Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 04:01

144 yaşlı milli mətbuat


Həsən bəy Zərdabi

İyulun 22-də Azərbaycanda Milli Mətbuat Günüdür. 2019-cu il iyulun 22-də Azərbaycanda mətbuatın 144 yaşı tamam olur.

1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi Bakıda «Əkinçi» qəzetini nəşr etdirib. Həmin gün milli mətbuatın əsasının qoyulduğu bildirilir.

1877-ci ildə fəaliyyəti dayandırılan qəzetin yalnız 56 sayı işıq üzü görüb.

Sonrakı illərdə Azərbaycanda «Ziya», «Kəşkül», «Şərqi-rus», «İrşad», «Molla Nəsrəddin» kimi qəzet və jurnallar «Əkinçi» ənənələrini davam etdirib.

1920-ci ildə bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi ilə mətbuat orqanları Kommunist Partiyasının nəzarəti altında olub.

Amma 1985-ci ildə SSRİ-de Yenidənqurma prosesindən sonra milli azadlıq hərəkatının güclənməsi ilə Azərbaycanda da yeni qəzetlər işıq üzü görməyə başlayıb. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bu proses daha da güclənib.

2019-cu ildə Mətbuat Azadlığı İndeksinə görə, Azərbaycan 180 ölkə sırasında 166-cü yerdə qərarlaşıb. Bu sahədə ölkədə vəziyyətin getdikcə pisləşdiyi bildirilir. Azərbaycan 2018-ci ildə həmin indeksə görə 163-cü yerdə idi.

Hazırda AzadlıqRadiosunun, Meydan TV-nin, «Azadlıq» qəzetinin saytlarına və bir çox digərlərinə Azərbaycandan blok qoyulub, bu orqanlarla əməkdaşlıq edən bəzi jurnalistlərin ölkədən çıxışı qadağan edilib.

İndi, üstəlik, bir neçə jurnalistin həbsdə olduğu deyilir. Onların arasında Seymur Həzi, Əfqan Muxtarlı da var.

Azərbaycan rəsmiləri isə bu sahədə tənqidləri qəbil etmir, heç kimin peşə fəaliyyətinə və ya siyasi baxışlarına görə həbs edilmədiyini bildirirlər. Üstəlik, onların qeyd etməsinə görə, mediaya dəstək verilir, jurnalistlər dövlət qayğısı olaraq evlə təmin edilirlər. Bundan başqa, hər il bəzi qəzetlərə böyük məbləğdə maddi yardım göstərildiyi bildirilir.

Ancaq bəzi media ekspertləri də deyir ki, bir sıra qəzetlərə belə maliyyə dəstəyi verməkdənsə, liberal iqtisadiyyatın inkişafına təkan verilməli, azad rəqabətə şərait yaradılmalıdır. Onların fikrincə, qəzetlərə belə maddi dəstək, jurnalistlərə ev verilməsi azadlıqlara təhlükə yaradır.

Günün bütün mövzuları

XS
SM
MD
LG