Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 22:49

Şamaxı rayonunda Xeybəri sakinləri kömək istəyir


Yolsuzluq. Foto arxiv

Bu gün, iyunun 13-də Şamaxı rayonunun Xeybəri kəndinin sakinlərinin bir qrupu rayon icra hakimiyyətinin qarşısına toplaşıb. Onlar kəndləri ilə rayon arasındakı yolun yararsız hala düşdüyünü, əlaqəli qurumların problemi həll etmədiyini bildiriblər.

Narazı kənd sakinlərindən Niyaməddin Qarayevin bildirməsinə görə, artıq həftələrdir ki, Xeybəli kəndi ilə rayon mərkəzi arasında yol bərbad vəziyyətə düşüb.

«Neçə həftədir ki, fasilələrlə yağış yağır. Yollar onsuz da bərbad halda idi, indi daha da dağılıb. Gəlib, kənardan baxıb, gedirlər, əlac edən yoxdur. Məcbur qalıb, icra hakimiyyətinin qarşısına toplaşdıq ki, icra başçısına dərdimizi deyək», - söyləyən kənd sakini dağılmış yolların bərpasından ötrü gərəkli texniki vasitələrin olmadığını bildirib. Onun deməsinə görə, günlərdir ki, yollarda batıb qalan avtomobillər var. Onların çıxarılması, yolun normal hala salınmasından ötrü aidiyyəti qurumlardan kömək istəyirlər.

Şamaxı-Xeybəri yolundakı uçqunda maşını ilişib qaldığını deyən kənd sakini Nazim Azadoğlu isə indiyə kimi rayon İcra hakimiyyətinin, başqa rəsmi orqanların heç bir tədbir görmədiyini vurğulayıb.

«Neçə gündür, maşın batıb qalıb dərədə. Fövqəladə Hallara zəng vurmuşam, gəlmirlər. Deyirlər ki, biz kömək edə bilmərik. Əvvəl icraya da müraciət etdik. Söz vermişdilər ki, uçqun olan yerdə işləyə bilən ağır texnika göndərəcəklər. Ancaq gözlədik, gəlib çıxmadı», - deyən N.Azadoğlu qeyd edib ki, icra hakimiyyəti rəsmilərinə dərdlərini yenidən çatdırıblar.

Narazı kənd sakinlərini icra hakimiyyətinin rəsmiləri dinləyib. Şikayətçilərin deməsinə görə, onlara vəd verilib ki, problemin aradan qaldırılmasından ötrü addımlar atılacaq.

Xeybəli kənd sakinlərinin şikayətlərinə Şamaxı Rayon İcra Hakimiyyətindən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Xeybəri Şamaxı rayonunun dağlıq ərazisində yerləşən kəndlərindəndir. O, Zarat kəndinin qonşuluğunda yerləşir. Azərbaycanın bir çox tarixi filmləri bu kiçik kəndlərdə çəkilib. Kəndin əhalisi, əsasən, heyvandarlıq və taxılçılıqla məşğuldur.

Günün bütün mövzuları

XS
SM
MD
LG