Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 05:18

Üç fəalın yeri bilinmir


Polis

Yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında saxlananlardan üç gəncin yeri bilinmir.

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) bildiriblər.

Partiyadan verilən məlumata görə, məhkəmənin önündə ümumilikdə 7 nəfər saxlanıb, sonradan 4 nəfər sərbəst buraxılıb.

«Amma saxlanan üç şəxsin - İslam İsmayılzadə, Vüqar Novruzov və Nicat Pənahlının taleyi naməlum olaraq qalır», - partiyadan qeyd ediblər.

«Turan» agentliyi bildirir ki, Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxlansa da, həmin gənclərin taleyinə aydınlıq gətirmək mümkün olmayıb. Agentliyin xəbərinə görə, DİN-in mətbuat xidmətindən bu barədə məlumatlarının olmadığını bildiriblər.

Yanvarın 30-da yaşananlar...

Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP funksionerlərinin məhkəməsi gedir. Söhbət AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Nərimanov rayon şöbəsinin sədr əvəzi Babək Həsənov, Gənclər Komitəsinin üzvü Ruslan Həsənov, Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmlinin işindən gedir.

Yanvarın 30-da bəzi şəxslərin saxlanması məhkəmə prosesində də gündəmə gəlib. Təqsirləndirilən B.Həsənov hər dəfə bu məhkəməyə gələnlərdən bəzilərinin saxlandığını hakimlərin nəzərinə çatdırıb, onların da məsələyə müdaxilə etməsini istəyib: «Bizim yaxınlarımız məhkəməni izləməyə gəlir, onları həbs edirlər. Bu gün də (yanvarın 30-da) 10 nəfərə yaxın saxlanan var. Eşitdiyimizə görə, polislərə göstəriş verilib ki, hər dəfə bu məhkəməyə gələnlərdən bir neçə nəfər həbs olunmalıdır. Bunu polislər özləri deyib. Adamları məhkəmə zalına buraxmırlar. Biz buna etiraz edirik. Məhkəmənin də bu məsələyə münasibət bildirib, tədbir görməsini istəyirik».

Hakimin cavabı

Məhkəmə prosesinə sədrlik edən hakim Eldar İsmayılov cavabında deyib ki, onlar məhkəmə zalından kənarda olanlardan məlumatsızdırlar, məlumatları olsa belə, müdaxilə də edə bilməzlər: «Məhkəməyə gələnlərin buraxılmasına da başqa qurum nəzarət edir».

Vəkil Bəhruz Bayramov bundan öncə saxlanıb 20-30 sutka inzibati həbs cəzası verilən şəxslər haqqındakı məhkəmə qərarlarında yazılanları hakimin diqqətinə çatdırıb. Vəkilin deməsinə görə, inzibati həbs qərarlarında yazılıb ki, onlar məhkəmənin gedişinə mane olduqlarından cəzalandırılıblar: «Bu adamlar heç məhkəmə binasına daxil olmadan həbs ediliblərsə, bunlar necə prosesin gedişinə maneçilik yaradıblar?».

E.İsmayılov yenə də bu məsələlərin indi baxılan işə aidiyyəti olmadığını bildirərək, şahidləri dindirib.

Bu işlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısına gələn şəxslərdən saxlanıb inzibati cəza alanlardan bir neçəsinin həbs müddəti hələ də başa çatmayıb.

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü A.Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri R.Nəsirli və Nərimanov şöbəsinin sədri B.Həsənov ötən il mayın 25-də saxlanıblar. Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı S.Rüstəmov və onun qardaşı oğlu V.Rüstəmli isə daha əvvəl həbs edilmişdi.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələriylə cinayət işi başlanıb. İttihamlar sübut edilərsə, onlara 12 ilə qədər həbs cəzası verilə bilər.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək, «qurama iş» adlandırıb.

XS
SM
MD
LG