Keçid linkləri

Təcili xəbərlər
2024, 25 Fevral, bazar, Bakı vaxtı 09:03

Dünya xəbərləri

İranın Suriyadan çıxmasını istəyəcəklər

John Bolton
John Bolton

Birləşmiş Ştatlar Rusiyayla danışıqlarda İran ordusunun Suriyadan tam çıxmasını istəyəcək. Bunu Ağ evin milli təhlükəsizlik müşaviri John Bolton deyir.

“Reuters” informasiya agentliyinin avqustun 22-də dərc etdiyi müsahibədə Bolton bildirir ki, Vaşinqtonun Suriyada bir neçə min əsgər saxlamasının səbəbi buradakı iranlı döyüşçülərin ABŞ-ın müttəfiqi İsrailə təhlükə yaratmasıdır.

“Suriyadakı məqsədimiz İslam dövləti qruplaşmasının məhvini tamamlamaq, İŞİD terrorçuluğunun qalıcı təhdidi ilə mübarizə aparmaq, iranlı döyüşçülər və nizami qüvvələrinin mövcudluğu məsələsini qaldırmaqdır. Bizi orada saxlayan həmin məsələlərdir”, – o deyib.

Bolton avqustun 23-də rusiyalı həmkarı Nikolai Patrushev-lə Cenevrədə görüşəcək. Bu, Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trump-la ötənaykı sammitindən bəri ilk rəsmi görüşdür. Həmin sammitdə də İran qüvvələrinin Suriyadan çıxarılmasına dair ABŞ və İsrailin tələbi müzakirə olunub.

Boltonun “Reuters”ə deməsinə görə, Putin Trump-a söyləyib ki, Rusiya İran qüvvələrini Suriyadan çıxmağa məcbur edə bilməz.

“Suriyada münaqişənin həllindən ötrü nələri razılaşdıra biləcəyimiz müzakirə olunacaq. Ancaq birinci şərt İranın bütün qüvvələrinin geri qayıtmasıdır”, – o deyib.

Bütün xəbərləri izləyin

Bayden iqlimdən danışanda Putinə ağır söz atıb

ABŞ prezidenti Co Bayden özünün seçkiqabağı tədbirində Rusiya prezidenti Vladimir Putin barəsində ağır ifadə işlədib:

"Bizdə Putin və başqaları kimi elə gicbəsər it uşaqları var ki, biz həmişə nüvə münaqişəsindən narahat olmalıyıq. Amma bəşəriyyət üçün həyati təhlükə - iqlim dəyişikliyidir”.

Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, belə ifadələr Putinə çətin ki toxunsun, amma bu ifadəni işlədənin şəxsiyyətini alçaldır.

Peskov əlavə edib ki, Bayden “Hollivud kovboyu” kimi görünmək istəyib.

İqlim dəyişikliyi həqiqətən də təhlükədir

İqlim dəyişikliyi artıq bir neçə onillikdir ki, Yer kürəsində həyat üçün təhlükə kimi müzakirə olunur.

2023-cü il müşahidələr tarixində ən isti il olub.

Alimlər deyirlər ki, qlobal termperaturun yüksəlməsi quraqlıq, meşə yanğınları, qasırğalar, soyuq və isti hava dalğaları kimi ekstremal hava şəraitlərini və onların intensivliyini artırıb.

Bütün bunlar insanların, heyvanların və bitkilərin məhv olmasına səbəb olur.

Dünya Meteoroloji Təşkilatının məlumatına görə son 50 ildə dünyada 12 minədək təbii fəlakət baş verib.

Bu fəlakətlər nəticəsində iki milyonadək insan dünyasını dəyişib, çox sayda heyvan tələf olub və dünya iqtisadiyyatına 4.3 trilyon dollar ziyan dəyib.

Navalnının xatirəsini yad edən jurnalı Moskvada köşklərdən yığışdırıblar

Moskvada qəzet köşkü
Moskvada qəzet köşkü

Bir nömrəsi qismən müxalifətçi Aleksey Navalnının xatirəsinə həsr olunmuş "Sobesednik" jurnalını Moskvada köşklərdən tamamilə yığışdırıblar. Bunu qəzetin redaksiya heyəti bildirib. Hakimiyyət Kremlin mərhum opponentinin xatirəsinin açıq şəkildə istənilən formada yad olunmasının qarşısını almağa çalışır.

Navalnının fevralın 16-da uzaq Arktikada həbsxanada vəfat xəbəri Rusiyada və dünyada kədər və qəzəbə səbəb olub. Onun nəşinin ailəsinə verilməməsi isə ölümün səbəbləri ilə bağlı şübhələri artırıb. Müxalifətçinin rəsmi ölüm səbəbi "qəfil ölüm" kimi göstərilib.

Rusiyada çap mediası müxalifətçinin ölümünü görməzdən gəlib, amma "Sobesednik" fevralın 21-də birinci səhifədə Navalnının gülümsəyən fotosunu dərc edib, altında "... amma ümid var!" sözlərini yazıb.

Qəzet Navalnının ölümünə Rusiyanın müxtəlif şəhərlərində spontan anım mərasimlərini, ictimai xadimlər, insan haqları fəalları, jurnalistlərin şərhlərini dərc edib. 2021-ci il Nobel Sülh Mükafatı laureatı Dmitri Muratov da fikir bildirib.

"Çox ciddi və qorxulu..."

"Sobesednik"in jurnalisti Yelena Milçanovskaya "SotaVision" Telegram kanalına deyib ki, dərginin bütün nüsxələrinin Moskvada müsadirə olunması səbəblərini redaktorlara deməyiblər.

"Bütün bunlar bizdən ötrü çox ciddi, hətta bir az da qorxuludur", - jurnalist söyləyib. Onun sözlərinə görə, "Roskomnadzor" mediaya nəzarət qurumu Navalnıya həsr olunmuş nüsxəyə onlayn çıxışı da bloklayıb.

Sankt-Peterburqda Aleksey Navalnının xatirəsi anılıb
Sankt-Peterburqda Aleksey Navalnının xatirəsi anılıb

Navalnının xatirəsini yad edənlərə çağırış vərəqəsi gəlib

Sankt-Peterburq şəhərində müxalifətçi Aleksey Navalnının xatirəsinə gül qoyduğuna görə bir neçə sutkalıq həbs olunan altı nəfərə izolyatordan çıxan kimi hərbi komissarlığa çağırış vərəqəsi verilib.

Onlardan başqa, Sankt Peterburqda qeydiyyatda olmayan dörd vətəndaşa da vərəqələr verilib. Bu şəxslər məhz həbsdə ölən siyasətçinin xatirəsini anmaq üçün Peterburqa gediblər.

Ümumilikdə Sankt Peterburqda Navalnı memorialına gül qoymağa görə 200-ə yaxın insan mühakimə olunub, onların çoxuna bir sutkadan 14 sutkaya qədər həbs cəzası kəsilib. Polislərin protokollarda yazdığına görə, saxlananlar "yoldan keçənlərin yolunu kəsiblər".

Müxalifət lideri A.Navalnının həbsdə ölməsi barədə fevralın 16-da xəbər yayılıb. Bundan sonra Rusiyanın onlarla şəhərində insanlar, əsasən, siyasi repressiya qurbanlarının abidələrinə gül dəstələri qoymağa başlayıblar. "OVD-Info" insan haqları layihəsinin məlumatına görə, polis müxalifətçinin xatirəsini yad etmək istəyən azı 350 nəfəri saxlayıb.

Navalnının nəşi hələ də yaxınlarına verilməyib, rəsmi orqanlar bunu təhqiqatın davam etməsi ilə izah ediblər. Siyasətçinin anası bununla bağlı məhkəməyə müraciət edib.

Rusiyanın Ukraynada itkiləri ilə bağlı yeni rəqəmlər açıqlanıb

Donetsk vilayətində cəbhə xəttində həlak olan rusiyalı əsgərin cəsədi
Donetsk vilayətində cəbhə xəttində həlak olan rusiyalı əsgərin cəsədi

İki il öncə Ukraynanın tammiqyaslı işğalı başlayandan 45 min 123 rusiyalı əsgər öldürülüb. Bunu "Mediazona" və BBC-nin rus xidməti ölənlərin kimliyini müəyyənləşdirməklə üzə çıxarıb.

Araşdırmaya görə, ölümü təsdiqlənmiş şəxslərin üçdə ikisi işğal başlayanda ordu ilə əlaqəsi olmayanlardır. Onlar könüllülər, səfərbərlər, keçmiş məhkumlar və özəl hərbi şirkət döyüşçüləridir.

Ölənlərin 5 min 406 nəfəri səfərbər olunmuş şəxslərdir, onların da 80 faizi müharibənin ikinci ilində həyatını itirib.

Ölü sayı, əsasən, Krasnodar, Sverdlovsk, Başqırdıstan və Çelyabinsk vilayətləri üzrə qeydə alınıb.

Jurnalistlər araşdırmanı mediada çıxan başsağlığıları, qurbanların qohumlarının sosial şəbəkələrdə mesajları, yerli administrasiyaların, eləcə də qəbiristanlıqların məlumatları əsasında aparıblar. Onlar real rəqəmin azı iki dəfə yüksək ola biləcəyini deyirlər.

Rusiyanın Müdafiə Nazirliyi heyət itkisi barədə məlumat açıqlamır, jurnalistlərin yaydığı rəqəmləri də şərh etmir.

Navalnının mühacirətdə olan qardaşı yenidən axtarış siyahısına salınıb

Aleksey Navalnı (solda) və qardaşı Oleq 2015-ci ildə qətlə yetirilən siyasətçi Boris Nemtsovun xatirəsinə mitinqdə selfi çəkdirirlər.
Aleksey Navalnı (solda) və qardaşı Oleq 2015-ci ildə qətlə yetirilən siyasətçi Boris Nemtsovun xatirəsinə mitinqdə selfi çəkdirirlər.

Fevralın 20-də Rusiyanın Daxili İşlər Nazirliyi müxalifətdə olan siyasətçi Aleksey Navalnının kiçik qardaşı Oleq Navalnını dəqiq açıqlanmayan ittihamlar üzrə axtarış siyahısına salıb. A.Navalnının fevralın 16-da Rusiyada həbsxanada vəfat etdiyi açıqlanıb.

Sonuncu dəfə nazirlik O.Navalnını 2022-ci ilin yanvarında axtarışa verib. O zaman penitensiar xidmət rəsmiləri ona 2021-ci ildə COVID-19 qadağasını pozmaq ittihamı ilə kəsilmiş bir illik şərti cəzanı real həbsxana cəzası ilə əvəzləməyi tələb etmişdilər.

2022-ci ilin fevralında Moskva məhkəməsi penitensiar xidmət rəsmilərinin vəsatətini təmin etdi. Ancaq onda O.Navalnı artıq Rusiyadan çıxmışdı. Sonradan bu tələbin icrası təxirə salındı, çünki artıq məhdudlaşdırma müddəti ötmüşdü.

Hazırda O.Navalnının harada olduğu bəlli deyil. 2021-ci ilin avqustunda Moskvada məhkəmə onu koronavirus qadağalarını pozmağa açıq çağırışa görə bir illik şərti cəza kəsib.

Özü və tərəfdarları qərarı siyasi motivli sayıb.

Oleq Navalnı 2 il yarım həbs cəzası çəkib

2014-cü ildə Oleq və Aleksey Navalnı Rusiyanın iki şirkətindən 500 min dollaradək oğurlamaqda, bu pulun bir hissəsini "yumaqda" təqsirli biliniblər. Şirkətlərin biri Fransanın "Yves Rocher" kosmetika şirkətinə bağlı olub.

Qardaşların hər birinə 3 il yarım həbs cəzası kəsilsə də, Alekseyin cəzası şərti olub. O zaman qardaşlar ittihamları rədd edir, işin siyasi motivli olduğunu deyirdilər. Onların iddiasına görə, məqsəd O.Navalnıdan qardaşına qarşı "girov" kimi istifadə etmək, onu siyasi və antikorrupsiya fəaliyyətindən çəkindirmək üçün şantaj etmək olub.

O.Navalnı 2018-ci il iyunun sonunda 2 il yarım həbs cəzasını çəkəndən sonra həbsxanadan buraxılıb.

Onun böyük qardaşı, prezident Vladimir Putinin açıq tənqidçisi A.Navalnı ötən həftə Arktikada həbsxanada vəfat edib. O, həmin həbsxanaya dekabrda köçürülmüşdü. Məhkəmə onun ekstremizm ittihamları ilə cəzasını 19 ilə uzatmışdı. Özü və həmkarları ittihamları siyasi motivli sayıb.

İranda tibb tələbələri arasında intiharlar niyə artır

İran xəstəxanasının həkimləri
İran xəstəxanasının həkimləri

İranda rəsmi IRNA agentliyinin yaydığı müsahibə tibb tələbələri arasında intiharların artdığını üzə çıxarıb. Bu isə İranda tibb cameəsində güclənən böhrana işıq salır.

İran Psixiatriya Assosiasiyasının başçısı Vahid Şariat fevralın 18-də yayılmış müsahibədə deyir ki, İran Tibb Şurası son bir ildə tibb tələbələri arasında 16 ölüm halını qeydə alıb. Ancaq o, sözügedən rəqəmin daha yüksək olduğunu güman edir. Belə ki, Səhiyyə Nazirliyi daha dəqiq və hərtərəfli statistikanı açıqlamır.

"Nazirlikdə daha dəqiq, lap dəqiq statistika var, onu konfidensial sayaraq açıqlamırlar", - o vurğulayıb.

"Nə zaman problem varsa, onlar nəsə etməzdən öncə statistikanı konfidensial edirlər, yaxud onu dərhal təkzib edirlər", - o, sözlərinə əlavə edib.

AzadlıqRadiosunun fars xidməti bildirir ki, tibb tələbələri arasında intihar hallarının artması İrandan tibb işçilərinin kütləvi axını ilə üst-üstə düşür.

Son illər minlərlə iranlı tibb mütəxəssisi ölkədəki dərinləşən iqtisadi böhran, çətin iş şərtləri, sosial və siyasi azadlıqların olmaması səbəbindən İranı tərk edib.

İran mediası 2020-ci ildən bəri 16 minədək həkimin islam respublikasını tərk etdiyini yazır. Bu axın ictimai səhiyyə sektorunda mümkün böhranla bağlı xəbərdarlıqlara səbəb olub.

Səhiyyə işçiləri arasında böyük itkiyə səbəb olmuş koronavirus pandemiyasından sonra axın sürətlənib. İran pandemiyanın dünyada ən çox zərbə vurduğu ölkələr sırasındadır, azı 146 min ölüm qeydə alınıb.

İran Tibb Şurası ölkədə həkimlərin axınını "ciddi böhran" adlandırıb, bunun İranda gələcək tibb peşəkarlarının rifahının qorunmasından ötrü təcili və səmərəli tədbirlərin vacibliyini üzə çıxardığını vurğulayıb.

Tədqiqata görə, orta hesabla 14 min şəxs arasında hər il 13 intihar baş verir. Üstəlik, tədqiqat həkimlər arasında intihar nisbətlərində gender bərabərsizliyini ortaya qoyur. Kişilər 40, qadınlar arasında isə intiharın 130 faiz artığı bildirilir.

Tibb Sistemi Təşkilatı tibb tələbələri üçün stress faktorları kimi iş təzyiqi, gəlir səviyyəsini göstərir.

BMT Əfqanıstanla bağlı toplantı keçirir

Doha Forumu
Doha Forumu

Fevralın 19-da BMT-nin sponsorluğu ilə Qətərin paytaxtında Əfqanıstanla bağlı tədbirdə qadınların hüquqları əsas müzakirə mövzusudur. Toplantıya azı 24 ölkənin xüsusi elçiləri qatılsa da, Taliban təmsilçiləri orada olmayacaq.

Taliban 2021-ci ildə Əfqanıstana nəzarəti ələ alandan sonra beynəlxalq ictimaiyyətin bu ölkədə mümkün iştirakı da Qətərdə götür-qoy ediləcək.

BMT-nin baş katibi Antonio Quterreş Dohada iclasın birinci günü bir neçə ölkə və təşkilatın təmsilçiləri ilə görüşüb.

Əfqan qadınların səsi, nəhayət, eşidiləcəkmi?

Toplantının əsas mövzuları sırasında Taliban idarəçiliyi dövründə qadınların və qızların hüquqları da var. Bunu "Radio Azadi"yə vətəndaş cəmiyyəti və qadın hüquqları fəalı Məhbubə Serac deyib. O, Dohadakı tədbirə Taliban hökumətinə bağlı olmayan digər əfqan təmsilçilərlə birlikdə qatılıb.

Serac deyib ki, onun və digər qadınların səslərinin, nəhayət, eşidiləcəyinə, bu məsələnin sonra da izlənəcəyinə və gerçəkdən kiminsə əfqan qadınların məsələsi ilə məşğul olacağına ümid edir. Əfqanıstanda Talibanın fundamentalist idarəçiliyi altında qadınlar mütəmadi diskriminasiyaya məruz qalırlar.

Qızların altıncı sinifdən sonra məktəbə getməyi qadağan olunub, universitetlər qadınların üzünə qapalıdır, həm hökumət, həm də qeyri-hökumət sektorunda qadınların çalışması yasaqdır. Digər qadağalar da qüvvədədir.

Taliban imtina edib

Taliban rəhbərliyi toplantıya qatılmaqla bağlı dəvəti qəbul etməyib.

Taliban beynəlxalq miqyasda, əsasən, tanınmır. 2021-ci ilin ortasında ABŞ-ın başçılıq etdiyi koalisiya Əfqanıstandan çıxandan sonra bu qruplaşma hakimiyyətə keçib.

Talibanın Xarici İşlər Nazirliyi fevralın 17-də bildirib ki, tələblərinin qəbul olunmaması səbəbindən Doha toplantısına qatılmağı səmərəli saymayıb. Qurum iclaslara Talibandan kənar əfqan təmsilçilərin gözlənən iştirakı ilə bağlı qəzəbini bildirib. Talibanın uzun müddətdir Qətərdə təmsilçilik ofisi var.

BMT bundan öncə oxşar toplantını 2023-cü ilin mayında təşkil etmişdi.

Moskva Avdeyevkada mövqelərini möhkəmləndirir

Ukrayna qüvvələri şəhəri aylarla Rusiyanın hücumundan müdafiə etdikdən sonra fevralın 17-də Avdeyevkadan geri çəkilib.
Ukrayna qüvvələri şəhəri aylarla Rusiyanın hücumundan müdafiə etdikdən sonra fevralın 17-də Avdeyevkadan geri çəkilib.

Ukrayna qüvvələri Avdeyevkadan çıxandan sonra işğalçı Rusiya qüvvələri şəhərdə və ətrafında mövqelərini möhkəmləndirir.

Donetsk vilayətində Ukrayna ordusunun sözçüsü Dmitro Lixoviy fevralın 18-də deyib ki, Rusiya qüvvələri Avdeyevkanın qərbində zərbələr endirməyə başlayıb, Ukraynanın daha çox ərazisini ələ keçirməyə çalışır.

Kiyev sursat istəyir

Bu arada Ukrayna qüvvələrinin sursat çatışmazlığından əziyyət çəkdiyi bildirilir. Bu faktor Kremlin son bir ildən də çox müddət ərzində ilk böyük qələbə çalmasında rol oynayıb. Kiyev Qərb tərəfdaşlarından daha çox sursat istəyir.

Ukrayna silahlı qüvvələrinin baş qərargah rəisi general polkovnik Oleksandr Sırski bir gün öncə Ukrayna bölmələrinin Avdeyevkadan çıxdığını elan edib. O deyib ki, məqsəd mühasirəyə düşməmək, hərbçilərin həyatını qorumaq olub.

"Düşmən hücumunu aktiv davam etdirməyə çalışır. Ancaq orada əhəmiyyətli sayda qüvvələrimiz mövqe tutub", - Lixoviy fevralın 18-də Ukrayna televiziyasına deyib.

Ukrayna ordusunun Avdeyevkadan iki km şimalda yerləşən kəndə Rusiyanın 14 hücumunu dəf etdiyini bildirib.

Putin ordunu təbrik edib

Rusiya prezidenti Vladimir Putin fevralın 17-də qoşunlarını Avdeyevkanın tutulması münasibətilə təbrik edib, bunu "vacib qələbə" adlandırıb. Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hücumunun iki ili tamam olur və Putin böyük bir qələbə elan etməyə fürsət axtarır.

Bu arada Ukrayna ordusu Rusiya qüvvələrini Avdeyevkada və yaxınlıqdakı Vesyoloye kəndində səkkiz hərbi əsiri gülləməkdə ittiham edib. Aydın görünməyən videoda rəsmilər Rusiya səngərindəki iki ukraynalı əsgərin yaxın məsafədən bir neçə dəfə Rusiya əsgərinin atəşi ilə öldürüldüyünü bildirir. Ancaq videonun həqiqiliyini, onun çəkildiyi məkanı müəyyənləşdirmək mümkün olmayıb.

Ukrayna rəsmiləri fevralın 18-də bildiriblər ki, son 24 saat ölkənin şərqində Rusiyanın dron və raket zərbələrində azı üç nəfər öldürülüb. Eyni zamanda cənub cəbhəsində Rusiyanın hücumunun qarşısının alındığı xəbər verilir.

İlham Əliyevin Münhen görüşləri...

Münxen Təhlükəsizlik Konfransı. 2023
Münxen Təhlükəsizlik Konfransı. 2023

Fevralın 16-da Münhendə Azərbaycan prezidenti İlham Əliyev ilə Amerika Birləşmiş Ştatları prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin görüşü olub.

AZƏARTAC-ın xəbərinə görə, söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair fikir mübadiləsi aparılıb.

Fevralın 16-da Münhendə İlham Əliyev habelə İsrail dövlətinin prezidenti İsxak Hersoqla da görüşüb.

Rəsmi məlumata görə, söhbət zamanı Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olunub, iqtisadi-ticari, mədəni, humanitar əlaqələrə toxunulub.

***

Prezident İlham Əliyev Münhendədir. Bu gün, fevralın 16-da onun Münxendə bəzi görüşlərə başladığı bildirilir.

Fevralın 17-də "Beynəlxalq iqlim diplomatiyasının perspektivləri" mövzusunda panel müzakirələrində digər iştirakçılarla yanaşı, İ.Əliyev də çıxış edəcək. Bu barədə Münhen Təhlükəsizlik Konfransının proqramında bildirilir.

Münxen Təhlükəsizlik Konfransı başlanır

Fevralın 16-da Münhen Təhlükəsizlik Konfransı başlanır. Konfrans ABŞ-da seçki kampaniyasının qızışdığı, keçmiş prezident Donald Trump (Donald Tramp) ilə hazırda vəzifədə olan prezident Co Baydenin (Joe Biden) yenidən seçkidə rəqib olacağı ehtimalının artdığı, Konqresdə isə ABŞ-ın böyük hərbi yardım paketinin ləngidiyi bir vaxtda keçirilir.

Konfransın açılış günündə ABŞ vitse-prezidenti Kamala Harris çıxış edəcək. Fevralın 17-də isə Ukrayna prezidenti Volodimir Zelenskinin çıxışı gözlənilir. Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan Zelenski ilk dəfədir konfransda fiziki iştirak edir. O, ötənilki konfransa onlayn qoşulmuşdu.

Beynəlxalq təhlükəsizlik siyasətinin müzakirəyə çıxarıldığı bu illik forumda dünyanın 50-dək lideri iştirak edir. Rusiya və İran hökumətləri dəvət olunmayıb.

Harris konfransda müttəfiqləri Vaşinqtonun onların təhlükəsizliyinin müdafiəsinə sadiq qaldığına inandırmalı olacaq. Respublikaçılardan prezidentliyə namizədliyə ən çox şansı olan Trampın müdafiəyə yetərincə pul xərcləməyən NATO müttəfiqlərinin Rusiyanın potensial hücumundan qorunması barədə sual qaldırması qalmaqala səbəb olub.

Ağ ev Harrisin Zelenski ilə görüşəcəyini açıqlayıb.

Gözlənir ki, Harris Amerika xalqının Bayden administrasiyasının Ukraynaya yanaşmasına dəstəyi davam etdirəcəyinə inamını bildirəcək.

Albaniyaya səfər etmiş ABŞ dövlət katibi Entoni Blinken (Antony Blinken) də Münhen konfransında iştirak edəcək.

Putin Baydenə üstünlük verdiyini deyir

Co Bayden/Vladimir Putin
Co Bayden/Vladimir Putin

"Yalnız bir şeyə təəssüflənə bilərik - aktiv əməliyyatları niyə tez başlamadıq" - bunu Rusiya prezidenti Vladimir Putin "Rossiya 1" telekanalının aparıcısı Pavel Zarubinə Ukraynadakı müharibənin gedişatı ilə bağlı deyib.

Fevralın 14-də axşam yayılan materialda, əsasən, Putinin amerikalı jurnalist Taker Karlsona (Tucker Carlson) qalmaqallı müsahibəsindən bəhs olunur. Fevralın 6-da baş tutan müsahibəni şərh edən Putin Karlsonu "təhlükəli adam" adlandırıb, onun söhbət vaxtı kəskin cavablar eşitməmək üçün bilərəkdən belə bir taktika seçdiyini iddia edib. Putin deyib ki, tamam fərqli suallara "kəskin" cavablar verməyə hazırlaşıbmış, bu, müsahibəyə gərəkən "spesifika" verərdi. Rusiya prezidenti nəticədə tam razı qalmadığını söyləyib.

Seçkini kim udsa...

Rusiya prezidenti ABŞ-da indiki prezident Co Baydenin (Joe Biden), yaxud keçmiş prezident Donald Trampın (Donald Trump) ona daha sərfəli olması haqda suala belə cavab verib: "Bayden. O, daha çox proqnozlaşdırılan adamdır".

Putin deyib ki, noyabr seçkisini kim udarsa, Kreml onunla işləməyə hazırdır. O, seçkidən sonra 82 yaşını tamamlayacaq Baydenin yaşı və səhhəti ilə bağlı suallardan yayınıb.

"Mən cənab Baydenlə üç il qabaq görüşəndə də adamlar onun bacarıqsızlığından danışırdılar, amma mən elə bir şey görmədim", - deyə Putin Cenevrə sammitinə işarə vurub.

"France-Presse" yazır ki, ABŞ-da rəy sorğuları Baydenin yaşı sarıdan güclü narahatlığın olduğunu üzə çıxarır.

Bayden administrasiyası Rusiyanın iki ildir sürən işğalına Ukraynanın mübarizəsinə Qərbi səfərbər etməklə cavab verib.

Fevralın 15-dən Latviyada Rusiya nömrəli maşınlar müsadirə olunacaq

Riqada Rusiya nömrəli avtomobil
Riqada Rusiya nömrəli avtomobil

Fevralın 15-dən Latviyada "Yol hərəkəti haqqında" Qanuna dəyişikliklər qüvvəyə minir. Bu isə Rusiya qeydiyyatlı maşınların müsadirəsinə imkan verir.

Belə maşınların latviyalı sahibləri fevralın 14-dək ya onları yerli qeydiyyatdan keçirməli, ya da ölkə ərazisindən çıxarmalı idi.

Rusiya nömrəli nəqliyyat vasitələrinin konfiskasiyasından savayı, onların sahibləri 750 avrodan 2 min avroyadək cərimə də ödəməli olacaqlar. Bunu Latviya daxili işlər naziri Rixard Kozlovskis deyib.

Diplomatik maşınlara, eləcə də Latviya ərazisindən keçən və orada bir sutkadan çox qalmayacaq maşınlara güzəşt ediləcək. Avtomobil sahibi Latviya ərazisindən tranziti öncədən rəsmi saytda bəyan etməlidir.

"Delfi" nəşrinin yazdığına görə, müsadirə olunan avtomobillər həmrəylik əlaməti olaraq Ukraynaya veriləcək.

Latviyada "Yol hərəkəti haqqında" Qanuna ötən ilin noyabrında dəyişikliklər qəbul olunub. Sentyabrda isə Riqa Rusiya nömrəli avtomobillərin ölkəyə girişini qadağan etmişdi. Ötən ilin payızından başlayaraq Rusiya ilə həmsərhəd Avropa İttifaqı üzvləri bu ölkənin maşınlarını ərazilərinə buraxmırlar.

ABŞ Qəzzada altı həftəlik atəşkəslə bağlı plan hazırlayır

İkinci Abdulla və Co Bayden
İkinci Abdulla və Co Bayden

Birləşmiş Ştatlar Qəzza sektorunda döyüşlərin dayandırılması üçün azı altı həftəlik atəşkəslə bağlı danışıqlar aparır. İsraillə HƏMAS radikal qruplaşması arasında daha böyük razılaşma çərçivəsində girovların da azad edilməsi nəzərdə tutulur. Bunu ABŞ prezidenti Co Bayden (Joe Biden) İordaniya kralı İkinci Abdulla ilə Vaşinqtonda birgə brifinqdə deyib.

HƏMAS ABŞ və Aİ tərəfindən terrorçu təşkilat kimi tanınır.

Həm girovlar buraxıla bilər, həm də...

"Biz həm Fələstin, həm də İsrail xalqlarının sülh, təhlükəsizlik və ləyaqəti naminə fəal işləyirik", - Bayden deyib. Onun sözlərinə görə, Qəzzada altı həftəlik atəşkəs, bir tərəfdən, israilli girovların buraxılmasına, digər tərəfdən, Qəzza sektoru sakinlərinə humanitar yardımın artırılmasına kömək edərdi. Baydenin fikrincə, belə müvəqqəti atəşkəs regionda davamlı sülhün qorunması yolunda ilk addım olardı.

Bayden, həmçinin, Qəzzanın cənubundakı döyüşlərdən qaçaraq Misirlə sərhəddəki Rəfah şəhərinə sığınmış dinc sakinləri qorumağa çağırıb. Beynəlxalq humanitar təşkilatlar Rəfaha 1 milyon 300 min fələstinlinin sığındığını deyirlər.

Qəzza zolağının cənubundakı Rəfaha sığınan qadın və uşaqlar çadırların kənarında oturublar.
Qəzza zolağının cənubundakı Rəfaha sığınan qadın və uşaqlar çadırların kənarında oturublar.

ABŞ prezidenti Rəfahda sığınacaq tapmış azı 1 milyon insanın təhlükəsizliyinin təminatı üçün İsraili etibarlı plan olmadan ora quru əməliyyatından çəkinməyə çağırıb.

Aİ-nin bir sıra üzvləri də İsraili Rəfaha basqın etməməyə çağırıb. Misir İsraillə sülh sazişini dayandırmaqla hədələyib.

İkinci Abdulla müharibəni dərhal dayandırmağa çağırıb

İordaniya kralı İkinci Abdulla isə Qəzzadakı müharibəni dərhal dayandırmağa çağırıb. O, Rəfaha hücumu "qəbuledilməz" adlandırıb, ondan sonra humanitar fəlakətin başlayacağını deyib.

İordaniya və digər ərəb ölkələri İsrailin hərəkətlərinə tənqidi yanaşır, Qəzzadakı əməliyyatın dayandırılmasını tələb edirlər.

HƏMAS oktyabrın 7-də İsrailə hücum edib, min 200-ə yaxın insan öldürülüb. 240-250 nəfər girov götürülüb. Onlardan azı 30-nun həlak olduğu güman edilir. Azı 130 nəfər hələ də girovluqdadır.

Bu hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. Fələstin tərəfi 30 min sakinin öldürüldüyünü bildirir.

Tacikistanda hakimlərə və dövlət qulluqçularına xarici dil öyrənmək tapşırılıb

Tacikistan hökuməti
Tacikistan hökuməti

Tacikistan prezidenti Emoməli Rəhmon hakimlərə və dövlət qulluqçularına xarici dilləri "dərindən" öyrənmək üçün bir il vaxt verib.

Prezidentin bu tapşırığı fevralın 12-də yeni təyin olunan hakimlərlə görüş zamanı açıqlanıb. Dövlət başçısı qeyd edib ki, hər bir dövlət qulluqçusunun ən vacib tapşırıqlarından biri dövlət dilini ən yüksək səviyyədə bilmək, eyni zamanda iki xarici dili də həmin səviyyədə mənimsəməkdir.

Hökumətin tədbirlər planı varmı

Prezidentin mətbuat xidməti bildirib ki, qoyulan tələblərə əməl olunmaması məmurlara qarşı gərəkən tədbirlərin görülməsi ilə nəticələnəcək.

Ancaq xarici dil öyrənə bilməyən məmurlara qarşı mümkün tədbirlər barədə bir söz deyilmir.

İndiyədək Tacikistanda məmurların xarici dil bilməsi məcburi deyildi.

Bu açıqlamadan sonra bir çoxları sual edirlər ki, hökumətin qoyulmuş vaxt ərzində dil öyrənməyi asanlaşdırmaqdan ötrü hansısa planı varmı.

Bir il ərzində dövlət qulluqçularına xarici dilin öyrədiləcəyi yanaşma və resurslar açıqlanmayıb.

Kiyevin iddiası: Rusiya ordusu Ukraynanın şərqində 'Starlink'dən istifadə edir

Starlink
Starlink

Ukraynanın müdafiə rəsmiləri iddia edirlər ki, ölkənin şərqini tutmuş Rusiya qüvvələri İlon Maskın (Elon Musk) "Starlink" internet xidməti şirkətinin terminallarından istifadə edir.

Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QUR) fevralın 11-də Telegram-da iki Rusiya hərbçisinin söhbəti olduğunu iddia etdiyi səs yazısını yayıb, bunu "sistematik" istifadənin sübutu adlandırıb.

"SpaceX" nə deyir

"Starlink" terminallarını işlədən "SpaceX" fevralın 8-də X platformasında bildirib ki, Rusiya hökuməti, yaxud ordusu ilə hər hansı əlaqəsi yoxdur, onun xidməti Rusiyada aktiv deyil.

QUR isə bildirir ki, Telegram-da yerləşdirilən səs yazısında Rusiyanın 83-cü hava hücumu briqadası Ukraynanın şərqində terminal quraşdırmağı müzakirə edir.

Ancaq iddia olunan istifadənin, terminalların necə əldə olunmasının detalları açıqlanmayıb. Sözçü Andrey Yusov fevralın 10-da Ukrayna mediasına deyib ki, məsələ sistematik xarakter almağa başlayır.

"Starlink" iki mindən çox peykdən ibarət şəbəkədir, yerdə minlərlə terminalla əlaqədədir. 2022-ci il fevralın sonunda Rusiya Ukraynaya qarşı irimiqyaslı işğala başlayanda internet xidmətində problem yaranıb və ölkədə bu xidmət aktivləşdirilib.

"Starlink"in Ukraynada olması təkcə cəbhə xəttində deyil, Rusiyanın hədəfə aldığı enerji və kommunikasiya infrastrukturunun bərpasında da əvəzolunmazdır.

Maskın ötənilki açıqlaması

Mask ötən il deyib ki, 2022-ci ildə Rusiyanın donanma bazasına Ukraynanın hücumunun qarşısını alıb, belə ki, Moskvanın ilhaq etdiyi Krım yaxınlığında internetin aktivləşdirilməsi ilə bağlı Kiyevin xahişini rədd edib.

2023-cü ilin sentyabrında verilmiş bu açıqlamanı Ukrayna prezidenti Volodimir Zelenskinin aparıcı müşaviri Mixaylo Podolyakın kəskin qınağına səbəb olmuşdu, bu addımı "nadanlıq və böyük eqo kokteylinin bədəli" adlandırmışdı.

Ötən ilin sonunda Ukrayna Rusiyanın Sevastopolda yerləşən Qara dəniz donanmasına qarşı dramatik plan hazırlamışdı.

Mask isə sentyabrda X-də yazırdı ki, hökumət Sevastopolda “Starlink"i işə salmağı xahiş edib: "Aşkar niyyət Rusiyanın lövbər salmış donanmasının böyük hissəsini batırmaqdan ibarət idi".

"Bu xahişə razılıq versəydim, "SpaceX" böyük bir müharibəyə, konfliktin eskalasiyasına qol qoymuş olacaqdı", - Mask onda deyirdi.

Rusiya və Ukrayna əsirləri dəyişib

Ukraynalı hərbi əsirlər mübadilədən sonra
Ukraynalı hərbi əsirlər mübadilədən sonra

Fevralın 8-də Rusiya və Ukrayna Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə hər tərəfdən 100 hərbi əsiri dəyişiblər.

Rusiya Müdafiə Nazirliyi əsirlərin "100-ə 100" formulu əsasında dəyişdirildiyini bildirib, BƏƏ-nin humanitar vasitəçiliyini qeyd edib.

Ukrayna prezidenti Volodimir Zelenski də Telegram-da əsir mübadiləsindən yazıb.

"Onların çoxu Mariupolun müdafiəçiləridir", - Zelenski deyib. Mariupol liman şəhəri üç aylıq mühasirədən sonra 2022-ci ilin mayında ələ keçirilib.

Qəzadan sonra da əsirlər dəyişdirilmişdi

Sonuncu dəfə yanvarın 31-də iki ölkə əsirləri dəyişib. 195 ukraynalı hərbçi ilə 195 rusiyalı hərbçi dəyişdirilib. Bunu Rusiya deyirdi. Ukrayna isə 207 nəfərin evinə qayıtdığını söyləmişdi.

Yanvarın 24-də isə Rusiyanın Belqorod vilayətində İl-76 hərbi nəqliyyat təyyarəsi qəzaya düşüb. Rusiyanın Müdafiə Nazirliyi təyyarədə 65 ukraynalı hərbi əsirin olduğunu, hamısının öldüyünü deyib. Rusiya rəsmiləri təyyarəni Ukraynanın vurduğunu bildirib.

Ukrayna deyir ki, Moskvadan qəzada ölən hərbi əsirlərin meyitlərini istəsə də, çağırışları cavabsız qalıb.

Kiyev təyyarəni onun qüvvələrinin vurduğunu təsdiqləməsə də, əsir mübadiləsinə hazırlıq getdiyini təsdiqləyib. Ukrayna qəzanın beynəlxalq miqyasda araşdırılmasına çağırıb.

İranda tələbələrə təzyiqlər güclənir

Surə Universiteti
Surə Universiteti

Tehranın Surə Universitetindən azı beş tələbə gələn semestrin dərslərindən kənarlaşdırılıb.

Tələbə Gildiyası Şuralarının fevralın 7-də Telegram kanalında yazdığına görə, Surə Universiteti azı beş tələbəni təhsildən kənarlaşdırıb, onları növbəti dönəm üçün təhsil hüququndan məhrum edib, bunun səbəbi isə "qəbuledilməz" sayılan fəaliyyətdir.

Vurğulanır ki, təhsildən kənarlaşdırma intizam komissiyasından keçmədən, hüquqi prosedurlar aparılmadan gerçəkləşdirilib və tələbələri universitetin rektor müavini çağırıb onlara müvafiq qərarı təqdim edib.

Tələbə fəallar yeni tədris ili başlayandan İran universitetlərində opressiv mühitin gücləndiyini deyirlər. Kəşfiyyat və təhlükəsizlik qurumları tez-tez tələbələri dindirməyə çağırır, onlara qarşı intizam tədbirləri görülür, təhsildən müvəqqəti kənarlaşdırılır, bəzən isə universitetlərdən qovulurlar.

İranda universitetlər və tələbələr həmişə daha böyük sosial və siyasi azadlıqlar uğrunda mübarizənin önündə gedib. 1999-cu ildə tələbələr islahatçı qəzetin bağlanmasına etiraz edəndə polis Tehran universitetinin yataqxanalarında reyd keçirib, bir tələbə həlak olub.

Hakimiyyət illərdir tələbə fəalları və liderlərini həbs edir, onların təhsilinə qadağa qoyur.

İşdən çıxarılan professorlar

Ancaq təzyiqlər tələbələrlə məhdudlaşmayıb.

Tehrandakı Behişti Universitetinin professoru Əhməd Şikarçı bu həftə bildirib ki, universitet onunla kontraktı ləğv edib. Artıq ölkədə tələbələri və onların etirazlarını dəstəklədiyinə görə işini itirən müəllimlərin də sayı artmaqdır.

"Khabaronline" saytının fevralın 7-də yaydığı xəbərə görə, Tehran Universiteti və Tehran Tibb Elmləri Universiteti 26 professoru, Azad Universiteti isə 14 professoru işdən çıxarıb.

"Etemad" qəzeti sentyabrda İran universitetlərindən kənarlaşdırılan 52 professorun siyahısını dərc edib.

İranda "Qadınlar, Həyat və Azadlıq" etirazları ilə eyni vaxtda təzyiqlər də artıb.

HRANA xəbər agentliyi etirazlar vaxtı azı 700 universitet tələbəsinin həbs olunduğunu yazır. İranda 2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmini guya hicabı düzgün bağlamadığına görə polis tərəfindən saxlanılandan sonra vəfat edib. Bu hadisə ölkədə böyük etirazlara səbəb olub.

Pakistanda parlament seçkiləridir. Bir gün öncə 30 nəfər öldürülüb

Pakistanın Multan şəhərindəki seçki məntəqəsinin qarşısında insanlar parlament seçkilərində səs vermək üçün öz növbəsini gözləyərkən şəxsiyyət vəsiqələrini əllərində saxlayırlar.
Pakistanın Multan şəhərindəki seçki məntəqəsinin qarşısında insanlar parlament seçkilərində səs vermək üçün öz növbəsini gözləyərkən şəxsiyyət vəsiqələrini əllərində saxlayırlar.

Fevralın 8-də Pakistanda parlament seçkililəri keçirilir. Səsvermə ölkədə zorakılığın artması, siyasi və iqtisadi çaxnaşma fonunda baş tutur.

Pakistanda inflyasiya 30 faizə yaxındır, keçmiş baş nazir, ölkənin ən tanınmış siyasətçisi İmran Xan həbsdədir.

Seçkidən bir gün öncə cənub-qərbi Bəlucistan əyalətində seçki ilə bağlı zorakılıqda 30-a yaxın adam öldürülüb.

Səsvermə prosesi zamanı təhlükəsizliyi azı 650 minlik hərbçi, hərbi dəstələr, polis əməkdaşları qoruyur.

128 milyon seçici

Ölkədə 128 milyon seçici olmasına baxmayaraq, seçici iştirakçılığının aşağı olacağı proqnozlaşdırılır. Buna səbəb kimi Xanın "Ədalət Uğrunda Hərəkat" (PTI) partiyasına əngəllər, fevralın 7-də isə namizədlərin ofisləri qarşısında iki bomba partlayışı göstərilir. Partlayışlara görə məsuliyyəti "İslam Dövləti" (İŞİD) qruplaşması üzərinə götürüb. Rəsmilər zorakılığın səsvermə prosesinə təsir göstərməyəcəyini deyiblər.

"Sülh və təhlükəsizliyi sabotaj etməyə yönəlik istənilən cəhdin qarşısı alınacaq", - baş nazir vəzifəsini icra edən Ənvər-ul-Xak Kakar partlayışlardan sonra deyib.

Ancaq Xarici İşlər Nazirliyi İran və Əfqanıstanla sərhədlərin bağlandığını, təhlükəsizlik tədbiri olaraq sərhəd ərazilərdə mobil telefon xidmətlərinin söndürüldüyünü bildirib.

AzadlıqRadiosunun əməkdaşları Bəlucistanda, ölkənin ən böyük şəhəri Karaçidə və digər yerlərdə seçicilərin səsverməyə getdiyini xəbər verirlər.

İmran Xan həbsdədir

Milli və dörd əyalət assambleyalarında yerlər uğrunda 18 minə yaxın namizəd mübarizə aparır.

2018-22-ci illərdə baş nazir olmuş 71 yaşlı Xan korrupsiya ittihamları ilə həbsdədir, 10 il müddətinə vəzifə tutması qadağan olunub.

PTI-nin fevralın 7-də yaydığı videoda Xan seçiciləri səsverməyə getməyə çağırıb.

Keçmiş baş nazir, 74 yaşlı Navaz Şərif seçkidə əsas namizədlərdən sayılır. Xanın həbsi fonunda Navazın partiyasının daha çox səs qazanacağı gözlənilir.

Britaniya kralı III Çarlzda xərçəng tapılıb

III Çarlz London klinikasından çıxarkən
III Çarlz London klinikasından çıxarkən

Britaniya kralı III Çarlzda xərçəng xəstəliyi tapılıb. Ölkənin baş naziri Rişi Sunakın sözlərinə görə həkimlər xəstəliyin erkən mərhələdə aşkar olunduğunu bildirir və ümid edirlər ki, 75 yaşlı monarx tamamilə müalicə oluna biləcək.

Bukingem sarayından bildiriblər ki, anası – kraliça II Elizabetin ölümündən sonra onun taxtında 18 aydan da az müddətdə oturmuş kralda “xərçəng xəstəliyinin müəyyən bir forması” aşkar edilib və o özünün ictimai fəaliyyətini müalicəsi ilə əlaqədar dayandıracaq.

Bu da xəbər verilir ki, dünya liderlərindən xeyir-dua məktubları alan kral “tamamilə pozitiv əhval-ruhiyyədədir” və mümkün qədər tez öz vəzifələrinin icrasına qayıdacağına ümid edir.

Mumbayda rəssam krala cansağlığı arzulayan rəsm çəkir
Mumbayda rəssam krala cansağlığı arzulayan rəsm çəkir

Çarlzın kral ailəsindən ayrılmış kiçik oğlu Harri təcili qaydada Britaniyaya gəlməlidir.

Kralın böyk oğlu – vəliəhd şahzadə Uilyam isə monarxın bəzi vəzifələrinin icrası ilə məşğul olacaq.

Bu da xəbər verilir ki, Çarlz öz şəxsi işlərini, o cümlədən baş nazirlə həftəlik görüşlərini davam etdirəcək.

Təsadüfən aşkar olunub

Kral hazırda özünün Klarens malikanəsindədir və klinikaya baş çəkməklə bəzi müalicələrinə başlayıb.

Xəbər verilir ki, kralda xərçəng xəstəliyi, o yanvar ayında xəstəxanada genişlənmiş prostat vəzi ilə bağlı müayinədən keçdiyi vaxt aşkar olunub.

Saray bildirib ki, hazırda söhbət prostat vəzinin xərçəngindən getmir.

Kral ailəsi tibbi məsələləri bir qayda olaraq özəl sirr kimi saxlayır, amma Çarlz xərçənglə bağlı bir sıra xeyriyyələrin donoru olduğuna görə, xəbərin ictimaiyyətə açıqlanmasını istəyib.

Reuters bildirir ki, Britaniya xərçəngin müalicəsində başqa Avropa ölkələrindən azacıq geri qalır.

Rusiyada Boris Akunin barəsində qiyabi həbs qərarı çıxarılıb

Boris Akunin
Boris Akunin

Moskvada məhkəmə Rusiyanın tanınmış yazıçısı Boris Akunin (Qriqori Çxartişvili təxəllüsü ilə yazır) barəsində qiyabi həbs orderi çıxarıb. Akunin terrorçuluğa çağırış və Rusiya ordusu barədə saxta informasiya yaymaqda ittiham olunur.

"Çxartişvili barəsində Rusiyada saxlanması, yaxud ekstradisiya anından iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib", - Basman rayon Məhkəməsinin mətbuat xidməti fevralın 6-da bildirib.

"Xarici agent" və sairə...

Ötən ay Rusiyanın Daxili İşlər Nazirliyi Akunini şübhəli kriminal fəaliyyətə görə axtarılanların siyahısına salıb, ancaq konkret ittihamlar göstərilməyib.

67 yaşlı Akunin 2014-cü ildə Rusiyadan çıxıb, hazırda Londonda yaşayır. O, Rusiyanın Ukraynaya qarşı təhriksiz işğalını açıq tənqid edib.

Bu ayın əvvəlində isə Rusiyanın Ədliyyə Nazirliyi Akunini "xarici agent" elan edib, bu cəza siyahısı, əsasən, rejimin tənqidçilərini hədəfə alır.

Ötən ay Rusiyanın "Rosfinmonitorinq" maliyyə nəzarəti xidməti isə Akunini heç bir izahat vermədən terrorçular və ekstremistlər siyahısına əlavə edib. O zaman media yazırdı ki, Akuninə qarşı Rusiya silahlı qüvvələrini gözdən salmaq ittihamları üzrə istintaq başladılıb.

Kitabları və əsərləri hədəfdə

Bu addımdan təxminən bir həftə öncə isə Rusiyanın ən böyük nəşriyyatları, kitab mağazaları Akunini və digər populyar yazıçı Dmitri Bıkovu ukraynapərəst və antirusiya şərhlərinə görə siyahılarından çıxardıqlarını açıqlayıblar.

Oktyabrda Akuninin əsərlərinin səhnələşdirildiyi Rusiya teatrlarının hamısı onun adını afişalardan yığışdırıblar.

Akunin Rusiyanın Ukraynaya qarşı işğalını açıq pisləyən onlarla rusiyalı yazıçıdan biridir. 2022-ci il fevralın 24-də Rusiya hərbi təcavüzə başlayanda o, Facebook-da yazıb ki, Rusiyada "yeni bir dəhşətli era başlanıb": "Son anadək inanmırdım ki, (Rusiya prezidenti Vladimir) Putin bu absurd müharibəyə başlayacaq. Yanılmışam. Həmişə inanmışam ki, sonucda sağlam məntiq qalib gələcək, yanılmışam. Dəlilik qalib gəldi".

Blinken Yaxın Şərqə qayıdıb

ABŞ dövlət katibi Antoni Blinken Ər-Riyadda
ABŞ dövlət katibi Antoni Blinken Ər-Riyadda

Fevralın 5-də ABŞ dövlət katibi Antoni Blinken (Antony Blinken) Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə görüşüb. Qəzzada müharibə başlayandan Blinken Yaxın Şərqə beşinci səfərini edir. Məqsəd potensial atəşkəs razılaşmasına nail olmaq, regionda gərginliyi azaltmaq, müharibədən sonrakı dövrlə bağlı planları müzakirə etməkdir.

AP Blinkenin hər üç cəbhədə böyük əngəllərlə üzləşdiyini yazır. ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşması ilə İsrail mümkün sülhün əsas elementlərini razılaşdıra bilmirlər. İsrail ABŞ-ın Fələstin dövlətinə aparan yolla bağlı təklifini rədd edir. İranın regionda dəstəklədiyi silahlılar isə ABŞ-ın zərbələrindən çəkinənə oxşamırlar.

Blinken Səudiyyənin paytaxtı Ər-Riyadda vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşüb. Səudiyyə rəsmiləri krallığın hələ də İsraillə münasibətləri normallaşdırmaqda maraqlı olduğunu deyirlər, ancaq bundan ötrü Fələstin dövlətinin yaradılması ilə bağlı mötəbər plan tələb edirlər.

Qəzzada müharibə HƏMAS-ın İsrailə 7 oktyabr hücumundan sonra başlanıb. AP HƏMAS-ın Qəzzanın viran qoyulmuş ərazilərinin bəzi yerlərində yenidən baş qaldırdığını yazır. Bu isə İsrailin bu qruplaşmanı məhv etmək niyyətinin asan olmayacağının əlaməti sayıla bilər.

Misirlə sərhəddə əməliyyat?

İsrailin müdafiə naziri Yoav Qallant deyib ki, ordu Qəzzanın şimalında hələ bir neçə ay əməliyyatları davam etdirəcək, cənubdakı əsas əməliyyatı da səngitməyəcək. O, əməliyyatın sonucda Misirlə sərhəddəki Rəfah şəhərinə çatacağını bildirib. 1.5 milyon fələstinli məcburi köçkün bu şəhərə sığınıb.

Misirin mövqeyinə görə, İsrailin sərhəd boyunca qüvvə yerləşdirməsi iki ölkənin 40 il qabaq imzaladığı sülh sazişinə təhdid yaradacaq.

Artıq Qəzzada ölü sayının 27 mini keçdiyi bildirilir. Ancaq Fələstin qurumları onların neçəsinin dinc sakin, neçəsinin döyüşçü olduğunu açıqlamır.

Müharibə nəticəsində bu kiçik anklavın böyük hissəsi yerlə-yeksan edilib, 2.3 milyonluq əhalisinin 85 faizi evindən didərgin düşüb.

Oktyabrın 7-də İsrailə hücum edən radikal HƏMAS üzvləri min 200 nəfəri öldürüb, 250 nəfəri girov götürüb. Girovlardan azı 100 nəfəri noyabrda bir həftə çəkən atəşkəs vaxtı 240 fələstinli məhbusa dəyişdirilib.

Ermənistan silah təchizatçılarını şaxələndirir

Ermənistanın yeni aldığı deyilən antidron sistemləri necə işləyir?
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Ermənistan Rusiya silahları və digər hərbi avadanlığından güclü asılılığını azaldır. Bunu müdafiə naziri Suren Papikyan həftəsonu Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib.

Papikyanın dediyinə görə, Moskva Cənubi Qafqazdakı müttəfiqini Azərbaycanın 2022-cü ilin sentyabrındakı hərbi hücumundan qoruya bilmədiyindən Ermənistan hökuməti də silah təchizatçılarını şaxələndirmək qərarına gəlib. Azərbaycan isə hücumla bağlı deyilənləri rədd edir, yalnız mövqelərini möhkəmləndirdiyini bildirir.

"Biz bu istiqamətdə ciddi proqresə nail olmuşuq. Bu, qarşısıalınmaz prosesdir, sözün müsbət mənasında. Mövcud proseslər və kontraktlar gələcəkdə ordumuzun silahlarının keyfiyyətini əhəmiyyətli şəkildə dəyişəcək", - Papikyan vurğulayıb.

"Biz yeni tərəfdaşlar da qazanmışıq", - deyən Papikyan Hindistan və Fransanın adlarını çəkib.

Silah kontraktları

2022-ci ilin sentyabrından bəri Ermənistan Hindistanla azı 400 milyon dollarlıq müdafiə kontraktları imzalayıb. Ermənistan ordusunun Hindistandan artilleriya sistemləri, tank əleyhinə raketlər, antidron avadanlığı alacağı bildirilir.

2023-cü ilin oktyabrında isə Ermənistan Fransa ilə iki silah sazişi imzalayıb. Yerevanın Fransanın "Thales" şirkətindən üç qabaqcıl radar sistemi alacağı gözlənir. Papikyan Parisdə fransalı həmkarı Sebastyan Lekornyu (Sebastien Lecornu) ilə Fransadan yaxınmənzilli "yer-hava" raketləri alınması üzrə Niyyət Məktubu da imzalayıb.

Yerevan daha öncə Moskva ilə 400 milyon dollarlıq Rusiya silahı alınması üzrə kontraktlar bağlayıb. Yerevan ötən il gileylənirdi ki, Ermənistan hələ də həmin silahları ala bilməyib. İki aparıcı ermənistanlı deputatın yanvarda dediyinə görə, Rusiya artıq silahların ilk partiyasını yola salıb.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatlarla Qarabağ üzərində suverenliyini bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

Senatorlar sərhəd və Ukrayna ilə bağlı layihəni razılaşdırıb

Ukrayna prezidenti Volodimir Zelenski (ortada) Senatda respublikaçıların lideri Mitç Makkonnel (solda) və demokratların lideri Çak Şumer ilə ABŞ Kapitolunda gəzir.
Ukrayna prezidenti Volodimir Zelenski (ortada) Senatda respublikaçıların lideri Mitç Makkonnel (solda) və demokratların lideri Çak Şumer ilə ABŞ Kapitolunda gəzir.

ABŞ Senatı fevralın 4-də çoxdan gözlənən 118 milyard dollarlıq paketi razılaşdırıb. Sərhədin gücləndirilməsi, Ukraynaya, İsrailə və ABŞ-ın digər müttəfiqlərinə yardımı uzlaşdıran layihə dərhal Nümayəndələr Palatasının əks reaksiyası ilə üzləşib.

AP yazır ki, bu təklif prezident Co Baydeni (Joe Biden) Ukraynanı yenidən hərbi yardımla təmin etmək üçün ən yaxşı şans ola bilərdi. Senatın liderləri - demokrat Çak Şumer (Chuck Schumer) və respublikaçı Mitç Makkonnel (Mitch McConnell) xarici siyasətdəki bu əsas hədəf məsələsində həmrəydirlər. Senat bu həftə qanunvericilik üzrə əsas sınaq səsverməsi keçirməlidir.

Ç.Şumer deyib ki, Ukraynaya yardım göstərilməsə, Rusiya prezidenti Vladimir Putin "Ukraynanı yarıb keçərək hətta Şərqi Avropaya keçə bilər".

Ancaq layihənin mətni yayılandan bir neçə saat sonra Nümayəndələr Palatasının respublikaçı spikeri Mayk Conson (Mike Johnson) sosial mediada yazıb ki, layihə "varid olmamışdan ölüdür".

Konqresdə Ukraynaya 60 milyardlıq yardım məsələsi yubandıqca, ABŞ Kiyevə sursat və raket göndərməyi dayandırıb, bu isə Rusiya işğalı ilə mübarizə aparan ukraynalı əsgərləri çətin duruma salıb.

Senatorlar bir neçə ay idi Ukraynaya yardımdan yorulmuş mühafizəkarların müqavimətini qırmaq üçün kompromisə çalışırdılar. Onlar həmçinin Amerika siyasətində ən ağır məsələlərdən olan sərhəd və immiqrasiya qanunvericiliyini keçirməyə çalışacaqlar.

Miqrantlarla bağlı yeni səlahiyyət

Bayden bəyanat yayaraq bildirib ki, Senatın təklifi "Birləşmiş Ştatlara bütün dünyadakı tərəfdaşlarımızla birlikdə həyati əhəmiyyətli işimizi davam etdirmək, Ukraynanın azadlığını müdafiə etmək, onu Rusiyanın işğalından özünü qorumasını dəstəkləmək imkanı verir".

Sərhədlə bağlı Bayden deyib ki, immiqrasiya sistemi çoxdan qırılıb, onu düzəltməyin vaxtıdır.

Sənəd layihəsində sığınacaq sistemini daha sürətli və sərt qaydalarla təkmilləşdirmək nəzərdə tutulur. Prezidentlərə səlahiyyət verilir ki, sığınacaq üçün müraciət edənlərin sayı həddən artıq çoxaldıqca, miqrantları ölkədən çıxarsınlar.

FSB mühacirətdə yaşayan müxalifətçini vətənə xəyanətdə ittiham edir

İlya Ponomaryov
İlya Ponomaryov

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Kiyevdə yaşayan rusiyalı müxalifətçi İlya Ponomaryova vətənə xəyanət və terrorçu təşkilatda iştirak ittihamı irəli sürüb. Dövlət Dumasının keçmiş üzvü Ponomaryov prezident Vladimir Putinin Ukraynadakı müharibəsinə qarşı çıxır.

Ponomaryov fevralın 4-də Facebook postunda ittihamları təsdiqləyib. Onun sözlərinə görə, FSB "düşmən tərəfə keçməklə fərarilik və terrora çağırışda iştirak etmək formasında vətənə xəyanət" daxil olmaqla, bir prosedurda birləşdirməklə bir neçə cinayət işi açıb.

"Yeri gəlmişkən, mən də putinizmə qarşı mübarizənin bütün formalarını bir prosedurda birləşdirmişəm. Nə isə mənə deyir ki, mənim effektliliyim daha yüksək olacaq", - o, Kremlə lağ edərək deyib.

Ponomaryov bir il öncə Daxili İşlər Nazirliyinin şübhəli terrorçular və ekstremistlər siyahısına salınmışdı. Adətən siyasi opponentlərə qarşı bu addıma əl atılır.

Krımın ilhaqından sonra dəyişən həyat

48 yaşlı Ponomaryov Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndə Dumada buna qarşı səs verən yeganə deputat olub.

O, 2014-cü ildə Rusiyadan ABŞ-a gedib, daha sonra Ukraynaya köçüb, vətəndaşlıq alandan sonra orada yaşayır.

İndi harada olması dəqiq bəlli deyil. Amma Facebook postunda onun Berlində olduğu göstərilib.

2022-ci ilin avqustunda Moskvada məhkəmə Ponomaryov barəsində Rusiya silahlı qüvvələrinin gözdən salınması ittihamı üzrə həbs orderi çıxarıb. Bu ittiham onun "Azad Rusiya" YouTube kanalında Ukraynadakı müharibəni kəskin pisləməsindən sonra irəli sürülüb.

FSB bəyanatında bildirir ki, İstintaq İdarəsi bir neçə ittiham üzrə işləri bir cinayət işində birləşdirib. İttihamlar "düşmənlə əlbir olmaqla vətənə xəyanət", "Rusiya qanunları ilə terrorçu sayılan təşkilatın işində iştirak" və "Rusiyanın təhlükəsizliyinə qarşı fəaliyyətə açıq internet çağırışları"dır.

Vaşinqton İrana bağlı qrupların yenə vurulacağını deyir

İraq Şiə Xalq Səfərbərlik Qüvvələrinin üzvləri ABŞ-ın İraqın Əl-Qaim şəhərinə endirdiyi hava hücumundan sonra dağıntıları təmizləyirlər.
İraq Şiə Xalq Səfərbərlik Qüvvələrinin üzvləri ABŞ-ın İraqın Əl-Qaim şəhərinə endirdiyi hava hücumundan sonra dağıntıları təmizləyirlər.

Vaşinqton Yaxın Şərqdə İranın dəstəklədiyi qruplara qarşı əlavə hərbi addımlar vəd edir. Bundan iki gün öncə isə regionda ABŞ hədəflərinə hücumlara cavab olaraq Suriya, İraq və Yəmənə zərbələr endirilib.

Ötən ay İordaniyada üç amerikalı hərbçi öldürülmüşdü.

Ağ evin sözçüsü Con Körbi (John Kirby) fevralın 4-də bir neçə televiziyaya müsahibələrində deyib ki, 2-3 fevral zərbələri hərbi tədbirlərin "ilk raundudur", davamı gələcək.

"Cümə günü gecə (2 fevral) zərbələrlə başladı, ancaq bitmədi. Əlavə zərbələr və tədbirlərlə aydın mesaj verəcəyik ki, qüvvələrinə hücum olunanda, adamlar öldürüləndə Birləşmiş Ştatlar buna cavab verəcək", - Körbi deyib.

4 fevral zərbələri

ABŞ qüvvələri fevralın 4-də Yəməndə husilərin mövqeyinin vurulduğunu, Qırmızı dənizdə nəqliyyata təhdid yaradan gəmi əleyhinə qanadlı raketin məhv edildiyini açıqlayıb.

Bundan bir neçə saat öncə isə ABŞ və Britaniya Yəməndə İranın dəstəklədiyi husi üsyançı qrupunun idarə etdiyi bildirilən 30-dan çox hədəfin vurulduğunu bildirib.

Qırmızı dənizdə kommersiya gəmilərinə onlarla raket atmış husi döyüşçülərinin sözçüsü isə hücumların onları çəkindirməyəcəyini deyərək buna cavab vəd edib.

Fevralın 3-də ABŞ rəsmiləri Yəməndə 13 müxtəlif yerdə 36 hədəfin ABŞ-ın F/A-18 qırıcıları ilə vurulduğunu açıqlayıb. Fevralın 2-də isə Suriya və İraqda İrana bağlı proksi qrupların olduğu bildirilən hədəflərə zərbələr endirilib.

Reaksiyalar

Yaxın Şərqdə silahlılarla geniş əlaqələri olan İslam İnqilab Keşikçiləri Korpusu ABŞ-ı regional sabitliyə zərbə vurmaqda ittiham edib.

İran XİN-in sözçüsü Nasir Kənani Suriya və İraqa hücumu "avantüra və ABŞ hökumətinin strateji səhvi" adlandırıb, bunun regionda gərginlik və sabitsizliyi qızışdırmaqdan başqa nəticə verməyəcəyini deyib.

İraq rəsmilərinin reaksiyası da qəzəbli olub.

Yanvarın 28-də İordaniyadakı ABŞ bazasına dron zərbəsindən üç amerikalı hərbçi həlak olub. Vaşinqton buna görə Tehranı və onun Suriya və İraqdakı müttəfiqlərini ittiham edib.

Hazırda Yaxın Şərqdə İsrail-HƏMAS müharibəsi davam edir. Təl-Əviv ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS-ı məhv edəcəyini bildirib. Qəzzada artıq on minlərlə fələstinli öldürülüb.

Yaxın Şərqdə, eləcə də Vaşinqtonda bəzi rəsmilər xəbərdarlıq edirlər ki, ABŞ-ın zərbələrinin genişlənməsi regionda müharibənin miqyasını artıra bilər.

Keçmiş proqramçı WikiLeaks-ə məlumat ötürdüyünə görə 40 il həbsə məhkum edilib

Coşua Şultenin məhkəməsi
Coşua Şultenin məhkəməsi

ABŞ-da məhkəmə Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş proqramçısı Coşua Şulteni (Joshua Schulte) WikiLeaks saytına informasiya ötürdüyünə və uşaq pornoqrafiyası saxladığına görə 40 il həbsə məhkum edib.

Şulte casusluq, kompüterlərə müdaxilə, məhkəməyə hörmətsizlik, FTB-yə yalan ifadə vermə və uşaq pornoqrafiyası ilə bağlı cinayətlərdə təqsirli bilinib.

Prokurorlar 35 yaşlı Şulteyə ömürlük həbs istəmişdilər. Onlar proqramçının hərəkətini ABŞ tarixində "məxfi informasiyanın ən böyük sanksiyasız yayılması", informasiyanın yayılmasını isə "MKİ tarixində ən böyük hadisə" adlandırıblar.

Hökmə görə, Şulte MKİ-nin məxfi materiallarını anonim mənbələrdən informasiya yayan WikiLeaks təşkilatına ötürüb.

WikiLeaks-in 2017-ci ildə yaydığı silsilə materiallarda MKİ-nin xarici siyasətçiləri, şübhəli ekstremistləri və başqalarını kompüterlərinə, elektron cihazlara müdaxilə, eləcə də smart-televizorlarla izlədiyi iddia olunub.

Prokurorlar onu da müəyyənləşdirib ki, Şulte uşaqlara qarşı cinsi zorakılığın minlərlə şifrəli təsviri və videoyazısını saxlayıb.

Kadırov qızına yeni vəzifə verdi

Xədicət Kadırova
Xədicət Kadırova

Çeçenistan lideri Ramzan Kadırovun 24 yaşlı ikinci qızı Xədicət respublika başçısı və hökuməti administrasiyası rəhbərinin birinci müavini təyin olunub. Bu barədə Kadırov özü Telegram kanalında yazıb. Onun sözlərinə görə, təyinatla bağlı təşəbbüsü onun administrasiyasının başçısı Qalas Taymasxanov və Xədicət özü irəli sürüb.

Bundan öncə Xədicət Qroznıda məktəbəqədər təhsil departamentinin rəisi idi. Bundan sonra isə sosial məsələləri kurasiya edəcək.

Oktyabrda Kadırov qızına "sosial sahənin əməkdar işçisi" fəxri adını vermişdi. Elə həmin ay onun əri, Çeçenistanın keçmiş daxili işlər nazirinin oğlu Adam Alxanov respublikanın səhiyyə naziri təyin olunub.

Xədicət ABŞ, Avropa İttifaqı və Yaponiyanın sanksiya siyahısına daxil edilib.

Davamı

XS
SM
MD
LG