Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:20

Çinlə Hindistan İrandan neft alışını davam etdirir


İranın neft ixracı

Birləşmiş Ştatların İranın neft sektoruna sanksiyaları noyabrın 5-də qüvvəyə minir. Bu arada Tehranın iki əsas alıcısı – Hindistanla Çin Vaşinqtonun alışı sıfıra endirmək çağırışlarına dirəniş göstərirlər. Onlar arqumentlərini dünyada yetərli təchizatın olmamasıyla əsaslandırırlar.

Vaşinqton İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxandan sonra sanksiyaları da bərpa edir. Tehranın ən böyük müştərisi olan Çin açıq şəkildə bildirib ki, sazişə əməl edəcək, İrandan neft idxalını da davam etdirəcək. Qeyd edək ki, Vaşinqton Çin şirkətlərini, sanksiyalara əməl etməzlərsə, ABŞ bazarından çıxarmaqla hədələyib.

İranın Asiyadakı daha iki böyük alıcısı – Yaponiya və Cənubi Koreya artıq İran neftini almağı dayandırıblar. Di gəl, Çinlə Hindistana satışın qalması perspektivi Tehranın inamını möhkəmləndirib.

SANKSİYALAR PEKİNİN VECİNƏ DEYİL

İranın vitse-prezidenti Eshaq Jahangir oktyabrın 28-də deyib ki, İranın neft ixracının günə bir milyon barreldən aşağı düşəcəyini gözləmir. Apreldə İranın ixracı günə 2,5 milyon barrel olub, yəni onsuz da ixracda kəskin azalma baş verib.

Tehranın meri Mohammad Bagher Ghalibaf (solda) və Eshaq Jahangir
Tehranın meri Mohammad Bagher Ghalibaf (solda) və Eshaq Jahangir

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chunying ötən həftə jurnalistlərə deyib ki, “Çinin bu məsələdə mövqeyi aydın şəkildə ifadə olunub”.

Çin İrandan günə 500 min-800 min barrel neft idxal edir ki, bu da aya 1,5 milyard dollar deməkdir. Görünür, ABŞ-ın gözlənən sanksiyaları da Pekinin vecinə deyil, çünki dünyanın ikinci iqtisadiyyatıdır və Vaşinqtonla ticarət müharibəsi aparır.

Çin həmçinin nüvə sazişini imzalamış Avropa ölkələri ilə elə bir mexanizm üzərində işləyir ki, ABŞ sanksiyalarından yayınmaqla İrandan aldıqları neftə görə ödəniş etsinlər, ABŞ dollarından istifadə etməsinlər. Amma dünyada neftlə ticarət adətən dollarla aparılır.

Çin özünün milli valyutasını – yuanı dollara alternativ kimi təqdim edir və ümid edir ki, ABŞ sanksiyaları dünyada daha çox treyderi tranzaksiyaları dollar əvəzinə yuanla aparmağa sövq edəcək.

İran Çinin İpək Kəməri və Yolu təşəbbüsünün də strateji tərəfdaşıdır. Bu layihənin məqsədi Avrasiya və Afrika ərazisində ticarət və infrastruktur marşrutları yaratmaqdır.

İranın ikinci böyük neft müştərisi Hindistanın da Tehranla tarixən sıx münasibətləri olub. O, Birləşmiş Ştatların tətbiq etdiyi “birtərəfli” sanksiyaları tanımadığını bildirir.

İran neftinin Asiyadakı müştəriləri
İran neftinin Asiyadakı müştəriləri

Amma Hindistanın durumu daha kövrəkdir, ehtiyacı olan neftin 80 faizini idxal edir. Bu səbəbdən Nyu Dehli İrandan neft idxalını məhdudlaşdırıb, sanksiyaların təsirinə məruz qalmamağın yollarını axtarır.

BAHALI ALTERNATİVLƏR

Hindistan hökumətində bir mənbə “Reuters”ə deyib ki, Nyu Dehli Vaşinqtona neftin bahalanmasının ona İrandan neft alışını tezliklə sıfıra salmasını əngəllədiyini bildirib.

“Alternativlər baha olduğundan İrandan neft idxalını bitirə bilmərik”, – mənbə söyləyib.

Hindistan İrandan günə 500 min barrel neft idxal edir, amma son aylar bunu azaldıb.

“Reuters”in yazmasına görə, İranın dördüncü neft alıcısı olan Türkiyə də Birləşmiş Ştatların sanksiyalarına meydan oxumağa hazırdır.

Türkiyə İrandan neft idxalını yarıbayarı azaldıb sıfıra da endirə bilər, amma neft almağa davam etməyə üstünlük verir.

Türkiyə də Hindistan kimi ABŞ sanksiyalarından yayınmağın yollarını axtarır.

Amma “Reuters” onu da xəbər verir ki, Çinin iki enerji nəhəngi – Sinopec Group China National Petroleum Corp sanksiyalardan dolayı noyabr ayı üçün İrandan neft sifariş etməyiblər.

Hindistanın Reliance özəl neft emalı zavodu da İran neftinin alışını dayandırdığını elan edib.

Bu arada İranın rəqibi olan Səudiyyə Ərəbistanının Tehranın Asiyadakı müştərilərini yoldan çıxarmağa çalışdığı xəbər verilir.

XS
SM
MD
LG