Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 20:46

Keçmiş rəisin etirafı: 'Qiymətlər şişirdilirdi'


Foto illüstrasiya
Foto illüstrasiya

Qəbələ Telekommunikasiya Qovşağının rəisi olmuş Şahin Tağıyev məhkəmə önünə çıxarılıb. O, rəhbərlik etdiyi qovşaqda tikinti-bərpa işləri zamanı qiymətlərin şişirdilməsi və büdcədən alınan artıq vəsaitin bir hissəsinin mənimsənilməsində suçlanır.

Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Ş.Tağıyev həbsdə deyil.

Cinayət işinin materiallarında yazılıb ki, ümumilikdə 1 milyon manatdan artıq mənimsəmədən söhbət gedir, onun da 168 min manatı Ş.Tağıyevə çatıb. Mənimsənildiyi iddia edilən qalan vəsaitin isə «Aztelekom» MMC-nin baş mühasibi olmuş Oqtay Rüstəmova verildiyi ittihamda yazılıb.

«Qiymətlər şişirdilib, ancaq pul mənə çatmayıb»

Oktyabrın 3-də məhkəmədə ifadə verən Ş.Tağıyev özünü təqsirli bilməyib. Deyib ki, iş materiallarında bəhs olunan 168 min manat ona çatmasa da, həmin məbləği istintaq dövründə ödəyib.

Keçmiş rəis təsdiqləyir ki, məbləğlərin şişirdilməsi olub. Lakin onun dediyinə görə, bunu podratçı şirkət edib: «Mənim marağım sadəcə, işlərin görülməsi olub. Podratçı şirkətlə razılığı mən imzalasam da, pulu mən ödəməmişəm. Heç bir məbləğ də almamışam».

Ş.Tağıyev söyləyir ki, podratçı şirkətə ayrılan pulu bankdan çıxardıqdan sonra «Aztelekom»un sabiq baş mühasibi O.Rüstəmova verib.

O.Rüstəmov 2015-ci ilin oktyabrında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərindən ibarət 11 nəfər həbs olunanların sırasında idi. O, təxminən il yarım həbsdə saxlandıqdan sonra şərti cəza ilə azadlığa buraxıldı. O.Rüstəmovun bu son ittihamla bağlı, hələlik, hər hansı reaksiyası məlum deyil.

Ş.Tağıyevin məhkəməsində məlum olub ki, onun Qəbələdə 300 min manat dəyərində evinin üzərinə həbs qoyulub. Sabiq qovşaq rəisi həbsin götürülməsini istəyir.

Xatırlatma

2015-ci ilin oktyabr-noyabr aylarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov, «Bakı Telefon Rabitə» İstehsalat Birliyinin rəisi Beytulla Hüseynov, «Aztelekom» MMC-nin rəhbəri Məhəmməd Məmmədov da daxil, 11 nəfər həbs olunmuşdu. Onlar özlərinə yaxın adamların adına şirkətlər yaradıb, nazirliyin tabeliyində olan qurumların binalarının təmir-tikintisini, avadanlıqlarla təchiz olunmasını həmin şirkətlərə həvalə edib qiymətləri də şişirməklə 154 milyon manat vəsaitin mənimsənilməsi və israfında suçlanırdı. Sonradan həmin 11 nəfərin 8-i şərti cəza ilə azadlığa buraxıldı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG