasında 1957-ci il oktyabrın 4-də Yerin ilk süni peykinin buraxılması, 12 aprel 1961-ci ildə ilk insanın kosmosa uçuşu və 19 martın 1965-ci ildə ilk insanın açıq kosmosa çıxışı vardır.
"Reuters" yazır ki, Rusiyanın əsas rəqibi Hindistandır. Hindistan "Chandrayaan-3" kosmik stansiyasının bu həftə Ayın cənubuna eniş etməsi gözlənilir.
Ümumilikdə isə, Rusiya kosmosda böyük ambisiyaları olan Çin və ABŞ-a rəqibdir.
Gecə Rusiyaya azı 5 dron hücumu olub

Vağzalın damına edilən hücumda yanğın baş verib, beş nəfər yüngül xəsarət alıb.
Avqustun 19-dan 20-ə keçən gecə Moksvanın cənubunda, təqribən 500 km-də yerləşən Kursk şəhərində dəmiryolu vağzalına dron hücumu olub.
Bu haqda AzadlıqRadiosunun Current Time layihəsi xəbər verir.
Vağzalın damına edilən hücumda yanğın baş verib, beş nəfər yüngül xəsarət alıb.
Rusiya Müdafiə Nazirliyi Moskva istiqamətində başqa bir pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini bildirib.
Rostov vilayəti də gecə üç kamikadze dronun zərərsizləşdirildiyi haqda məlumat yayıb.
Rusiya isə Ukrayna şəhərlərini bombalamaqda davam edir.
Rusiyanın Ukraynaya hərbi təcavüzü 2022-ci ilin fevralından davam edir.
Rus ordusu Çerniqovun mərkəzini bombalayıb, azı 5 nəfərin öldüyü deyilir

Avqustun 19-da səhər saatlarında rus qoşunları Ukraynanın Çerniqov vilayətinin mərkəzinə raket zərbəsi endirib, nəticədə azı 5 nəfər həlak olub, 11-i uşaq olmaqla, daha 37 nəfər yaralanıb. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko yazır.
Hücum barədə daha əvvəl Çerniqov vilayəti administrasiyasının rəhbəri Vyaçeslav Çaus da məlumat verib. Onun sözlərinə görə, ehtimal ki, şəhərə ballistik raket atılıb.
Hücum anının videoları sosial şəbəkələrdə yayılıb, kadrlara görə raket yerli dram teatrının binasına düşüb. Ukrayna mətbuatının məlumatına görə, raket zərbəsi endirilən vaxt Çerniqovun mərkəzində dron istehsalçılarının sərgisi keçirilirdi. Tədbir bir neçə gün əvvəl elan edilib.
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Çerniqova hücumunu belə şərh edib: "Rus raketi şəhərin düz mərkəzinə, bizim Çerniqova düşüb. Meydan, Politexnik Universiteti, teatr. Rusiyanın ağrı və itkiyə çevirdiyi adi bir şənbə günü”.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Çerniqov, Poltava və Sumı vilayətlərinə raket təhlükəsi barədə məlumat verib. Daha sonra Çerniqov vilayətində dron hücumu təhlükəsi ilə bağlı mesaj yayılıb.
Rusiya Ukraynaya gedən quru yük gəmisinə xəbərdarlıq atəşi açıb

Reuters yazır ki, ticarət gəmisinin atəşə tutulması bu yolla yük daşıyan gəmi sahibləri, sığortaçılar və treyderlər arasında narahatlığı artıracaq
Rusiya Ukrayna sahillərinə yön alan quru yük gəmisinə xəbərdarlıq atəşi açıb. Rusiya Müdafiə Nazirliyi Ukraynaya gedən bütün gəmilərin hərbi yük daşıması ehtimalını nəzərə alaraq yoxlayacağını açıqlamışdı.
Rusiya Palau bayraqlı "Şükrü Okan" gəmisinə xəbərdarlıq atəşi açıb
Avqustun 13-də Rusiya hərbi gəmisinin Qara dənizin cənub-qərbində, şimala doğru hərəkət edərkən yük gəmisinə xəbərdarlıq atəşi açması ilə bağlı xəbər yayılıb. Reatuers agentliyi yazır ki, ötən ay BMT-nin vasitəçiliyi ilə imzalanmış taxıl sazişindən çıxdıqdan sonra Rusiya ilk dəfə olaraq Ukraynaya aid olmayan ticarət gəmisinə atəş açıb. Rusiya Müdafiə Nazirliyi Ukraynaya gedən bütün gəmilərin hərbi yük daşıması ehtimalını nəzərə alaraq yoxlayacağını açıqlamışdı.
Rusiya iyul ayında Ukraynaya Qara dəniz vasitəsilə kənd təsərrüfatı məhsullarını ixrac etməyə imkan verən "Qara dəniz taxıl sazişi"ndə iştirakını dayandırıb. Rəsmi Moskva xəbərdarlıq edib ki, Ukrayna sahillərinə yön alan bütün gəmilərin potensial silah daşıdığını hesab edir və buna görə də gəmiləri yoxlayaraq, buraxacaq.
Avqustun 13-dəki Rusiya Müdafiə Nazirliyin açıqlamasında bildirilir ki, gəmi kapitanının yoxlamalarla bağlı tələbinə cavab verməməsindən sonra "Vasili Bıkov" patrul gəmisi Palau bayraqlı "Şükrü Okan" gəmisinə avtomatik silahla xəbərdarlıq atəşi açıb. Bundan sonra Rusiya hərbçiləri gəmiyə Ka-29 helikopterinin köməyi ilə enib və yoxlama aparıblar. Yoxlamadan sonra gəmi İzmail limanına doğru yoluna davam edib.
Reuters yazır ki, hazırda "Şükrü Okan" gəmisi Bolqarıstan sahillərinin yaxınlığından Rumıniyanın Sulina limanına doğru irəliləyir.
Türkiyə Müdafiə Nazirliyinin rəsmisi Rumıniyaya gedən gəmi ilə bağlı insidentin baş verdiyini eşitdiyini və Ankaranın bununla bağlı araşdırma apardığını bildirib.
Reuters dərhal şərh almaq üçün gəmi və ya onun sahibləri ilə əlaqə saxlaya bilməyib. Ukrayna tərəfi olayı hələki şərh etməyib.
"Ticarət gəmisinə açılan atəş narahatlıqları artıracaq"
Qara dəniz həm Ukrayna, həm də Rusiyanın kənd təsərrüfatları məhsullarını bazara çıxarmaq üçün istifadə etdiyi əsas yoldur. Reuters yazır ki, ticarət gəmisinin atəşə tutulması bu yolla yük daşıyan gəmi sahibləri, sığortaçılar və treyderlər arasında narahatlığı artıracaq.
Qərb Rusiyanın bu addımını de-fakto blokada sayır
Reutersin məlumatına görə, Rusiya və Ukraynanın ikisi də dünyanın ən böyük kənd təsərrüfatı istehsalçılarındandır. Dünya bazarında bu ölkələr buğda, arpa, qarğıdalı, günəbaxan tumu, günəbaxan yağı və digər məhsullar üzrə əsas oyunçulardır.
Qərb Rusiyanın addımlarını Ukrayna limanlarının de-fakto blokadası kimi dəyərləndirir. Bunun da Ukraynadan dünya bazarlarına buğda və günəbaxan toxumlarının axınını kəsmək təhlükəsi yaratdığını bildirilir.
Rusiya isə bunu rədd edir və Qərbin öz ərzaq və gübrə ixracı ilə bağlı qaydaları yumşaltmaq üçün paralel razılaşmanı həyata keçirə bilmədiyini deyir.
Rusiyaya məxsus qırıcı təyyarə qəzaya uğrayıb

Təyyarənin göyərtəsində olan iki pilot həlak olub.
Avqustun 12-də Kalininqrad vilayətində təlim missiyası zamanı Rusiyaya məxsus qırıcı təyyarə qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyi qəza nəticəsində təyyarənin göyərtəsində olan iki pilotun həlak olduğunu bildirib.
Nazirliyin açıqlamasına görə, təyyarə Su-30 olub və boş əraziyə düşüb. Bildirilir ki, qəzaya səbəb texniki nasazlıq olub.
AzadlıqRadiosunun Rusiya xidməti yazır ki, Ukraynadakı müharibə zamanı geniş şəkildə istifadə edilən Su-30 döyüş təyyarəsi hava hədəflərini məhv etmək, hava məkanına nəzarət etmək və havadan kəşfiyyat aparmaq üçün nəzərdə tutulub.
Rusiya Krım körpüsünə hücumu pisləyib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü hücumların qisasının alınacağına söz verib və “cavabsız qalmayacaqlarını” deyib.
Rusiya rəsmiləri Krım körpüsünə edilən hücumu pisləyir. AzadlıqRadiosunun Ukrayna xidmətinin xəbərinə görə Krımı Rusiyaya birləşdirən 19 kilometr uzunluğundakı körpüyə ən azı iki hücum edilib.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın S-200 raketləri ilə körpüyə zərbə endirmək cəhdinin uğursuz olduğunu bildirib. Rəsmi məlumata görə, xəsarət alan və dağıntı yoxdur. Ukrayna tərəfi isə hücumla bağlı hər hansı şərh verməyib.
Sosial şəbəkələrdə yayılan videoda körpüdən ağ tüstü qalxdığı və körpüdə nəqliyyatın dayandığı görünüb.
Rusiya XİN: "Bu hücum cavabsız qalmayacaq"
Lakin son 3 ayda Ukraynanın Baş Kəşfiyyat İdarəsinin pilotsuz uçan dronların əməliyyatlarını əks etdirən video yayımlanıb. Video ardıcıllığı “bu bizim dənizimizdir” ifadəsi ilə bitir.
Rusiyanın Krımda yerləşdirdiyi lideri Sergey Aksyonov əvvəllər demişdi ki, ötən ildən bəri Ukrayna tərəfindən dəfələrlə hücuma məruz qalan körpünün yaxınlığında iki raketi zenit hava hücumundan müdafiəsi sistemi vura bilin.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova hücumların qisasını alınacağına söz verib və “cavabsız qalmayacaqlarını” deyib.
Rusiyanın Ukraynaya hücumundən bəri Odessada çimərliklər ilk dəfə açılıb
Hələlik yalnız 6 çimərliyə girişə icazə verilib.
2022-ci ildən Rusiyanın Ukraynaya hücumundən bəri Odessada bağlanan çimərliklərin rəsmi açılışı olub. AzadlıqRadiosunun Ukrayna xidmətinin xəbərinə görə bu haqda regional hərbi administrasiyanın rəhbəri Oleq Kiperə istinadən xəbər yayıb. O.Kiper yazıb ki, “Odessa” əməliyyat-strateji qoşun qruplaşmasının komandanı ilə insanların dənizə çıxışı ilə bağlı birgə əmr imzalayıblar.
HƏLƏLİK 6 ÇİMƏRLİYƏ GİRİŞƏ İCAZƏ VERİLİR
İlk olaraq 6 çimərlik açılıb, zamanla siyahıya yenilərinin də əlavə olunacağı gözlənilir. Çimərliklərə girişə səhər saat 8:00-dan axşam 20:00-dək icazə verilir. Lakin hava siqnalı zamanı, şübhəli obyektlər aşkar edildikdə və digər hallarda çimərliklərdə qalmaq qadağandır.
2022-ci ilin fevralından Rusiya Ukraynaya hücum edib. Həmin vaxtdan bəri zaman-zaman Odessa da raket atəşinə tutulub. Keçən il Odessa və regionda istirahət edənlərin minalarda partladılması ilə bağlı mütəmadi olaraq xəbərlər yayılmışdı. Polis insanları çimərliyə getməməyə çağırıb.
Bu 6 çimərliyə girişə isə rəsmi icazə verilib.
Fransadan Britaniyaya keçmək istəyən miqrant qayığı batıb

Qayığın batması nəticəsində ölənlərin sayı 6-ya çatıb. Xilas etmə tədbirləri davam edir.
