Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

‘Rabitəçilər işi’: ‘Bizim işimizə görə 550 təşkilatdan pul alınıb, haradadır onlar?’


Vidadi Zeynalov
Vidadi Zeynalov

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri olmuş Vidadi Zeynalov deyir ki, onun özü və nazirliyin başqa vəzifəlilərinin həbsindən sonra 550 təşkilatda yoxlama aparılıb.

Keçmiş məmurun iddiasına görə, həmin təşkilatların hamısından da pul alınıb. V.Zeynalov bu haqda oktyabrın 31-də öz məhkəməsində danışıb.

2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra həbs olunan V.Zeynalov və onunla birlikdə mühakimə olunanların şikayətinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Mühakimə olunanlar arasında Zeynalovla yanaşı, “Bakı Telefon Rabitə” İstehsalat Birliyinin baş direktoru olmuş Beytulla Hüseynov, onun baş mühasibi Anar Mustafayev və başqaları var.

Buna da bax:​ Vidadi Zeynalov dövlətə 7 milyon 330 min 536 manat ödəyib

“... BÜTÜN ƏMLAKLARIM QURBANDIR”

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu olan Beytulla Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsində işinə baxılarkən dövlətə dəymiş ziyanın əvəzi kimi, 10 milyon manat ödəyib. Vəkili deyir ki, ödənişə baxmayaraq, B.Hüseynovun ailə üzvlərinin, qohumlarının əmlaklarının üzərinə qoyulmuş həbs götürülməyib.

Buna da bax: Akif Çovdarova 12 il həbs cəzası verildi [yenilənib]

Hakim təqsirləndirilən şəxslərdən dövlətə vurulmuş ziyanın qalan hissəsini ödəyib-ödəməyəcəklərini soruşanda Vidadi Zeynalov belə cavab verib:

“Əgər günahımız varsa, mənim bütün əmlaklarım qurbandır. Bizə demirlər ki, nə qədər pul qalıb. İşimizlə əlaqədar 550 təşkilat yoxlanılıb, hamısından da pul alınıb. Bəs hanı o pullar? Ödənilibsə, dəqiq rəqəm desinlər. Biz də bilək ki, nə qədər borcumuz qalıb. Ağır Cinayətlər Məhkəməsində dedilər ki, guya, mənim vurduğum zərər 7 milyondur. Qohum-əqrəbam ödədi. Əmlaklarımı satıblar, borcun, faizin içindəyəm...”

Buna da bax: MTN polkovniki: '579 adam tutmuşam, amma heç birinin evində... '

“Rabitəçilər işi” üzrə apellyasiya məhkəməsində dövlət ittihamını müdafiə edən prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Ona noyabrın 7-nə qədər vaxt verilib.

XATIRLATMA

2015-ci ilin oktyabrında MTN-dən dərhal sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən əməliyyat nəticəsində ümumilikdə 11 nəfər həbs olunub. Onlardan 5 nəfəri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alaraq, azadlığa çıxıb.

Həbsdən buraxılanlar arasında “Aztelekom”un keçmiş rəhbəri Məhəmməd Məmmədov da var. Qalan altı nəfərdən V.Zeynalov və B.Hüseynovun hər biri 13 il, “Bakı Telefon Rabitə” İstehsalat Birliyinin baş mühasibi Emin Mustafayev 5 il, “Azərpoçt” MMC-nin sabiq rəhbəri Qəmbər Bəybalayev 3 il azadlıqdan məhrum edilib. Onlar mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə suçlanırlar. İttihama görə, təqsirləndirilən şəxslər nazirliyin tabeliyində olan qurumlarda təmir-tikinti zamanı xərcləri qəsdən şişirdib, qiymətləri bir neçə dəfə baha göstərməklə, tenderlərdə özlərinə yaxın şirkətlərin qalib olmasını təmin etməklə dövlət büdcəsindən ayrılmış milyonlarla vəsaiti mənimsəyiblər. Bu iş üzrə dövlətə dəymiş ümumi ziyanın məbləği 153 milyon göstərilib.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. İki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG