Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Çexiya embarqonu pozaraq Azərbaycana ‘silah göndərir’ – Qərb mediası


DANA-M1 haubitsası
DANA-M1 haubitsası

Çexiya Respublikası və Slovakiya şirkətləri (Czechoslovak Group) beynəlxalq silah embarqosunu pozaraq Azərbaycanı silahla təmin edir. Bu iddiayla bu həftə Çexiyanın “Investigace” portalı çıxış edib. Bu haqda Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsi (OCCRP) yazır.

Məqalədə yada salınır ki, hələ iki il qabaq Azərbaycan ordusunun yaydığı videoda Çexiyanın Dana haubitsaları və Vampire raket qurğuları göstərilmişdi.

Czechoslovak Group-un silah filialı Azərbaycana ancaq Tatra yük maşınları ixrac etdiyini demişdi. Çexiya rəsmiləri də o zaman videoda göstərilən haubitsa və raket qurğularından xəbərsiz olduqlarını söyləmişdilər.

20 milyon dollarlıq ixrac

“Investigace” yazır ki, Czechoslovak Group-un Praqada mənzillənən üzvü – Real Trade Praha Azərbaycana 54 ədəd “Tatra 815” maşını ixrac etmək üçün Çexiya hökumətindən lisenziya alıb. Bu ixracın məbləği 482 milyon krondur (20,58 milyon dollar).

Ancaq sızdırılmış sənədlərə görə, yük maşınları əvvəlcə İsrailə göndərilib, onlara kommunikasiya avadanlığı yerləşdirilib, daha sonra Slovakiyaya ixrac olunub.

Slovakiya İqtisadiyyat Nazirliyinin Beynəlxalq İdxal Sertifikatına görə, 2016-cı ildə Slovak MSM Martin özünün Çexiya filialının daha öncə İsrailə ixrac etdiyi Tatra-nın sayı qədər yük maşınını həmin ölkədən idxal edə bilib, buna icazəsi olub.

Slovakiyada bu maşınlar funksional Dana M-1 haubitsalarına, yaxud Vampire RM-70 raket qurğularına çevrilərək Təl Əvivə göndərilib. Bunu Slovakiyanın İqtisadiyyat Nazirliyi də təsdiqləyib.

Sonucda bu texnika Bakıda peyda olub ki, bu da silah embarqosunun pozulması deməkdir. Çexiya hakimiyyəti isə 2017-ci ildə bildirmişdi ki, Azərbaycana hər hansı silahın göndərilməsinə icazə verməyəcək.

Ermənistanla Dağlıq Qarabağ münaqişəsinə görə 1990-cı illərin əvvəllərində Azərbaycana BMT və ATƏT silah embarqosu tətbiq edib.

Sonradan BMT embarqonu qaldırsa da, Çexiyanın da üzv olduğu ATƏT saxlayıb.

Səfirliyin rolu

“Investigace” Azərbaycanın Bolqarıstandakı səfirliyindən sızdırılmış sənədlərə də istinad edir. Bu sənədlərə görə, səfirlik əməkdaşları Azərbaycanın “Silk Way Airlines” şirkəti üçün uçuş icazəsi təşkil ediblər.

Məqalədə iddia olunur ki, şirkətin təyyarələri diplomatik reys adıyla Avropa ölkələrindən Yaxın Şərqə, Avropaya hərbi avadanlıq daşıyıb.

AzadlıqRadiosu məqalədə səslənən iddialara Azərbaycanın Müdafiə Nazirliyindən, Xarici İşlər Nazirliyindən, “Silk Way Airlines” şirkətindən münasibət almağa çalışır. Saytımızı izləyin.

2017-ci ildə də Çexiya mətbuatında oxşar iddialar yer almışdı. O zaman Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videonun Çexiya hökuməti üçün gözlənilməz olduğu bildirildi. Çexiya Müdafiə Nazirliyinin təmsilçisi demişdi ki, son illər nazirlik Azərbaycana hərbi materiallar ixrac etməyib. Onun sözlərinə görə, bu texnikanı Azərbaycanın necə aldığını müdafiə nazirliyi bilmir.

Çexiyanın Xarici İşlər Nazirliyi isə bildirirdi ki, nazirlik Azərbaycana silah ixracına lisenziya verməyib. Nazirliyin sözçüsü İrena Valentova deyib ki, Dana-M1 haubitsasının və RM-70 raket qurğusunun Azərbaycana necə çatdırıldığı nazirliyə bəlli deyil.

XS
SM
MD
LG