Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:34

Rusiyanın nüvə monitorinqi stansiyaları niyə susur


Nyonoksa yaxınlığındakı sınaq meydançası
Nyonoksa yaxınlığındakı sınaq meydançası

Kremlin sözçüsü Dmitri Peskov avqustun 19-da jurnalistlərə deyib ki, prezident “hər şey barədə” informasiya alsa da, monitorinq stansiyaları “səlahiyyətimizdən kənardır”.

“Bu stansiyaların fəaliyyətinə gəlincə, səmimi desəm, onların kimə hesabat verdiyini bilmirəm. Jurnalistlər üçün onların kimə hesabat verdiyini tapmaq və bəzi informasiyanın niyə ötürülmədiyini öyrənmək daha asandır”, – Peskov deyib.

“Ancaq anlayırsız ki, dövlət başçısı orada nə baş verdiyi barədə hərtərəfli məlumat alır”, – o deyib.

***

Rusiyada donanma sınaq məkanında sirli partlayışdan sonra radiasiya detektorlarında qısamüddətli yüksəliş qeydə alınıb. Ancaq monitorinq stansiyalarının susması Moskvanın partlayışın miqyasını gizlətməyə çalışması sarıdan narahatlığı artırıb. Partlayışda beş nəfər həlak olmuşdu.

Vyanada mənzillənən Hərtərəfli Nüvə Sınaqlarına Qadağa Sazişi Təşkilatı (CTBTO) bildirir ki, Rusiyadakı beş nüvə monitorinq stansiyasından dördü data ötürülməsini qəribə şəkildə dayandırıb.

CTBTO-nun icraçı katibi Lassina Zerbo Twitter-də yazıb ki, iki stansiyanın operatorları “texniki problemləri” olduğunu bildirib. ​

“Ekspertlərimiz Rusiyadakı əməkdaşlarımızla əlaqə yaratmağa, stansiyaların əməliyyatları mümkün qədər tez bərpa etməyə çalışır”, – CTBTO-nun adı çəkilməyən rəsmisi avqustun 19-da CNN-ə deyib.

Lassina Zerbo
Lassina Zerbo

Avqustun 8-də Nyonoksa kəndi yaxınlığındakı partlayışdan sonra orada nə baş verdiyi dəqiq açıqlanmayıb. Mülki və hərbi orqanlar itkilər haqda ziddiyyətli informasiya veriblər. Radiasiya yüksəlişinin haradan gəldiyi, təhlükəli olub-olmaması da naməlum qalıb.

Yaxınlıqdakı Severodvinsk limanında stansiyalar radiasiyanın yüksəldiyini qeydı alsalar da, Rusiya rəsmiləri bunun insan səhhətinə təhlükəli olmadığını deyiblər.

Yüzkilometrlərlə şimal-qərbdə, Norveçdə yerləşən monitorlar da partlayışdan sonrakı günlərdə havada radioaktiv yodun səviyyəsində kiçik artım qeydə alıblar. Ancaq bunu Nyonoksadakı partlayışla əlaqələndirməyiblər.

Bəzi təhlilçilərin fikrincə, partlayan rusca “Burevestnik” adlanan nüvə enerjili qanadlı raket ola bilər. Prezident Vladimir Putin ötən il bu raketin hazırlandığını deyirdi.

Avqustun 19-da Fransa Prezidenti Emmanuel Macron ilə görüşən Putin deyib ki, insidentdən dolayı radiasiya səviyyəsinin artması riski yoxdur. O, partlayışda ölən və xəsarət alanların dövlət mükafatı ilə şərəfləndiriləcəciyini vurğulayıb.

ABŞ Prezidenti Donald Trump isə tvitində yazıb ki, partlayan Burevestnik olub, NATO təhlilçiləri onu “Skyfall” kimi tanıyırlar.

Digər təhlilçilər isə raket deyil, raket və komponentləri üçün enerji hasil edən “radioizotop termoelektrik generator”un partlaması versiyasını irəli sürürlər.

XS
SM
MD
LG