Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 11:49

Fərman Ceyranlının işində apellyasiya qərarı yubanır


F.Ceyranlı

Gürcüstanda həbsdə olan cərrah, «Lancet» klinikasının həmtəsisçisi Fərman Ceyranlının bu gün, oktyabrın 23-nə təyin edilmiş məhkəməsi yenə təxirə salınıb. Oktyabrın 23-də F.Ceyranlı barəsində qərarın elan ediləcəyi gözlənilirdi.

Cərrahın qızı Lalə Hüseynli AzadlıqRadiosuna deyib ki, Gürcüstan Apellyasiya Məhkəməsinin iclası baş tutmayıb. Onun sözlərinə görə, iclasın təxirə salınması onlara hakimlərin ezamiyyətdə olması ilə izah edilib.

F.Ceyranlının yaxınları isə məhkəmənin yubanmasını başqa səbəblərlə izah edirlər. L.Hüseynli deyir ki, onlar məhkəmənin Gürcüstandakı növbəti prezident seçkisindən sonra başa çatacağını düşünürlər.

«Hakimlərin ezamiyyətdə olduğunu bildirdilər. Ancaq bilirik ki, seçkilərə görədir. Seçki oktyabrın sonunda olacaq. Yəqin ki, seçkidən sonra qərarı elan edəcəklər», - L.Hüseynli bildirib. O, yaxınlarının, vəkillərinin həbsdəki cərrahla görüşdüyünü, durumunun normal olduğunu bildirib.

Gürcüstan Apellyasiya Məhkəməsindən F.Ceyranlının vəkillərinə isə prosesin noyabrın 14-də davam etdiriləcəyi bildirilib.

Bundan əvvəl F.Ceyranlının yaxınları onun apellyasiya şikayətinə baxılmasının yubadıldığını açıqlamışdılar. Apellyasiya şikayətinə baxılmasına bu ilin yazında başlanıb. Sonuncu məhkəmə iclası 3 aylıq fasilədən sonra ötən ay, sentyabrın 25-də keçirilmişdi.

Xatırlatma

Əslən Gürcüstandan olan F.Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, burada təhsil alıb və işləyib.

1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. O, bir neçə il əvvəl Gürcüstana gedib. Orda «Lancet» klinikasının yaradıcılarından biri olub və ötən il mayın 22-də həbs edilib.

F.Ceyranlı Gürcüstan Cinayət Məcəlləsi ilə dələduzluqda, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə ittiham olunurdu. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürülməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

Tbilisi Şəhər Məhkəməsi bu il fevralın 8-də ona 6 il həbs cəzası verilməsi haqda hökm çıxarıb. Hökmdə vurğulanır ki, məhkəmə zamanı cərraha qarşı irəli sürülmüş dələduzluq ittihamı təsdiqini tapıb.

F.Ceyranlı bildirib ki, o, Azərbaycandan verilən sifarişlə, haqsız yerə həbs edilib. O, bunu Azərbaycan müxalifəti ilə yaxın olması ilə izah edib.

Cərrahın bu açıqlamasına nə Azərbaycan, nə də Gürcüstanın hüquq-mühafizə orqanlarından münasibət bildirilib. Ancaq Azərbaycanda hakimiyyəti müdafiə edən şəxslər və bəzi deputatlar vurğulayıblar ki, F.Ceyranlının siyasi baxışlarına görə həbs edildiyini deməsinin heç bir əsası yoxdur.

Multimedia

XS
SM
MD
LG