Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 23:42

Vəkil barəsində çıxarılan qərarın ləğvini istəyir


Y.İmanov

Hüquqşünas Yalçın İmanov Vəkillər Kollegiyasının onun barəsində çıxarılmış qərarının ləğv edilməsini istəyir.

Bu haqda hüquqşünasın özü AzadlıqRadiosuna məlumat verib.

Y.İmanov 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. O, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 2017-ci il noyabrın 20-də verdiyi qərarın ləğv edilməsini istəyir. Sözügedən qərarla Y.İmanovun vəkillik fəaliyyətinə xitam verilməsindən ötrü məhkəməyə müraciət olunub. Həmin qərarla Y.İmanovun vəkillik fəaliyyəti də dayandırılıb.

Y.İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı Kollegiyanın məhkəməyə müraciətinə hələ tam baxılmayıb. Çünki o, Vəkillər Kollegiyasının Rəyasət Heyətinə qarşılıqlı iddia qaldırıb, ancaq həmin iddia icraata götürülməyib. İddianın icraata götürülməməsi iddianın müstəqil tələb olması ilə izah edilib.

«Məhkəmənin bu izahını nəzərə alaraq müstəqil tələblə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət vermişəm. Hesab edirəm ki, vəkillik fəaliyyətimə xitam verilməsi üçün heç bir hüquqi əsas olmayıb», - deyən Y.İmanov inzibati məhkəmədən Vəkillər Kollegiyasının barəsindəki qərarını ləğv etməsini istəyib.

Hüquqşünasın şikayəti icraata qəbul edilib. Şikayətlə bağlı ilk məhkəmə iclası oktyabrın 19-da 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində keçiriləcək.

Vəkillər Kollegiyası Rəyasət Heyəti ötən il noyabrın 20-də Y.İmanovun bu qurumdan xaric olunmasından ötrü məhkəməyə müraciət haqda qərar qəbul edib. Məhkəmə yekun qərar verənə qədər Y.İmanovun vəkillik fəaliyyəti dayandırılıb. Həmin qərara səbəb kimi isə ötən ilin avqust ayında Penitensiar Xidmətin rəis əvəzi olmuş Oqtay Məmmədovun ondan şikayəti göstərilib.

Y.İmanov Nardaran hadisələrinə görə terrorçuluq və bir sıra ağır cinayətlərdə ittiham olunaraq 20 il həbs cəzası almış Abbas Hüseynovun ona təqdim etdiyi yazılı izahatına əsaslanaraq, mətbuata açıqlamasında onun işgəncəyə məruz qalması haqda şikayətini çatdırmışdı. Penitensiar Xidmətin rəhbərliyi bunu «ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsinə, bu dövlətin çiçəklənməsini gözü götürməyən qüvvələrə xidmət edən addım» kimi qiymətləndirib.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti də vəkilin müdafiə etdiyi şəxsə istinadən onun həbsxanada işgəncəyə məruz qalması haqda mətbuata söylədiklərini «vəkillik fəaliyyətinə yaraşmayan hərəkət» hesab edib.

Xatırlatma

Kollegiyanın qərarına Gəncə İnzibati-İqtisadi Məhkəməsində baxılır. Bu proses hələ bitməyib. Həmin məhkəmədə Y.İmanovun işin yaşadığı və işlədiyi Sumqayıt şəhərinə göndərilməsi barədə vəsatəti təmin edilməyib. Üstəlik, onun Rəyasət Heyətinin ötən il verdiyi qərarının ləğvi barədə qarşılıqlı iddiasının icraata götürülməməsi barədə qərardad qəbul edilib.

Y.İmanovun həmin məsələlərdən şikayətini əvvəlcə Gəncə Apellyasiya Məhkəməsi, ardınca da Ali Məhkəmə təmin etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG