Keçid linkləri

Təcili xəbərlər
2019, 27 Mart, çərşənbə, Bakı vaxtı 05:03

Məşğulluq mərkəzinin rəhbəri tutulub


Rüşvət

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar.

Məlumatda bildirilir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fəaliyyət göstərən «161-Qaynar xətt» əlaqə mərkəzinə daxil olmuş vətəndaş müraciətləri əsasında araşdırma aparılıb.

Rəsmi açıqlamada Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən Mehdi Abasov və Mərkəzin baş məsləhətçisi Hafis Allahyarovun adları çəkilir. Onların başqa şəxslərlə birgə müxtəlif vədlər verərək işsiz və iş axtaran şəxslərdən ümumilikdə 7400 manat rüşvət almalarına dair şübhələrin olduğu qeyd edilir. Açıqlamada habelə, onların bir nəfər rayon sakinindən 1000 manat rüşvət almağa cəhd etmələrinə şübhə yarandığı vurğulanır.

«Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (rüşvət alma - təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb», - rəsmi məlumatda yazılıb.

Məlumatda vurğulanır ki, cinayət işi üzrə M.Abasovla H.Allahyarovun xidməti otaqları və yaşadıqları ünvanlarda məhkəmənin qərarları ilə axtarış aparılıb: «İçərisində ayrı-ayrı şəxslərdən pul alınmasını təsdiq edən yazılar olan kitabçalar, iş axtaran vətəndaşların qeydiyyatı kitabı, habelə iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkarlanaraq maddi sübut kimi götürülüb. Cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında M.Abasov və H.Allahyarov şübhəli şəxs qismində tutulublar».

Birgə açıqlamaya görə, hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları, habelə vurulmuş ziyanın ödənilməsindən ötrü zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bu iddialara, hələlik, sözügedən işdə tutulan şəxslərin və ya onların vəkillərinin münasibətini almaq mümkün olmayıb. Onların ittihama münasibəti açıqlanmır. Qeyd edilən maddələr üzrə ittiham sübuta yetirilərsə, onlara 8 ildən 12 ilədək həbs cəzası verilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG