Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Avqust, çərşənbə, Bakı vaxtı 02:21

Cahangir Hacıyevin bacısı Penitensiar Xidmətə gedib


Ə.Hacıyeva

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva mayın 16-sı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə gedib.

Ə.Hacıyeva bildirir ki, C.Hacıyevə Bakı İstintaq Təcridxanasında ailəsi ilə görüş verilmir.

2018-ci ilin iyulunda C.Hacıyevə ikinci cinayət işi açılıb. C.Hacıyevə Cinayət Məcəlləsinin (CM) 179.3.2-ci (külli miqdarda mənimsəmə) və başqa maddələr ilə ittiham irəli sürülüb və o, Bakı İstintaq Təcridxanasına köçürülüb. Hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Hacıyevin və başqa 21 nəfərin məhkəməsi gedir.

Ə.Hacıyeva deyir ki, onu Əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidov qəbul edib: «O, yazdığım ərizəni ədliyyə nazirinin müavini Ceyhun Həsənova göndərəcəyini dedi».

Ə.Hacıyevanın sözlərinə görə, o, artıq üçüncü dəfədir ki, Penitensiar Xidmətə gəlir. Onun deməsinə görə, keçən ilin sentyabrından C.Hacıyevə evə zəng vurmaq və ailəsi ilə görüşməyə icazə vermirlər: «Müraciətimə cavab olaraq, apreldə mənə Mirsaleh Seyidovun imzası ilə məktub gəlib ki, Bakı İstintaq Təcridxanasında Cahangir Hacıyevin görüş və telefon danışıqlarına rəhbərlik tərəfindən heç bir məhdudiyyət qoyulmayıb. Lakin fakt ondan ibarətdir ki, 8 aydır mən qardaşımla nə danışa, nə də görüşə bilirəm».

Ə.Hacıyeva qardaşı ilə görüşə icazə verilməməsinin səbəbini bilmədiyini deyir. «Biz axırıncı dəfə Cahangirlə görüşəndə o da mənə dedi ki, belə sərt münasibətinin səbəbini bilmir. Bu axı insan haqların, qanunların pozulmasıdır. Biz ona ərzaqdan başqa heç nəyi göndərə bilmirik. Cahangiri tam təcrid ediblər. Vəkillərinə də təzyiqlər var».

Ə.Hacıyevanın bu açıqlamasına, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Penitensiar Xidmətdən, bir qayda olaraq, bildirirlər ki, Azərbaycan həbsxana və təcridxanalarında məhkumlarla yalnız qanun çərçivəsində davranılır.

Bundan əvvəlki illərdə də Ə.Hacıyeva bir neçə dəfə rəsmi qurumlara C.Hacıyevlə görüşə icazə verilməməsi ilə bağlı müraciətlər göndərmişdi.

Xatırlatma

Hazırda «Beynəlxalq Bank işi» üzrə mühakimə olunan 22 nəfərə CM-in 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham irəli sürülüb.

C.Hacıyevə həmçinin, vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib. Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmir.

C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. O, 2016-cı il oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. C.Hacıyev onda da mənimsəmə və başqa bir sıra cinayətlərdə ittiham olunmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG