Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 16:03

Azərbaycan xəbərləri

Prezident Sumqayıtda zavod açılışında

İ.Əliyev «SOCAR Polymer» zavodunun açılışında.

«Mən çox şadam ki, bu zavodda işləyənlərin mütləq əksəriyyəti gənclərdir...».

Prezident İlham Əliyev bunu fevralın 18-də Sumqayıtda «SOCAR Polymer»in yüksək sıxlıqlı polietilen zavodunun açılışında bildirib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkında bir çox müəssisələrin fəaliyyət göstərdiyini deyərək «SOCAR Polymer»in xüsusi yeri olduğunu bildirib.

İ.Əliyev hazırda «SOCAR Polymer»in tam gücü ilə işə başlamasını əlamətdar hadisə, ölkənin inkişaf göstəricisi və xarici maliyyə qurumlarının inamının təzahürü kimi dəyərləndirib: «Çünki bildiyiniz kimi, bu zavodun tikintisində xarici banklar fəal iştirak ediblər. Bu, bütövlükdə ölkəmizdə gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir»,

Zavodun istehsal gücünün 300 min ton olacağını deyən dövlət başçısı bunu qeyri-neft ixracının artımı kimi dəyərləndirib: «Bizim əsas məqsədimiz qeyri-neft ixracını artırmaq, ölkə iqtisadiyyatını şaxələndirmək, yeni iş yerləri açmaq və Azərbaycanda müasir texnologiyalı müəssisələrin yaradılmasına nail olmaqdır».

Prezident sənayeləşmənin nəticə verdiyini, keçən il qeyri-neft sektorunda sənaye istehsalının 9 faizdən çox, bu ilin birinci ayında isə 14 faizə yaxın artdığını söyləyib.

Xatırlatma

2011-ci il dekabrın 21-də prezident Sumqayıt Kimya Sənaye Parkının yaradılması ilə bağlı fərman verib. Onun təməli 2013-cü ildə qoyulub. Sumqayıt Kimya Sənaye Parkı ölkənin ilk sənaye parkıdır.

Parkın idarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin tabeliyində olan «Sumqayıt Kimya Sənaye Parkı» MMC-dir. Orada bir çix müəssisələr fəaliyyət göstərir. Keçən il isə polipropilen zavodunun açılışı olub.

Ondan sonra, bu yaxnlarda da ( 2019 yanvar) karbamid zavodunun açılışı olmuşdu.

Karbamid və bu yeni müəssisəyə ümumilikdə 1.6 milyard dollar sərmayə qoyulduğu açıqlanıb. Yeni müəssisədə 500 nəfərin çalışacağı deyilir.

Bütün xəbərləri izləyin

Azərbaycan seçkiyə görə 224 min avro cərimələndi

Prezident İlham Əliyev parlament seçkilərində səs verir. 1 noyabr 2015

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) oktyabrın 28-də Azərbaycandan göndərilən 51 şikayət üzrə dörd qərardad elan edib. Hökumət dörd qərardad üzrə 51 ərizəçiyə ümumilikdə 239 min 450 avro təzminat ödəməlidir.

Bu barədə AzadlıqRadiosuna hüquqşünas Xalid Ağalıyev məlumat verib. Onun sözlərinə görə, iki qərardad seçki hüququnun pozuntusu iddiaları ilə bağlıdır.

"Arzu Səmədbəyli və başqaları Azərbaycana qarşı" işində ərizəçilər 2015-ci ildə keçirilmiş parlament seçkilərində müxalif siyasi partiyalardan deputatlığa namizədliklərini irəli sürüblər. Ancaq onların müraciətləri seçici imzalarının bir hissəsinin etibarlı olmaması əsası ilə qəbul edilməyib. Mərkəzi Seçki Komissiyasına və məhkəmələrə şikayətləri təmin edilməyən ərizəçilər seçki hüquqlarına müdaxilənin baş verdiyini iddia ediblər.

Seçkidən narazı 47 ərizəçi…

Kommunikasiya mərhələsində hökumət iddia olunan pozuntuları tanıyıb, AİHM-ə birtərəfli bəyannamə təqdim edib. Ərizəçilərin əksəriyyəti rədd etsə də AİHM bəyannaməni diqqətə alıb. Qərardada görə, Azərbaycan hökuməti 37 ərizəçinin hər birinə 4 min 750, üç ərizəçinin hər birinə 5 min, bir ərizəçiyə isə 4 min 500 avro təzminat ödəyəcək.

"Mübariz Rəhimli və başqaları Azərbaycana qarşı" işi də seçkilərə aid olub. Müxtəlif siyasi partiya üzvləri olan ərizəçilər 2015-ci ildə parlament seçkilərində, 2016-cı ildə isə təkrar seçkilərdə deputatlığa namizədliklərini irəli sürüblər. Seçki qurumu onların namizədliyini də yetərli etibarlı seçici imzası təqdim etmədikləri əsasıyla qeydə almayıb. Ərizəçilərin ali seçki qurumuna və məhkəmələrə şikayətləri də rədd edilib. Bu işdə ərizəçilər hökumətlə dostca anlaşıb, müvafiq bəyannaməni AİHM-ə təqdim ediblər. Qərardada əsasən, dörd ərizəçinin hər birinə 4 min 750, iki ərizəçinin isə hər birinə 5 min avro təzminat ödəniləcək.

AİHM-in bu qərarlarına, hələlik, Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə seçkilərin azad və ədalətli keçirildiyini deyirlər.

Neftçalanın keçmiş icra başçısına 11 il həbs istənildi

İsmayıl Vəliyev

Neftçala rayonunun sabiq icra başçısı İsmayıl Vəliyev və onunla birlikdə tutulan vəzifəli şəxslərin işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Oktyabrın 28-də məhkəmədə prokuror keçmiş icra başçısının 11 il azadlıqdan məhrum edilməsini istəyib. O bildirib ki, Vəliyevə qarşı külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. ittihamlar məhkəmədə təsdiqini tapıb.

Sabiq icra başçısı və onunla birlikdə mühakimə olunanların işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxır. Amma məhkəmə iclasları Bakıda - Sabunçu rayon Məhkəməsinin inzibati binasında keçirilir.

Vəliyevlə yanaşı, onun birinci müavini Vurğun Əkbərov, Memarlıq və Tikinti Şöbəsinin müdiri olmuş Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sabiq müdiri Anar Cəfərov, rayonun Təhsil Şöbəsinə rəhbərlik etmiş Əjdər Kərimov, Neftçalanın Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Telman Zahidov da təqsirləndirilən şəxs qismində hakimlər önündə cavab verir.

Xatırlatma

İsmayıl Vəliyev 2005-2011-ci illərdə Qobustan rayonunun, 2011-ci ildən 2020-ci ilin fevralında həbs olunana qədər isə Neftçalanın icra başçısı olub.

Azərbaycanda icra başçılarının həbsi 2019-cu ilin dekabrında başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarının icra hakimiyyəti başçıları Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib.

Həbs olunanlardan Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olmuş Nizaməddin Quliyev 9 il, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov 7 il 6 ay, Kürdəmirin keçmiş icra başçısı Ceyhun Cəfərov isə 8 il 6 ay azadlıqdan məhrum edilib. Quliyev hökmdən az sonra koronavurusa yoluxub və sentyabrın 5-də vəfat edib.

İraqdan 38 uşaq Azərbaycana gətirilib

"Arvadım İŞİD-ə qoşulub"
Gözlə

No media source currently available

0:00 0:11:16 0:00

İraqdan 38 uşaq Azərbaycana gətirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu gün, oktyabrın 28-də məlumat yayıb.

Məlumatda qeyd edilir ki, oktyabrın 28-də İraq Respublikasının cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan Azərbaycan vətəndaşı olan 38 nəfər uşağın repatriasiyası həyata keçirilib: "Qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən həyata keçirilmiş koordinasiyalı və mərhələli tədbirlər nəticəsində mümkün olub".

İndiyədək 286 uşaq və iki qadın gətirilib

Uşaqlar Bağdad-İstanbul-Bakı marşrutu üzrə ölkəyə gətirilib: "Azərbaycan Respublikasına (AR) gəldikdən sonra uşaqların reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub. Bu xüsusda, indiyədək 286 uşaq və iki qadın olmaqla, ümumilikdə 288 nəfər AR vətəndaşının İraq Respublikasından repatriasiyasına müvəffəq olunub".

Həmin uşaqlar, əsasən, müharibə qurbanları sayılır. Onların valideynlərinin son illər Azərbaycanı tərk edərək müxtəlif Şərq ölkələrinə üz tutduqları bildirilir. Azərbaycanı belə tərk edən insanların sonrakı fəaliyyətlərinin də araşdırıldığı deyilir.

Almaniyadan qaytarılan cəbhəçinin həbs edildiyi deyilir

Avropadakı siyasi mühacirlər axtarışa verildi
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

Almaniyadan qaytarılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mütəllim Orucovun barəsində həbs-qətimkan tədbirinin seçildiyi bildirilir.

Bu barədə AXCP-dən məlumat verilib.

Məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin 284.4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb.

Habelə bildirildiyinə görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Partiyadan qeyd olunub ki, həbsin səbəbi onun siyasi fəaliyyəti ilə bağlıdır.

Mütəllim Orucov bu ilin iyunun 1-də Almaniyadan readmissiya (geri qaytarılma) edilib.

AXCP-nin bu açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma rəsmilər bir qayda olaraq ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri təkzib edirlər.

Almaniyadan qaytarılan fəaldan yaxınları xəbər tuta bilmir

Bir neçə ay əvvəl Almaniyadan deportasiya edilən şəxslərin hüquq-mühafizə orqanlarında dindirildiyi və bəzilərinin saxlandığı bildirilir.

İyunun 1-də Almaniyadan qaytarılan fəal Mütəllim Orucovun oğlu Elvin Orucovun sözlərinə görə, oktyabrın 23-də atasını Dövlət Təhlükəsizliyi Xidməti (DTX) dəvət edib: "Saat 11:30-da gedib və bundan sonra barəsində heç bir xəbər ala bilmirik".

M.Orucovun bir həftə öncə isə Quba Rayon Polis Şöbəsinə çağırıldığı deyilir.

Məsələ ilə bağlı, hələlik, nə DTX, nə Daxili İşlər Nazirliyi, nə də Almaniyanın Azərbaycandakı səfirliyi ilə danışmaq mümkün olub.

İyunun sonlarında Almaniyadan deportasiya olunan daha bir fəalın da bu gün, oktyabrın 26-da saxlanıldığı deyilir. Amma həmin məlumatı, hələlik, rəsmi qurumlar təsdiqləməyiblər.

Saxlananların Almaniyada Azərbaycan hökumətinə qarşı aksiyalarda iştirak etdiyi bildirilir.

Son illər Almaniyadan Azərbaycana yüzlərlə mühacirin qaytarıldığı açıqlanıb.

2014-cü ildə "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında" Saziş imzalanıb. Azərbaycan hökuməti readmissiya olunan şəxslərin iş yerləri ilə təmin edilməsində, yaşayış yerinin olub-olmaması ilə bağlı problemlərin həllində və psixoloji yardım məsələlərində kömək etməlidir.

Azərbaycanın cənub rayonuna qar yağıb

Lerik

Azərbaycanın cənub bölgələrindən Lerik rayonuna bu il ilk qar yağıb.

Lerik rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun deməsinə görə, qar, əsasən, ucqar dağ kəndlərinə düşüb: "Şəhərin özünə də qar yağıb. Belə bir problem yaratmayıb. Amma bu ilin sentyabrında leysan yağışlarının fəsadları çox oldu. Torpaq sürüşmələri baş verdi, bəzi kəndlərin yolları bağlandı. Əhali tərəfindən salınmış körpülərdə dağıntı oldu. Əsaslı körpülərdə dağıntı olmayıb. Bərpa etmişik".

Lerik rayonunun 161 kəndi var. Əhalinin sayı 90 min nəfərə yaxındır. Lerik rayonu dağlıq ərazidə, İranla sərhəddə yerləşir.

Bir neçə gün öncə isə Azərbaycanın şimal rayonlarına da qar yağdığı açıqlanmışdı. Qarın qalınlığının 20 sm olduğu bildirilirdi.

2300 gündəlik yoluxma aşkarlanıb, 27 ölüm

COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 min 300 yeni yoluxma faktının qeydə alındığı və bu virusa yoluxanlardan 1 min 248 nəfərin sağaldığı bildirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan oktyabrın 27-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 27 nəfər də vəfat edib.

Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 522 min 368 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 487 min 674-ü sağalıb, 6 min 966-sı vəfat edib, aktiv xəstə sayı isə 27 min 728-ə yüksəlib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Büdcə layihəsi parlamentdə

Milli Məclis

2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi artıq Milli Məclisə daxil olub.

Gələn ilin büdcəsi ilə bağlı ilkin göstəriciləri sentyabrın 8-də Maliyyə Nazirliyi açıqlamışdı. Bu layihədə bəzi əsas göstəricilər həmin məlumatdan bir qədər fərqlənir.

Layihəyə əsasən, dövlət büdcəsinin gəlirləri 26 milyard 816 milyon, xərcləri isə 29 milyard 879 milyon manat nəzərdə tutulub.

Azalıb

Bu layihəyə görə, müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 489 milyon 892.4 min manat olmalıdır. 2021 ildə müvafiq xərclərlə müqayisədə bu, təqribən 96 milyon manat azdır.

Artıb

2022 ilin büdcəsində təhsil xərcləri 3 milyard 884 milyon 325.7 min manat, səhiyyə 1 milyard 788 milyon 619.6 min manat səviyyəsində nəzərdə tutulur. Bunlar isə cari ilin eyni xərcləri ilə müqayisədə, müvafiq olaraq, təqribən 607 milyon və 380 milyon çoxdur.

Azalıb

Layihəyə görə, gələn ilin büdcəsində sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 565 milyon 794 min manat olmalıdır. Halbuki, bu il həmin rəqəmin 3 milyard 692 milyon 746 min olduğu açıqlanmışdı.

Artıb…

Gələn il dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına 2 milyard 362 milyon 101.7 min manat xərcləmək nəzərdə tutulur. 2021 ildə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının maliyyələşməsinə bundan az - 2 milyard 92 milyon 827.2 min manat ayrılması proqnozlaşdırılıb.

Xatırlatma

2021-ci il dövlət büdcəsində gəlirlər 25 milyard 427 min, xərclər isə 28 milyard 543 min manat təsdiq edilib.

Saxlananlardan bəziləri buraxılıb

Sərdar Hacıhəsənli (Babayev)

Oktyabrın 19-da saxlanılan maide.az saytının əməkdaşları, Azərbaycan Ruhanilər Birliyinin üzvləri Cəlal Şəfiyev, Qadir Məmmədov Təmkin Cəfərovun sərbəst buraxıldığı bildirilir.

Bu bərədə onların yaxınları məlumat verib. Onların sözlərinə görə, Birliyin üzvlərini Dövlət Təhlükəsizliyi Xidməti (DTX) istintaqa cəlb edib, lakin özlərinə məsələnin detalları barədə məlumat verilməyib.

Məsələ ilə bağlı həmin şəxslərin özləri və DTX-dan münasibət öyrənmək mümkün olmayıb.

Sərdar Babayev həbs edilib

Oktyabrın 19-da saxlanan Azərbaycan Ruhanilər Birliyinin üzvü, maide.az saytının baş redaktoru, ilahiyyatçı Sərdar Babayev barəsində həbs-qətimkan tədbiri seçilib.

Bu barədə vəkil Cavad Cavadov məlumat verib. Onun sözlərinə görə, S.Babayevə qarşı Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Vəkilin vurğulamasına görə, istintaq orqanın təqdimatına əsasən Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ruhanilər Birliyindən saxlananlar var

Oktyabrın 19-da Azərbaycan Ruhanilər Məclisinin üzvləri - Sərdar Babayev, Cəlal Şəfiyev, Qadir Məmmədov Təmkin Cəfərovun saxlanıldığı bildirilir. Onların hamısının maide.az saytının əməkdaşları olduğu da deyilir. (Sərdar Babayev redaktorudur)

Həmin şəxslərin yaxınları bildirib ki, onları dünən, oktyabrın 19-da saat 16:17 radələrində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları saxlayıb, evlərində axtarış aparılıb: "Kompüterlər və telefonlar götürülüb. Səhər saatlarında Cəlal Şəfiyevi və Qadir Məmmədovu sərbəst buraxsalar da, bir neçə saat sonra onları yenidən saxlayıblar".

Bu deyilənlərlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Oktyabrın 19-da ilahiyyatçı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlunun da saxlandığı açıqlanmışdı. Amma gecə saatlarında o, Dövlət Təhlükəsizliyi Xidmətində şahid qismində dindirildikdən sonra sərbəst buraxıldığını açıqlayıb.

Xatırlatma

Azərbaycan Ruhanilər Birliyinin üzvü, maide.az saytının baş redaktoru Sərdar Hacıhəsənli (Babayev) ötən ilin fevralında həbs müddəti başa çatdıqdan sonra sərbəst buraxılmışdı. O, 2017-ci ildə 3 il həbs cəzası almışdı. Ona Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham verilmişdi. Müdafiə tərəfi ittihamı qəbul etmirdi.

Prezident Qubadlıda

İ.Əliyev və M.Əliyevanın Zəngilan və Qubadlıya səfəri. Foto arxiv

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak edib.

O, habelə "Azərenerji" ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq "Qubadlı" yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarına qatılıb.

Sonra İ.Əliyevin Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdüyü qeyd edilir.

Bu gün, oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsinin bir ili tamam olur.

Xatırlatma

2020-ci il İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Qubadli rayonu daxil) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Toy karvanında cərimələnənlər var

Bakıda Azərbaycan və üzərinə ərəb əlifbası ilə sözlər yazılan müxtəlif rəngli bayraqların qaldırıldığı toy karvanı təşkil edənlərin cərimələndiyi bildirilir. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Sosial şəbəkə istifadəçiləri mərasimi dini bayraqların qaldırıldığı və dini mahnıların səsləndiyi toy karvanı kimi dəyərləndiriblər.

Olayı Daxili İşlər Nazirliyindən (DİN) də "Turan"a təsdiqləyiblər. Nazirliyin Mətbuat xidmətindən verilən açıqlamada qeyd edilib ki, hadisə oktyabrın 24-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb.

Bildirilib ki, karantin rejimi qaydalarını pozan toy şənliyinin təşkilatçıları saxlanıb. (Koronavirus pandemiyası ilə bağlı 2020-ci il martından Azərbaycanda karantindir) Qeyd edildiyinə görə, şənlikdə iştirak edənlərin bir neçəsinin COVID-19 pasportu olmadığı üçün onlar İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin rejiminin pozulması) maddəsinə əsasən, 200 manat cərimələniblər. (Toy şənliklərinə peyvənd edilməsi ilə bağlı pasport və ya əks göstəriş sertifikatı olan şəxslər buraxılır)

16 avtomobil cərimə meydançasına aparılıb

Rəsmi açıqlamaya görə, həmin karvanda olub avtoxuliqanlıq etmiş 16 sürücünün avtomobilləri cərimə meydançasına aparılıb. Habelə bildirilib ki, toy iştirakçılarından birinin axtarışda olduğu məlum olub.

"Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir", - rəsmi açıqlamada vurğulanıb.

Bu açıqlamaya mərasimin təşkilatçıları və məsuliyyətə cəlb edilən şəxslərdən münasibət almaq mümkün olmayıb.

Azərbaycan və İranın xarici işlər nazirləri danışıblar

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Hossein Amir Abdollahian

Oktyabrın 23-də Azərbaycan və İran xarici işlər nazirləri Ceyhun Bayramovla  Hüseyn Əmir-Abdullahianınin telefon danışığı baş tutub.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, nazirlər ikitərəfli münasibətlərin cari vəziyyətinə dair fikir mübadiləsi aparıblar.

Son həftə ərzində baş vermiş inkişafı müsbət dəyərləndirən nazirlər, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılması ilə bağlı İranın müvafiq qurumlarının yaydığı xəbərdarlığı, eyni zamanda Azərbaycan tərəfindən 2 İranlı sürücünün buraxılmasını qarşılıqlı müsbət addım kimi vurğulayıblar.

Telefon danışığı zamanı Birgə Hökumətlərarası Komissiyanın, İranın yeni administrasiyası tərəfindən yenilənmiş tərkibdə fəaliyyətinin davam etdirilməsinin əhəmiyyəti ifadə olunub.

Tərəflər bütün fikir müxtəlifliklərinin dialoq vasitəsilə həll edilməsinin vacibliyini qeyd ediblər. Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər- deyə nazirliyin yaydığı açıqlamada bildirilir.

Kürdəmirin sabiq icra başçısına hökm oxundu

C.Cəfərov

Oktyabrın 22-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ceyhun Cəfərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı keçmiş icra başçısının 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə C.Cəfərovu təqsirli bilərək ona 8 il 6 ay həbs cəzası verib. O, həmçinin, 2 il 6 müddətinə dövlət və yerli idarəetmə orqanlarında vəzifə tuta bilməz.

Həmin cinayət işi üzrə təqsirləndirilən başqa şəxslərə isə müxtəlif illər üzrə cəzalar verilib.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı C.Cəfərov ötən il həbs edilmişdi. O, ittihamları qəbul etmirdi.

C.Cəfərov rüşvət və başqa oxşar əməllərdə günahlandırılırdı. O, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı (2014-2020) olmazdan əvvəl də 3 il Tərtər rayonunda eyni vəzifəni tutub.

Azərbaycanda 19 məktəb distant təhsilə keçib

Dərslər başladı. COVID-19 valideynləri qorxudurmu?
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Ölkə üzrə yeni tədrisə başlanılan tarixdən (22 sentyabr) indiyədək 4 min 432 ümumi təhsil müəssisəsindən 19-u, 89 min 674 sinifdən isə 505-i koronavirusla bağlı distant formaya keçirilib.

Bu barədə Təhsil və Səhiyyə nazirliklərinin birgə məlumatında bildirilir.

Məlumata görə, bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib: "İndiyədək 1 milyon 595 min 108 şagirddən 3 min 477-si (0.2 faiz), məktəblərdə çalışan 229 min 871 nəfər heyətdən 2 min 494-ü (1 faiz) COVID-19-a yoluxub. I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1 min 755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib".

Rəsmi açıqlamada sonra da bildirilir: "Hazırda ümumtəhsil məktəblərində tədris prosesi müvafiq qaydalara uyğun şəkildə davam etdirilir. Yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır".

Azərbaycanda koronavirusla bağlı 2020-ci ilin martından yeni tədris ilinə qədər dərslər qarışıq formada keçirilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə oktyabrın 22-nə kimi ümumilikdə 509 min 862 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 min 829-nun vəfat etdiyi bildirilib.

Azərbaycanda problemli kreditlərin həcmi azalıb

Manat

Bu ilin oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 871.1 mln. manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Qurumun hesabatına görə, bu göstərici son bir ayda 3.7 faiz azalıb. Açıqlamaya görə, problemli kreditlər bütöv kredit portfelinin 5.6 faizinə bərabərdir. AMB-dən bildirildiyinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 18.6, ilin əvvəli ilə müqayisədə isə 2.5 faiz azalıb.

Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş verib, manat iki dəfədən çox dəyər itirib. Onda problemli kreditlərin 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. 2019-cu il fevralın 19-da isə prezident fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərin həlli ilə bağlı fərman verdi. Onda 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında 2015-ci ildə iki dəfə baş vermiş devalvasiyalardan sonra yaranmış fərq dövlət hesabına ödənildi. Bundan sonra problemli kreditlər azaldı. Amma bu ilin əvvəlində yenidən bu kreditlərin artdığı açıqlanmışdı. Bu, onda koronavirus pandemiyasi ilə izah edilirdi.

2005 yeni yoluxma aşkarlanıb, 20 ölüm

COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 min 5 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan da 1 min 11 nəfərin sağaldığı bildirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan oktyabrın 21-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 20 nəfər də vəfat edib.

Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 509 min 862 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 481 min 696-sı sağalıb, 6 min 829-u vəfat edib, aktiv xəstə sayı 21 min 337-yə yüksəlib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycan futbolda geriləməkdə davam edir

Futbol

Milli komandaların FIFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎) reytinqi açıqlanıb.

Hesabat dövründə keçirilən Dünya Çempionatı-2022-nin seçmə oyunları və yoldaşlıq görüşləri cədvəldə bir sıra dəyişikliklərə səbəb olub.

Son bir ayda iki qarşılaşmada da uduzan Azərbaycan yığması geriləyib. (İrlandiyaya 0:3, Serbiyaya isə 3:1 hesabı ilə məğlub olub)

1146 xala malik Azərbaycan dünya reytinqində 119-cu yerə düşüb. O, ötən ayla müqayisədə iki pillə geriləyib.

Azərbaycanın qonşuları Ermənistan 89-cu, Gürcüstan isə 93-cü yerdə qərarlaşıb.

Azərbaycanda azarkeşləri olan Türkiyə yığması isə 1460 xalla 39-cudur. "Ay-ulduzlular" iki addım irəliləyib.

Cədvəldə Belçika (1832) və Braziliya (1820) ilk iki pillədəki mövqeyini qoruyub. Fransa (1779) isə ötən ay İngiltərəyə təhvil verdiyi 3-cü pilləni geri alıb.

Siyahıda sonuncu - 210-cu yerdə San-Marino qərarlaşıb.

Azərbaycanın FIFA reytinqində ən yüksək göstəricisi 2014-cü ilin iyununda qeydə alınıb. Onda ilk dəfə Azərbaycan milli futbol komandası reytinqdə 73-cü pilləyə yüksəlmişdi.

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə danışıb

Karen Donfrid

Tərəflər, iki ölkə arasında əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıb və bir sıra istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Bu gün, oktyabrın 20-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Karen Donfrid Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümü münasibətilə təbriklərini çatdırıb:

“Tərəflər, iki ölkə arasında əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıb və bir sıra istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.Telefon danışığı zamanı, həmçinin regiondakı münaqişə sonrası vəziyyət müzakirə edilib.”

Bildirildiyinə görə, Ceyhun Bayramov Ermənistan-Azərbaycan arasında münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşdırılması ilə bağlı ölkəsinin mövqeyini dövlət katibi köməkçisinin diqqətinə çatdırıb:

“Öz növbəsində Karen Donfrid iki ölkə arasında münasibətlərinin normallaşdırılmasının vacib olduğunu və ABŞ-ın bu xüsusda dəstək verməyə hazır olduğunu qeyd edib.”

Nazirliyin qeyd etməsinə görə, tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti Azərbaycanın Dövlət Müstəqilliyini bəyan edib.

Həmin Konstitusiya Aktinda Azərbaycan Respublikasının 1918-ci il mayın 28-də yaradılan və iki il ömür sürən Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu açıqlanıb.

Azərbaycan 1920-ci ildən 1991-ci ilə qədər əvvəlcə Rusiyanın, daha sonra isə SSRİ-nin tərkibində olub.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü il atəşkəsinə qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Prezident Zəngilanda olub

İ.Əliyevin Qubadlı və Zəngilana səfəri. 24 dekabr 2020

Bu gün, oktyabrın 20-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı rayonun Ağalı kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsi çərçivəsində görülən işlərlə və Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub. Habelə onlar "Azərişıq" ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində və 110/35/10 kV-luq "Zəngilan" yarımstansiyasının açılışında iştirak ediblər.

Oktyabrın 20-də Zəngilan rayonunun işğaldan azad edilməsinin bir ili tamam olur.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü il atəşkəsinə qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Qusar xəstəxanasının direktoru tutulub

Baş Prokurorluq

"Qusar rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru rüşvət iddiası ilə tutulub.

Bu barədə oktyabrın 20-də Baş Prokurorluq məlumat yayıb.

Məlumata görə, direktor Mübariz Zeynalov dünən, oktyabrın 19-da xəstəxanadakı xidməti otağında rüşvət alarkən saxlanıb: "Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanaraq, Mübariz Zeynalov şübhəli şəxs qismində tutulub".

Rəsmi açıqlamaya direktor və ya onun yaxınlarının münasibətini almaq mümkün olmayıb.

Qaytarılan əsirləri Yerevanda Rusiya səfiri qarşılayıb

Qaytarılan əsirlər.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "Erebuni" aeroportuna enən, içində beş əsir olan Rusiya təyyarəsini qarşılayıb. Bu haqda AzadlıqRadiosunun erməni xidməti (Azatutyun) səfirliyin Facebook-dakı səhifəsinə istinadla yazır.

"Azatutyun" artıq Azərbaycanda qaytarılan əsirlərin sayının 114-ə çatdığını, onların içində həm hərbçilər, həm də mülki şəxslər olduğunu bildirir.

Azərbaycan ötən ilin noyabrında hərbi əməliyyatlar dayananda sonra öz ərazisində saxlanan erməni hərbçiləri "terrorçu-diversant" sayırdı. Ancaq sonradan onların bir qisminə daha yüngül cəza kəsildi və mina xəritələri əvəzində azad olundular.

Ermənistanın isə Azərbaycana 15 nəfəri təhvil verdiyi bildirilir.

Azərbaycan daha 5 erməni hərbçini qaytarıb

AzadlıqRadiosunun erməni xidməti Azərbaycan mediasına istinadən daha beş əsirin Ermənistana qaytarıldığını yazır.

Azərbaycan mənbələrinin verdiyi məlumata görə, bunlar ağır olmayan cinayətlərə görə məhkum edilənlərdir. Rəsmi Yerevan hələ ki bu xəbəri şərh etməyib.

Beləliklə, Azərbaycandan Ermənistana qaytarılanların sayı 113-ə çatıb. Onların arasında həm hərbçilər, həm də mülki şəxslər var.

Erməni tərəfinin dəqiqləşdirilməmiş məlumatına görə, Azərbaycanda hələ də onlarca erməni əsir saxlanır.

Rüstəm Muradov aparıb?

Rəsmi Bakı bütün hərbi əsirləri qaytardığını bildirir. Azərbaycan 10 noyabr üçtərəfli bəyanatından sonra saxlananları hərbi əsir yox, terrorçu hesab etdiyini bildirib.

"Turan" agentliyinin verdiyi məlumata görə, azad olunanları Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı Rüstəm Muradov təyyarə ilə Yerevana çatdırıb.

Prezident Avropadan gələn elçini qəbul edib

Görüş

Prezident İlham Əliyev oktyabrın 19-da Avropa Birliyinin xüsusi nümayəndəsi Toyvo Klaarı qəbul edib.

Rəsmi açıqlamaya görə, görüşdə əməkdaşlıq məsələlərindən bəhs edilib. "Söhbət zamanı həmçinin Şərq Tərəfdaşlığının qarşıdan gələn Zirvə toplantısı barədə fikir mübadiləsi aparıldı", - rəsmi məlumatda vurğulanıb.

Azərbaycan Avropa Birliyi (AB) ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Gürcüstan, Moldova, Ukrayna, Ermənistan, Belarus və Azərbaycan) AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna artıq AB ilə assosiasiya sazişlərini imzalayıb. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir.

