Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 21:23

Tbilisinin meri maşinistləri yola gətirə bilməyib


Avtobuslarda basabasdır, 5 iyun, 2018-ci il

İyunun 5-nə keçən gecə Tbilisinin meri Kakha Kaladze paytaxt metropoliteninin əməkdaşları ilə görüşüb. Ancaq onları tətilə dayandıraraq işə dönmək üçün yola gətirə bilməyib. Tətilçilər əməkhaqqılarının 45 faiz artırılmasını tələb edirlər və kompromisə getmək niyyətləri yoxdur.

Məhkəmə maşinistlərə “iş vaxtı” tətil etməyi yasaqlayıb.

Mer isə tətilçilərin tələbini “şantaj” adlandırıb, onların əməkhaqqısını qaldırmaqdan imtina edib. Onun sözlərinə görə, sürücülər hazırda həkimlərdən, müəllimlərdən, patrul polisindən daha çox alırlar. Maşinistlərin həmkarlar komitəsi isə yerin altında işləməyin orqanizmə aşırı ziyanını əsas gətirib.

İctimai nəqliyyatda basırıq
İctimai nəqliyyatda basırıq

Bazar ertəsi Tbilisidə metropoliteninin işinin dayanması ictimai nəqliyyatı iflic edib. Meriya paytaxt küçələrinə əlavə avtobuslar çıxarmalı olub. Onlarda gediş pulsuzdur, di gəl, sərnişin axınının öhdəsindən gələ bilmirlər. Şəhər sakinləri işə gecikir, uşaqlarını məktəbə, bağçaya apara bilmirlər.

Metropoliten əməkdaşları isə ölkə tarixində ilk tətillərini tələblər tam yerinə yetirilənədək davam etdirəcəklərini bildirirlər.

Isani metrostansiyası yaxınlığında avtobuslara minə bilməyən sərnişinlər taksilərə üz tutublar.

Universitet tələbəsi olan Katya AzadlıqRadiosu-na deyib ki, üç avtobusa minə bilməyib.

Mümkün deyil, artıq dərsə gecikmişəm”, – o, sözlərinə əlavə edib.

Bu gün Tbilisidə antihökumət etirazlarının altıncı günüdür. Etirazların lideri iyunun 4-də baş nazirlə görüşdən sonra deyib ki, korrupsioner hakim elitaya qarşı mübarizə əzmi dəyişməyib.

“Həmin mövqedəyəm – sistem dağılmalıdır”, Zaza Saralidze baş nazir Giorgi Kvirikashvili ilə danışıqlardan sonra jurnalistlərə deyib.

***

Tbilisidə metro işçilərinin tətili ictimai nəqliyyatın işində əngəllər yaradıb. Paytaxtda hökumətin istefası tələbilə artıq beşinci gündür etirazlar keçirilir.

İyunun 4-də Tbilisidə metronun bütün stansiyaları bağlanıb, şəhər hakimiyyəti sakinləri avtobuslardan istifadə etməyə çağırıb.

MAAŞLAR ARTIRILMAYACAQ

Paytaxtın meri Kakha Kaladze nəqliyyatda yaranmış problemlərə görə vətəndaşlardan üzr istəyib. Mer onu da deyib ki, tətil edən fəhlələrin maaşların artırılması tələbinin yerinə yetirilməsilə bağlı elə bir plan yoxdur.

Hökumət binası qarşısında polis
Hökumət binası qarşısında polis

Tbilisinin mərkəzində dörd gün etirazlara çıxmış sakinlər ötən dekabrda dava-dalaşda gənclərin öldürülməsi işində ədalətin bərqərar olmadığını deyirlər.

Tbilisi Şəhər Məhkəməsi cinayət işində təqsirli bilinən iki gəncə 10 və 9 il həbs cəzası kəsib. Biri qətldə, digəri adam öldürməyə cəhddə təqsirli bilinib.

Öldürülənlərdən birinin atası Zaza Saralidze-nin də daxil olduğu etirazçıların fikrincə, ölüm hadisələrində həmin iki gəncdən başqa da günahkarlar var, ancaq qohumları Baş Prokurorluqdakı işləyir deyə cəzadan yayınıblar.

Gürcülər hakim elitada korrupsiya və cəzasızılığın yayıldığını deyərək nümayişlərə çıxıblar.

“Öldürülmüş uşağıma söz vermişəm ki, hər bir qatil cəzalandırılacaq. Sistem dağıdılmalıdır!”, – Saralidze iyunun 3-də etirazçılar qarşısında çıxışında deyib.

BAŞ NAZİRLƏ GÖRÜŞ GÖZLƏNİR

İyunun 4-də Saralidze-nin baş nazir Giorgi Kvirikashvili ilə görüşəcəyi gözlənir. Ancaq görüşün harada keçiriləcəyi, ümumiyyətlə, baş tutub-tutmayacağı bəlli deyil.

Zaza Saralidze
Zaza Saralidze

Kvirikashvili bəyanatında deyib ki, öldürülmüş yeniyetmələrin valideynləri ilə görüşə hazırdır, amma “siyasi baxımdan maraqlı fərdlərin iştirakı olmadan”.

Saralidze iyunun 2-də “Gürcüstandakı bütün siyasi partiyaları qüvvələrini birləşdirməyə, sistemi tamamilə çökdürməyə” çağırıb.

Etirazçılar ilk öncə baş prokuror Irakli Shotadze-ni istefa verməyə çağırmışdılar. Onlar sonradan bütöv hökuməti istefaya səslədilər.

Ölkənin müxtəlif yerlərində Saralidze-yə dəstək aksiyaları keçirilir. Qori şəhərində mərkəzi küçələrdə, metro keçidlərində bu yazıları oxumaq olar: “Qatil küçədədir”, “Ədalət hardadır?”

Günün bütün mövzuları

XS
SM
MD
LG