Avqustun 12-də Fransa və İngiltərəni birləşdirən kanaldan keçmək istəyərkən miqrant qayığı batıb. Reuters agentliyi xəbər verir ki, qayığın batması nəticəsində azı 6 nəfər ölüb, 50-dən çox insan xilas edilib. Axtarış, xilas etmə tədbirləri davam edir. Ölü sayı yenilənir.
Reuters yazır ki, miqrantlar Fransadan Britaniyaya keçməyə çalışırdılar. Fransa və İngiltərə arasındakı Kanal dünyanın ən işlək gəmi yollarından biridir, güclü axını olan bu kanaldan kiçik qayıqların keçidi təhlükəli sayılır.
"Miqrantlar qayıqdan suyu öz ayaqqabılarına dolduraraq, boşaltmağa səy göstəriblər"
Xilasetmə qayıqlarından birində könüllü olan Anne Thorel sahilə qayıdanda telefonla Reutersə miqrantların gəmiyə dolmuş suyu öz ayaqqabıları ilə boşlatmaq səylərindən danışıb. O bildirib ki, biri qadın olmaqla, 54 nəfəri xilas edə biliblər.
Xilasetmə qayığındakı miqrantların xilasedici yorğanlara bükülmüş şəklini paylaşan Thorel, xilasetmə işində iştirak etdiyi qayıqda heç kimin ölmədiyini bildirib.
Fransanın baş naziri Elizabet Borne bildirib ki, kiçik dənizçilik naziri Herve Bervil miqrant qayıqlarından birinin çevrildiyi yerin yaxınlığına gedəcək.
Britaniya da öz xilasedicilərini göndərib
Britaniyanın sahil mühafizəsi xilasetmə işlərinə kömək etmək üçün Doverdən xilasedici qayıq, sahil mühafizəsi xilasetmə qrupu və təcili yardım heyəti göndərildiyini bildirib.
Böyük Britaniya hökumətinin rəqəmlərinə görə, 2018-ci ilin əvvəlindən bu yana miqrantların Kanal keçidlərinin sayı 100 mini keçib. Təkcə 2023-cü ildə bu göstərici 16 minə yaxındır.
CAR prezidenti Putinə: Biz hədiyyə üçün gəlməmişik, bizə taxıl müqaviləsi lazımdır

Cənubi Afrika Respublikasının (CAR)Prezidenti Siril Ramaposa Rusiya Prezidenti Vladimir Putini Qara dənizindən taxıl və digər ərzaq məhsullarının ixracına dair taxıl sazişinə (Qara Dəniz Taxıl Təşəbbüsü)qayıtmağa çağırıb. Məlumatda bildirilir ki, belə bir söhbət Sankt-Peterburqda Afrika liderlərinin görüşündə baş tutub.
O da vurğulanır ki, Ramaposa açıq şəkildə bildirib ki, Rusiyanın Afrikaya taxıl tədarükü, o cümlədən pulsuz olaraq təklifləri taxıl müqaviləsini əvəz edə bilməz.
"Biz bura bəzi "hədiyyələr" istəməyə gəlməmişik. Əlbəttə, başa düşürük ki, siz səxavətdən müəyyən çətinliklərlə üzləşən bəzi Afrika ölkələrinə taxıl bağışlamaq qərarına gəldiniz... lakin bu, bizim əsas məqsədimiz deyil. Burada bu xarakterli bəzi tədarüklərə nail olmaq bizim əsas vəzifəmiz deyil”, -Ramapsa deyib.
Kremlin saytında dərc olunan görüşün stenoqramda CAR prezidentinin dedikləri belə verilib:
"Siz taxıldan danışdınız. Biz Qara Dəniz Taxıl Təşəbbüsünün həyata keçirilməsini təklif etdik, Qara dənizin açılmasının zəruriliyindən danışdıq, Qara dənizin dünya bazarlarına açıq olmasını istərdik", - Ramaposa bildirib.
Putin daha əvvəl altı dövlətə: Burkina Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreyaya 25-50 min ton taxıl tədarük edəcəyini vəd etmişdi. Xüsusilə “Agentlik” tərəfindən verilən hesablamalara görə, bu adı çəkilən ölkələrin ehtiyacın kiçik bir hissəsidir.
O da bildirilir ki, Putin danışıqlar zamanı Moskvanın kommersiya əsasında Afrika bazarında Ukrayna taxılını əvəz etməyə hazır olduğunu bildirib.
Putin cümə günü axşam saatlarında Rusiya-Afrika sammitinin əsas proqramını başa vurduqdan sonra Ukraynada sülhün nizamlanmasına dair təkliflər irəli sürmüş bir neçə Afrika lideri ilə görüşüb. Onların arasında CAR prezidenti Siril Ramaposa da olub.
Ukraynanın əks-hücumu Qərb mediasında yazıldığı kimidirmi?

“The New York Times” qəzeti Pentaqondakı mənbələrə istinadən Ukrayna ordusunun ölkənin cənubunda əks-hücum əməliyyatının əsas mərhələsinə başladığını yazır.
Məlumatlarda həm də ABŞ və digər ölkələrdə təlim keçən və Qərb texnikası ilə təchiz olunan bölmələrin əksəriyyətinin artıq döyüşlərdə iştirak etdiyi vurğulanır.
İddialara görə, 150-yə qədər müasir tank və yüzlərlə piyadaların döyüş maşını ilə təmin edilmiş belə hərbçilərin sayı 63 minə yaxındır. Nəşrin yazdığına görə, Ukrayna Silahlı Qüvvələrinin hazırkı mərhələdə əsas məqsədi işğal olunmuş Krıma quru dəhlizini kəsməkdir.
Ölkənin cənubunda genişmiqyaslı əks-hücum əməliyyatının başlaması barədə Bloomberg və bir sıra digər Qərb KİV-ləri də məlumatlar yazırlar.
“The Washington Post” qəzeti isə Ukrayna ordusunun Zaporojye vilayətinə yeni zərbələr endirdiyini və Orexova kəndinin cənubuna doğru irəlilədiyini yazır. Hər iki nəşr anonim Amerika rəsmilərinə istinad edir. Hərbi ekspert, "Aydar" batalyonunun veteranı Yevgeni Dikiy bir qədər fərqli vəziyyətin olduğunu vurğulayır.
O jurnalistlərin məsələni görmək istədikləri kimi yazdıqlarını bildirir. Yevgeni Dikiy deyir ki, Ukrayna ordusu eşelonlaşdırılmış müdafiənin üç xəttinin birincisini deyil, kifayət qədər geniş cəbhə boyunca ikinci xəttə keçməyə və eyni zamanda ehtiyatları məhv etməyə çalışır.
Onun sözlərinə görə, Rusiyanın da eyni öz strategiyası var. Onların vəzifəsi maksimum sayda Ukrayna əsgərini və Ukrayna texnikasını məhv etməklə, irəliləyən Ukrayna tərəfini mümkün qədər tükəndirmək, hətta birinci müdafiə xəttdindən uzaqlaşdırmaqdır.
"Hər iki tərəf bütün günü böyük əsəb gərginliyi, çox böyük sursat ehtiyatı tələb edən dəhşətli işlərlə məşğuldur. Artıq ay yarımdır ki, belədir. Əslində, dəyişikliklər var, lakin çox ləng gedir. Amma bu kilometrlərlə deyil, həmin gün hər tərəfin nə qədər insan və texnika itirdiyi ilə ifadə olunur. Və bu nisbət tədricən-tədricən tərəzinin hansı istiqamətə əyiləcəyini müəyyənləşdirir. Mən başa düşürəm ki, bunu hər dəfə təsvir etmək çox darıxdırıcıdır, buna görə də çox əhəmiyyətli olacaq bir şey tapmağa çalışırlar."
Üstünlüyün az da olsa kimin tərəfində olmasına gəlincə, "Aydar" veteranı bu barədə danışmağın hələ tez olduğunu bildirir.
