Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Yaxınlığında raket partlamış kəndin əhalisi köçürülməyəcək


Burevestnik raketi
Burevestnik raketi

Rusiya rəsmiləri iddia edildiyinə görə uğursuz raket sınağının keçirildiyi poliqonun yaxınlığındakı kəndin evakuasiyasını ləğv ediblər.

Nyonoksa kəndi yaxınlığında ötən həftə sınaqdan çıxarılan raketin partlaması nəticəsində 5 nüvə eksperti həlak olmuş, ətrafdakı radiasiya fonu yüksəlmişdi.

Kənd icra hakimiyyətinin nümayəndəsi Valery Mashenkov TASS agentliyinə deyib ki, Müdafiə Nazirliyi burada keçiriləcək hərbi tədbiri təxirə salıb və kənd sakinləri avqustun 14-də heç yerə köçürülməyəcək.

***

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, Rusiyanın Arxangelsk vilayətindəki Nyonoksa kəndinin sakinlərinə Müdafiə Nazirliyinin hansısa tədbirləri ilə bağlı yaşayış məntəqəsini tərk etmək təklif edilib.

Bu kəndin yaxınlığındakı poliqonda sınaq zamanı raketin partlaması nəticəsində ətrafa radiasiya yayıldığı barədə xəbərlər var.

Belomorkanal nəşri xəbər verir ki, avqustun 14-də səhər yerli sakinlərin hamısı xüsusi qatarla “təhlükəsiz məsafəyə” aparılacaq.

Yerli medialardan “Dvina segodnya” nəşri xəbər verir ki, sakinlərin hara köçürüləcəyi məlum deyil.

Rusiya kütləvi informasiya vasitələri bildirir ki, bu kəndin adamlarını Müdafiə Nazirliyinin tələbi ilə sınaqlar zamanı əvvəllər də evlərindən çıxarıblar.

Severodvinsk şəhərinin icra hakimiyyətinin mətbuat xidməti AzadlıqRadiosunun Rus xidmətinə təsdiq edib ki, kəndin sakinlərinə Müdafiə Nazirliyinin tələbi ilə başqa yerə getmək göstərişi verilib.

Mətbuat xidmətinin rəhbəri Kseniya Yuzina deyib ki, “sakinlərə sadəcə olaraq ərazini tərk etmək təklif olunur” və bu, evakuasiya deyil.

Yuzina deyib ki, tədbirlər planlaşdırılmış qaydada keçirilir.

Arxangelsk vilayətində baş vermiş raket partlayışı haqqında məlumat avqustun 8-də yayılmışdı.

Rosatom bildirirdi ki, bu raketin mühərrikində radioaktiv izotop enerji mənbəyindən istifadə olunmuşdu.

Müdafiə Nazirliyi israr edirdi ki, atmosferə ziyanlı maddələr dağılmayıb.

Amma Severodvinsk şəhərinin mülki müdafiə idarəsi xəbər verirdi ki, şəhər dairəsində radiasiyanın normanı 4-16 dəfə aşan qısamüddətli yüksəlişi qeydə alınıb.

Raket sınağı zaman baş vermiş partlayışda Rusiya Federal Nüvə Mərkəzinin beş əməkdaşı həlak olub.

Onlar ölümlərindən sonra yüksək dövlət təltiflərinə layiq görülüblər.

ABŞ prezidenti Donald Trump bu barədə Twitter-də yazmışdı ki, Birləşmiş Ştatlar Rusiyada nasaz raketin partlayışından çox şey öyrəniblər:

“Bizdə bu tipdə raket var, amma onun texnologiyası daha mükəmməldir. Rusiyanın Skyfall raketinin partlayışı təkcə poliqonun yaxınlığında deyil, oradan uzaqlarda yaşayan insanları da havanın təmizliyindən narahat olmağa məcbur edib”.

Amerikalılar Rusiyanın 9M730 – “Burevestnik” nüvə raketini şərti olaraq Skyfall adlandırırlar.

Rusiya rəsmi olaraq partlayışın “Burevestnik” raketində baş verdiyini təsdiq etməyib.

XS
SM
MD
LG