Laçında komanda-qərargah təlimi başlayıb

Laçın rayonunda Azərbaycan-Türkiyə birgə təlimi. Foto arxiv

Bu gün, oktyabrın 19-da Laçında komanda-qərargah təlimi başlayıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, Quru Qoşunlarının 2021-ci ilin hazırlıq planına uyğun həyata keçirilir: "Təlim kommunikasiya vasitələrinin geniş tətbiqi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur. Komanda-qərargah təlimində müasir idarəetmə üsullarının icra edilməsi ilə Quru Qoşunlarının digər qoşun növləri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yoxlanılır".

Laçın rayonu ötən il 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə keçib. Amma bu rayondan keçən (Laçın şəhərindən) və Ermənistanla Qarabağı birləşdirən eni 5 kilometrlik dəhlizə Azərbaycan yox, Rusiya nəzarət edir. Ümumilikdə, həmin müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Laçın rayonu daxil) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizi yaradılıb, orada və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Xatırlatma

Müasir mərhələdə (kökü 20-ci əsrin əvvəllərinə dayanır) Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Bəxtiyar Hacıyev sərbəst buraxılıb

Bəxtiyar Hacıyev

Hacıyev oktyabrın 18-də öz Facebook səhifəsində Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirəcəyini bildirmişdi

İctimai fəal Bəxtiyar Hacıyev oktyabrın 18-də axşam saatlarında Səbail Rayon 9-cu polis bölməsində izahat yazandan sonra sərbəst buraxılıb. Bu barədə Hacıyevin özü məlumat verib.

Məsələyə Daxili İşlər Nazirliyindən isə münasibət almaq mümkün olmayıb.

***

Bundan əvvəl verilən xəbərdə bildirilirdi ki, ictimai fəal Bəxtiyar Hacıyevin bugün, oktyabrın 18-də saxlandığı deyilir.

Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat verib.

Hacıyev oktyabrın 18-də öz Facebook səhifəsində Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirəcəyini bildirmişdi.

Fəalın iddiasına görə, ona qarşı aylardır hüquq-mühafizə orqanları, məhkəmələrin birgə kampaniyası həyata keçirilir.

Rüfət Səfərovun sözlərinə görə, fəal aksiyaya gedərkən saxlandığı ehtimalı var:

"Hazırda onun Səbail rayonun 9-cu polis bölməsində olduğu ilə bağlı məlumat var".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Hacıyevin bir müddət əvvəl ailəsinin və özünün təhqirlərə məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət verdiyi açıqlanmışdı.

Onun bildirməsinə görə, nə həmin, nə də sonradan məhkəməyə şikayətləri təmin edilib.

Xatırlatma

Harvard Universiteti məzunu olan Bəxtiyar Hacıyev 2011-ci ilin martında həbs edilmişdi.

Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilir.

Azərbaycan və Qətər viza rejimini ləğv etdi

Qətərin paytaxtı Doha

"Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında" Saziş imzalanıb.

Sazişi bu gün, oktyabrın 18-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Qətərin Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani imzalayıblar.

Qətər-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri Məhəmməd bin Əbdülrəhman Əl-Taninin başçılıq etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdədir.

Azərbaycan bu günlər eyni məsələ ilə bağlı Serbiya ilə də razılıq əldə etmişdi.

Ölkənin bəzi müxalifət partiyaları isə hesab edir ki, Azərbaycan Avropaya inteqrasiya olunmalı, Avropa Birliyinə üzv ölkələrə vizasız getmək imkanı əldə edilməlidir.

Cəbhəçi inzibati qaydada həbs edilib

Polis

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elxan Əliyevin oktyabrın 16-da inzibati qaydada həbs olunduğu bildirilir.

Bu barədə AXCP-dən məlumat verilib.

AXCP-dən vurğulandığına görə, o, oktyabrın 15-də, saat 17:20 radələrində yoxa çıxıb: "Oktyabrın 16-da isə məlum oldu ki, Elxan bəy Xətai rayon 37-ci polis bölməsindədir. Barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokol tərtib edilib. Ona qondarma polisə müqavimət ittihamı ilə Xətai rayon Məhkəməsində 20 sutka inzibati həbs cəzası verilib".

Bu deyilənlərə Xətai rayon Məhkəməsi və Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

AXCP-nin hazırda 10 civarında fəalı müxtəlif ittihamlarla uzunmüddətli və ya qısa inzibati qaydada həbsdədir. Partiya onların şərləndiyini, siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Rəsmilər isə ölkədə siyasi həbslərin olması ilə bağlı iddiaları, bir qayda olaraq, yalanlayırlar.

Davamı

XS
SM
MD
LG