"Qol güləşindəki kimi iki əlin çox uzun müddət sadəcə hərəkətsiz göründüyü vəziyyətlər yaranır. Amma əslində hər iki tərəf var gücü ilə bir-birini pressinq edir. Yəni biz hələ də bu mərhələdəyik, sonra da kiminsə bir əli düşəcək. Yəni, bu halda bu o demək olacaq ki, ya biz xətti hardasa keçəcəyik, sonra o, dağılacaq, ya da hücum dayanacaq."
Hərbi ekspertə görə, misal üçün Rabotino bölgəsində indiyə qədər nisbət 50/50, bəzən Ukrayna tərəfinin xeyrinə 55/45 nisbətindədir.
"...sadəcə yeni mərhələ haqqında yazmağa səbəb olan döyüşlər əslində ikinci müdafiə xəttinə çıxışdır. Rabotino bölgəsində birinci müdafiə xəttini tamamilə aşmaq və tam olaraq ikinciyə çatmaq mümkün olub. İndi döyüşlər ikinci müdafiə xəttində gedir."
Yevgeni Dikiy deyr ki, ilk dəfə müdafiə xəttinə yaxınlaşanda əvvəlcə zirehli texnikanın itkiləri ilə çox qızğın, amma uğurlu döyüşlər olub.
"İndi biz yenə belə parlaq, olduqca möhtəşəm döyüşlərlə başlayan ikinci xəttə çıxış görürük. Amma bir neçə gündən sonra orada da vəziyyət eyni şəkildə sakitləşəcək, bu, heç də nəyinsə dayanacağı anlamına gəlmir, əksinə, davam edəcək. Bu, arxa cəbhədə çox vaxt gözə dəyməyən bir şeydir..."
Hərbi eksprertin sözlərinə görə, hazırda “Surovikin xətti” adlanan ikinci müdafiə xətti mərhələsi başlayıb. Amma Yevgeni Dikiy bu arada tərəflərin hərbi sayı ilə bağlı müqayisəyə də diqqət çəkilməli olduğunu deyir.
Onun sözlərinə görə, Qərb mətbuatının yazdığı kimi Qərb təlimatçıları tərəfindən hazırlanan 63 min Ukrayna döyüşçüsü, hazırlığı olmasa belə, hərbi komissarlıqdan birbaşa döyüş zonasına göndərilən, 300 mini birbaşa ön xəttdə , 100 mini arxa xəttə olan 400 minlik Rusiya ordusu...
İsrailin baş naziri xəstəxanaya yerləşdirilib

İsrailin baş naziri Benyamin Netanyahu şənbə günü axşam saatlarında Təl-Əvivdəki "Şiba" klinikasına yerləşdirilib. “The Jerusalem Post” ürək aritmiyalarına nəzarət üçün onun kardiostimulyatorla təchiz edildiyini və əməliyyatın uğurla keçdiyini yazır.
O da xəbər verilir ki, Netanyahu parlamentdə məhkəmə islahatları ilə bağlı səsvermədə iştirak üçün bazar ertəsi xəstəxananı tərk edəcəyinə ümid edir.
İyulun 24-də səsverməyə çıxarılacaq məhkəmə islahatları İsraildə kütləvi etirazların əsasını təşkil edir. İslahata qarşı olanların fikirincə bu, hökumətin qərarlarına məhkəmə nəzarətini zəiflədəcək və faktiki olaraq məhkəmələr müstəqilliyini itirəcək.
Netanyahu və onun müttəfiqləri isə hakimlərin “həddindən artıq” səlahiyyətlərini cilovlamaq üçün islahata ehtiyac olduğunu iddia edirlər.
İslahat layihəsinə qarşı etirazlar bu ilin martında başlayıb. Başlayan gün 600 minə yaxın adam küçələrə çıxıb, ölkədə tətilər başlayıb. Bundan sonra Netanyahu məhkəmə islahatlarına baxılmasını Knessetin yay sessiyasına qədər təxirə salmaq qərarına gəlib.
Yay ssesiyası ilə bərabər etirazlar da yenidən başlayıb. İyulun 20-də on minlərlə israilli Təl-Əvivdən Qüdsə etiraz olaraq yürüş edib və parlamentin qarşısında çadır şəhərciyi qurub.