Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 10:45

BMT-də Azərbaycana tövsiyələr müzakirə edilib


BMT

Dünən, sentyabrın 20-də BMT İnsan Hüquqları Şurasının 39-cu sessiyası çərçivəsində Universal Dövri İcmal üzrə Azərbaycanın 3-cü dövri məruzəsi qəbul edilib.

Bunu bu gün, sentyabrın 21-də yaydığı məlumatda Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti bildirib.

Məlumatda vurğulanır ki, tədbirin əvvəlində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov açılış nitqi ilə çıxış edib. O, UDİ üzrə baxışda Azərbaycana təqdim olunan 259 tövsiyədən əksəriyyətinə dəstək verildiyini bildirib. Nazir müavinin vurğulamasına görə, onların bir hissəsi artıq həyata keçirilib, qalan tövsiyələr isə həyata keçirilməkdədir.

Nazir müavini çıxışında habelə qeyd edib ki, Azərbaycan BMT-nin müqavilə qurumları və UDİ mexanizmi çərçivəsində əməkdaşlığa önəm verir O deyib ki, bu xüsusda sözügedən mexanizmlər çərçivəsində Azərbaycana münasibətdə qəbul edilmiş tövsiyələrin icrasına nəzarəti daha da gücləndirmək məqsədilə prezident milli mexanizm kimi fəaliyyət göstərəcək işçi qrupun yaradılması haqqında sərəncam verib.

«Nazir müavini korrupsiyaya qarşı mübarizə, vəkillik fəaliyyətinin təkmilləşdirilməsi sahəsində ölkəmizdə həyata keçirilən tədbirlərdən bəhs edib», - məlumatda vurğulanır.

Eyni zamanda, o, qaçqın və məcburi köçkünlərin iqtisadi-sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərə toxunub. X.Xələfov deyib ki, Ermənistanın Azərbaycanın ərazilərinin bir hissəsini işğal etməsi nəticəsində orada yaşayan insanların əsas hüquqları pozulub.

İclasın sonunda UDİ üzrə İşçi Qrupun Azərbaycan baxışı üzrə hesabatının qəbul olunduğu bildirilir.

«Turan» agentliyinin xəbərinə görə isə, müzakirələr heç də sakit keçməyib.

Beynəlxalq təşkilatların bəyanatı

İclasda iştirak edən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun icraçı direktoru Emin Hüseynovun «Turan» agentliyinə bildirməsinə görə, çıxış edənlərin bəziləri qeyd edib ki, Azərbaycan tövsiyələri yerinə yetirməyib. Onun verdiyi məlumata görə, «Artikl 19» nümayəndəsi bir sıra beynəlxalq təşkilatın adından xüsusi bəyanatla çıxış edib. E.Hüseynovun vurğulamasına görə, bəyanatda qeyd edilib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin işi olduqca məhdudlaşdırılıb, xarici donorlara işləməyə imkan verilmir, hakimiyyət vəkillərə təzyiqləri artırır, jurnalistləri və hökuməti tənqid edən şəxsləri həbsxanadan buraxmırlar.

Xatırlatma

Azərbaycanın 3-cü dövri məruzəsi bundan öncə, bu il mayın 17-də BMT-nin Universal Dövri İcmal üzrə 30-cu sessiyasında da müzakirə edilmişdi. Azərbaycana insan hüquqlarına dair bütünlükdə 200-dən çox tövsiyə verilib.

Universal Dövri İcmal prosesi BMT sistemi daxilində insan hüquqları üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin monitorinqi sahəsində ən mötəbər təcrübə hesab edilir.

Beş ildən bir keçirilən UDİ baxışı zamanı hər bir BMT üzvü olan dövlətin insan hüquqlarının qorunması sahəsində beynəlxalq öhdəliklərini icra etmə vəziyyəti qiymətləndirilir. Başqa dövlətlər məruzəsi dinlənilən dövlətə tövsiyələr də verirlər.

Azərbaycan bundan əvvəl 2013-cü ilin sentyabrında ikinci hesabatını təqdim etmişdi.

Multimedia

XS
SM
MD
LG