Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:14

ABŞ Əfqanıstandan əsgərlərini necə çıxaracaq


Əfqanıstanın Helmand vilayəti, arxiv fotosu
Əfqanıstanın Helmand vilayəti, arxiv fotosu

Təxminən bir həftədir ABŞ Prezidenti Donald Trump Taliban silahlı qruplaşması ilə gizli danışıqları ləğv edib. Bundan öncə qruplaşma Kabildəki hücuma görə məsuliyyəti üzərinə götürmüşdü.

“The Independent” qəzetində Negar Mortazavi yazır ki, Trump-ın Talibanla misli görünməmiş danışıqlarının məqsədi Amerikanın ən uzun müharibəsini bitirmək, ABŞ əsgərlərini evlərinə qaytarmaq idi. Bunu Amerika xalqı bir müddətdir gözləyir. Həm Trump, həm də sələfi Barack Obama vəd versələr də, indiyədək yerinə yetirilməyib. Əsgərlərin geri çəkilməsinin necə baş verməsi üzrə narazılıqlar qalır.

Vyetnam müqayisəsi

Bu gün Əfqanıstanda 14 minədək ABŞ əsgəri var. Talibanla sülh sazişi çərçivəsində beş ay ərzində 5 min 500 əsgər çıxarılmalıydı.

Amerikanın ən uzun və bahalı müharibəsinin bitirilməsi məsələsində demokratların potensial namizədləri də respublikaçı prezidentlə razılaşır. Elə ötən həftə üçüncü debatda da demokratlardan prezidentliyə iddialılar bu məsələdən danışıblar.

Ancaq tənqidçilərin fikrincə, müharibə ehtiyatla sona çatdırılmalıdır, Əfqanıstanın bir daha terrorçu qrupların, gələcək hücumların sığınacağına çevrilməsinə yol vermək olmaz. Onların sözlərinə görə, ancaq Talibanla danışıq aparmaq Əfqanıstanda davamlı həlli təmin edə bilməz.

Federal Təhqiqat Bürosunun (FBI) keçmiş xüsusi agenti, hazırda Daxili Təhlükəsizlik Məşvərət Şurasının üzvü olan Ali Soufan deyir ki, sülh sazişi təkcə Talibanı deyil, Əfqanıstan hökumətini, ölkədəki digər siyasi fraksiyaları da əhatələməlidir.

“Demokratik seçilmiş hökuməti, etnik və dini azlıqları, qadınları, təhlükəsizlik qüvvələrini narahat edən məsələlər müzakirəyə çıxarılmalıdır”, – o, qəzetə deyib.

Keçmiş agent ABŞ-ın 1970-ci illərin ortalarında – daha bir yorucu müharibədən sonra Vyetnamdan çıxmasının yaratdığı qarışıqlığı yada salır, deyir ki, “sadəcə çıxmaq daha bir Sayqonla nəticələnə bilər. Biz dostlarımızı, onları gözləyəcək zorakı taleyi gözardı edə bilmərik”.

200 min itki, 2 trilyon dollar

ABŞ sözügedən müharibəyə 2001-ci ilin 11 sentyabr terrorundan sonra başlayıb. Brown Universitetinin hesablamasına görə, o vaxtdan Əfqanıstan və Pakistanda 200 minədək adam öldürülüb. Buraya pis qidalanmadan, səhiyyə sisteminin dağılması, ətraf mühit səbəblərindən ölənlər daxil deyil.

İraq, Əfqanıstan və Pakistanda müharibə zonalarında 7 minədək amerikalı, 600-dən artıq britaniyalı həlak olub. Yerli hərbçilər və polis əməkdaşlarından ölənlərin sayı minlərlədir.

Vaşinqtondakı Kato İnstitutunun xarici siyasət üzrə direktoru John Glaser-in fikrincə, Birləşmiş Ştatları terrorçulardan qorumaqdan ötrü müharibəni davam etdirmək fikri “absurd”dur.

“Orada onlarla vuruşmağın bizi belə bir savaş məcburiyyətindən qurtardığına heç bir dəlil yoxdur. Əfqanıstandakı ‘təhlükəsiz sığınacağ’ın al-Qaeda və hansısa başqa qrupa ABŞ torpağına hücum imkanı verəcəyi ideyası böyük bir mifdir”, – o, “The Independent”ə deyib.

Brown Universitetinin hesablamasına görə, ABŞ indiyədək Əfqanıstandakı müharibəyə 2 trilyon dollaradək vəsait xərcləyib. Federal xərclərdən əlavə, ştat, bələdiyyə, özəl qurumlar müharibədən qayıdan veteranlar və ailələrinə xidmətlərə milyonlarla dollar sərf edib.

XS
SM
MD
LG