Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 10:20

Netanyahu seçkidən necə çıxacaq


Təl Əvivdə seçki plakatı

Sabah – sentyabrın 17-də İsraildə son altı ayda ikinci dəfə parlament seçkisi keçiriləcək. Bu seçkidə ya Baş nazir Benjamin Netanyahu rekord – beşinci müddətə hakimiyyətə gələcək, ya da ölkə siyasətində onillik dominantlığına son qoyulacaq.

Seçkidən sonra Netanyahu-ya üç korrupsiya işi üzrə ittihamlar irəli sürülməsi də mümkündür.

“Reuters” agentliyi seçkinin çox gərgin keçəcəyini yazır. Bunu seçki günündən öncəki rəy sorğuları göstərir. Nəticələr Netanyahu-nin sağ-qanad Likud partiyası ilə mərkəzçi Mavi və Ağ partiyasının göstəricilərinin çox yaxın olduğunu, heç birinin çoxluğu qazana bilməyəcəyini ortaya qoyur.

Parlamentə 10-dək partiya düşə bilər. Rəy sorğuları sağ-qanad, Netanyahu-pərəst bloka dəstəyin artdığını göstərir.

“Reuters” seçkinin mümkün ssenarilərinə toxunur.

  • Likud üç sağ-qanad və dini partiyalarla birlikdə çoxluğu əldə edir. Bu halda parlamentdə azı 61 deputatla birlikdə Netanyahu indikinə oxşar kabinet qura biləcək. Bu kabinet onun İran və 2015-ci il nüvə sazişi, İsrail-Fələstin münaqişəsinə dair sərt mövqeyini dəstəkləyib.
  • Seçkinin qalibi fərqlənmirsə, İsrail prezidenti partiya liderləri ilə məsləhətləşmə aparır, onlardan baş nazir olaraq kimi dəstəklədiklərini soruşur. Prezident Reuven Rivlin hökuməti formalaşdırmağa ən yaxşı şansı olan namizəddən bunu xahiş edir. Apreldə Netanyahu-ya bu şans verilsə də, 42 gün ərzində hökuməti təşkil edə bilmədi. O, Rivlin-in başqa birinə bu şansı verməsi riskinə getmədi, ikinci seçkini üstün tutdu. İkinci dəfə belə bir çıxmaza düşəcək Netanyahu müttəfiqləri olmayanlarla “milli birlik” hökuməti qurmaq istəyə bilər. Bu isə onun ən güclü rəqibi, mərkəzçi Mavi və Ağ partiyasının lideri Benny Gantz-la əməkdaşlıq deməkdir. Ancaq Gantz deyib ki, Netanyahu-nun rəhbərlik etdiyi hökumətə qoşulmaz. O, Netanyahu-ya qarşı mümkün korrupsiya ittihamlarını əsas gətirib. Di gəl, “Reuters” İsrail siyasətinin çox dəyişkən olduğunu, tərəflərin daim dəyişdiyini yazır.
  • Qalib aydın şəkildə bilinməsə, Netanyahu-suz sağ-mərkəzçi hökumət qurula bilər. Bu halda Netanyahu yenə də hökumət qura bilmir, öz partiyası onu kənarlaşdırır, Likud ilə Gantz-ın Mavi və Ağ partiyası arasında hakim koalisiyaya yol açır. İndiyədək Likud-da heç kəs belə ideyanı səsləndirməyib, amma Netanyahu koalisiya danışıqlarından çıxa bilməsə, durum dəyişə bilər.
  • Netanyahu aydın məğlubiyyətə uğrayarsa, mərkəzçi və sol qanad partiyalar parlamentdə çoxluğu əldə edərsə, Gantz hökuməti öz partiyası, Əmək Partiyası və yeni yaranmış, dünyəvi Demokratik Düşərgə ilə qura bilər. Bu zaman sağçılarla alyansa ehtiyac qalmaz. Bu halda parlament 1990-cı illərdən bəri ilk dəfə olaraq solçuların nəzarətinə keçər. Amma elektorat daha çox sağa meyllənir və rəy sorğuları belə bir ssenarinin mümkünlüyünü göstərmir.
  • Namizədlərdən heç biri hökuməti formalaşdıra bilməsə, İsraildə daha bir seçki keçirilə bilər. “Reuters” yazır ki, deputatlar bu il üçüncü seçkiyə getməməkdən ötrü əllərindən gələni edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG