Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 17:51

Aİ təmsilçisi QHT rəhbərləri ilə görüşüb


T.Klaar

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar noyabrın 8-də Azərbaycanda vətəndaş cəmiyyətinin bəzi təmsilçiləri ilə görüşüb.

Onunla görüşdə Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Komitəsinin sədri Novella Cəfəroğlu, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov və Beynəlxalq Böhran Qrupunun məsləhətçisi Zaur Şiriyev iştirak edib.

Ə.Həsənov AzadlıqRadiosuna bildirib ki, görüşdə Dağlıq Qarabağ məsələsi, Aİ-nin Dağlıq Qarabağ siyasəti layihəsi, Azərbaycan qeyri-hökumət təşkilatlarının (QHT) indiki durumunda həmin layihənin reallaşdırılmasında yaranan çətinliklər müzakirə mövzusu olub. Onun deməsinə görə, Aİ-nın Dağlıq Qarabağ siyasəti layihəsi 9 ildir davam edir, orada Azərbaycan, Ermənistan QHT-ləri də iştirak edirlər. Layihənin məqsədinin problemin sülh yolu ilə həllinə dəstək vermək olduğu bildirilir

Aİ elçisinin Azərbaycanda görüşləri davam edir

Xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 7-də Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaarı qəbul edib.

Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, tərəflər həm Azərbaycan-Aİ arasında tərəfdaşlıq, həm də Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesindən bəhs ediblər.

Noyabrın 7-də daha sonra T.Klaarın rəhbərlik etdiyi nümayəndə heyəti müdafiə naziri Zakir Həsənovla görüşüb.

Müdafiə Nazirliyinin məlumatına görə, bu görüşdə cəbhə xəttindəki hazırkı vəziyyətə dair fikir mübadiləsi aparılıb. Nazir qonağa bildirib ki, Azərbaycan ərazilərinin 20 faizi Ermənistanın işğalı altındadır.

O vurğulayıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin həllində əsas maneədir.

Avropa İttifaqının elçisi Bakıda

Noyabrın 7-də Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.

Noyabrın 7-də onu Azərbaycan prezidenti İlham Əliyev qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının uğurla inkişaf etdiyi bildirilib. Habelə vurğulanıb ki, hazırda iki tərəf arasında tərəfdaşlığa dair yeni saziş üzrə danışıqlar aparılır.

Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətrafında, Azərbaycanla Avropa İttifaqı arasında turizm, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

T.Klaarın səfəri iki gün davam etməlidir. Onun ölkənin daha bir neçə rəsmi şəxsi ilə görüşü nəzərdə tutulur.

Xatırlatma

Azərbaycan Aİ ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində əməkdaşlıq edir. «Şərq Tərəfdaşlığı» Aİ-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar ötən ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

Multimedia

XS
SM
MD
LG