Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:51

Moskvada etirazlar məhkəmələri necə dəyişdi


Müxalifətçi Lyubov Sobol Pavel Ustinov-a dəstək aksiyasında
Müxalifətçi Lyubov Sobol Pavel Ustinov-a dəstək aksiyasında

“Moskvada etirazçılara açılan cinayət işləri daha “ikinci Bolotnaya işi” kimi təsvir olunmur və bu daha doğrudur, çünki yanlış analogiya idi. Yeni fazaya daxil olmuşuq. Daha öncə administrativ pozuntu sayılan işlər indi kütləvi olaraq daha ciddi cinayətlər kimi qələmə verilir”, – “Karnegi” fondunun sayında Olga Romanova yazır ki, Rusiyada regional seçkilər bitəndən sonra etirazlarda saxlananlara qarşı məhkəmə işlərinin ikinci dalğası başlanıb. Birinci dalğa sentyabrın 5-də bitdi, kompyuter proqramçısı Konstantin Kotov icazəsiz aksiyalarda iştiraka görə dörd il həbsə məhkum edildi. “Əgər kimdəsə azacıq ümid varıydı ki, seçkilərdən sonra məhkəmələr hüququn ruhuna daha diqqətli yanaşacaqlar, böyük səhvə yol veriblər”, – müəllif yazır.

Seçkidən sonra ilk məhkəmə hökmüylə 24 yaşlı aktyor Pavel Ustinov hüquq-mühafizə əməkdaşına hücumda təqsirli bilinərək üç il yarım həbsə məhkum edildi. Onun həbs olunduğunu göstərən kadrlarda belə hücum görünmürdü.

Repressiya sistemində trendlər

“Görünür, Rusiyanın repressiya aparatına yeni sistematik trendlər yaranır, elə məsələylə bağlı ictimai rəydə də həmçinin. Birinci trend odur ki, hakimiyyət saxlananlara qarşı gücdən əsaslandırılmamış istifadəylə bağlı ittihamları araşdırmağı tamam dayandırıb. Bir dəlil gənc bir etirazçının həbs zamanı qıçının sındırılması idi...

İkinci trend hakimlərin müdafiə tərəfinin təqsirləndiriləni təmizə çıxaracağını dediyi dəlilləri qəbul etməməsidir. Kotov və Ustinov işlərində belə olmuşdu. Bu adətən, rəsmi sorğuyla şəhərdəki müşahidə kameralarından əldə olunmuş video-dəlildir...”, – müəllif yazır.

Daha bir mühüm dəyişiklik isə daha öncə xırda “administrativ” pozuntular kimi təsnif olunan halların indi daha ciddi cinayət kimi qələmə verilməsidir. Son yeddi ildə oxşar işlərdə bir neçə min rubl (100 dollardan da az) cərimə kəsilirdi, yaxud 24 saatlıq həbs verilirdi. İndi isə illərlə həbs cəzasından söhbət gedir.

“Hökmlər də şübhə yaradır. Fərqli situasiyalarda saxlanmış, bir-birilə bağlılığı olmayan adamlar ittihamlara fərqli reaksiya veriblər (bəziləri inkar edib, bəziləri təqsirini boynuna alıb, onlara vəkilləri deyib ki, bu halda onlara daha yüngül cəza kəsilər). Saxlananların hamısına 2 ildən 4 ilədək həbs cəzası kəsilir. Aydındır ki, bu, yuxarıdan diktə olunur, çünki ədalətli hüquqi proseduralar olsaydı, belə nəticələr əldə olunmazdı”, – müəllif yazır və Moskva etirazlarında saxlananlara sərt münasibətin ictimai əhval-ruhiyyəyə də təsirsiz ötüşmədiyini vurğulayır.

Belə ki, jurnalist Yury Dud, teatr direktoru Kirill Serebrennikov, film tənqidçisi Anton Dolin kimi şəxslərin siyasi məhbuslara azadlıq tələb etməsi təəccüb doğurmur. Amma yaxşı əlaqələri olan teleaparıcı Tina Kandelaki da onlara qoşulub, Kotov-un işinə baxan hakimləri “hissiyyatsız maşınlar” adlandırıb. Ölkə teatrlarının çoxunda aktyorlar tamaşalardan sonra Ustinova dəstək bildiriblər. Yəni, etirazlara görə hökmlərin ikinci dalğası başlanandan sonra adətən siyasətdən uzaq düşmüş şəxslər belə dilə gəliblər.

XS
SM
MD
LG