Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 10:25

Ailəsi həbsdəki şairin səhhətindən narahatdır


T.Həsənli

Həbsdəki satirik şair Tofiq Həsənlinin səhhətində problemlər yaranıb.

Bunu AzadlıqRadiosuna onun ailə üzvləri deyiblər. Onların bildirməsinə görə, 6 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanan şairlə telefonla danışıblar: «Tofiq Həsənlinin səhhətində problemlər yaranıb. Onun kəskin ağrıları olur. Ürəyində ciddi ağrıları var. Əl-ayağında qıcolmalar baş verdiyini deyir. Böyrəyindən də şikayətlənir, onu incitdiyini söyləyir».

Ailə üzvlərinin sözlərinə görə, T.Həsənlinin müalicə və müayinə edilməsinə ehtiyac var, bundan ötrü gərəkli addımları atacaqlar.

Şairin vəkili Elçin Sadıqov da AzadlıqRadiosuna açıqlamasında deyib ki, həmin məsələ ilə bağlı T.Həsənlinin ailəsi ona da müraciət edib. O da, öz növbəsində, bununla bağlı əlaqəli qurumlara müraciət etmək niyyətindədir.

Hələlik, Penitensiar Xidmətdən satirik şairin durumu ilə bağlı məlumat almaq mümkün olmayıb. Ancaq bundan öncə oxşar məsələlərlə bağlı Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, əgər hər hansı məhbusun sağlıq durumu ilə bağlı problem yaranarsa, tibb idarəsi gərəkli addımları atır.

Xatırlatma

Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. Ancaq ittihamı qəbul etmir. Onun apellyasiya və kassasiya şikayətləri də təmin olunmayıb.

T.Həsənli kütləvi informasiya vasitələrində (KİV) hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi pamfletləri ilə tanınır.

2005-ci ildə də o, narkotikə görə 3 il azadlıqdan məhrum edilib. Amma 2007-ci ildə amnistiya ilə azadlığa buraxılıb.

T.Həsənli Facebook və Youtube hesablarında satiralarını yaymağa davam edib. 2015-ci ilin yanvarında o, həbslə hədələndiyini bildirib, oktyabrda isə saxlanıb. Buna qədər onun xaricdən yayımlanan «Azərbaycan saatı» proqramında tənqidi şerləri oxunurdu.

Ancaq Azərbaycan rəsmiləri deyir ki, Azərbaycanda insanlar hər hansı fikirlərinə, tənqidlərinə görə yox, konkret əməlləri ilə bağlı məsuliyyətə alınırlar.

Multimedia

XS
SM
MD
LG