Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 03:07

İlqar Məmmədov: 'Bu, İlham Əliyevin siyasi paxıllığından irəli gəlir'


İ.Məmmədov

«Cümhuriyyəçilərimizin mayın 28-də İstiqlal küçəsindən başlayaraq keçirdikləri yürüş bugünkü Azərbaycan cümhuriyyətinin fəxridir».

«Respublikaçı Alternativ» (REAL) Partiyasının həbsdəki sədri İlqar Məmmədovun 28 May - Respublika Günü yürüşündən sonra partiyanın bir neçə fəalının həbsi ilə bağlı açıqlamasında belə yazılır. Açıqlamanın mətnini partiya yayıb.

İ.Məmmədov vurğulayıb ki, dinc, bütün sivil normalara və etik qaydalara uyğun keçirilən bayram yürüşündən sonra bir neçə cümhuriyyətçinin həbsi hakimiyyətin mənəvi olaraq zəif olduğunu göstərir.

«Həbslərin yürüş günü deyil, bir gün sonra həyata keçirilməsi onu göstərir ki, əslində dinc toplaşmaq məsələsində problem heç də polisin davranışı deyil. Polis tamamilə normal şəkildə bu prosesi tənzimləyib. Sadəcə olaraq, İlham Əliyev bu bayram tədbirinin miqyasını və ruhunu görəndən sonra hüquq-mühafizə orqanlarına orada iştirak edən insanların cəzalandırılmasını tapşırıb», - REAL Partiyasının sədri yazıb.

İ.Məmmədov qeyd edib ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı ilə bağlı məhdudiyyət birbaşa polisdən qaynaqlanmır.

«Bu, İlham Əliyevin siyasi paxıllığından irəli gəlir», - deyə REAL Partiyasının sədri vurğulayıb.

REAL Partiyasının həbsdə olan sədrinin bu açıqlamasına Prezident Administrasiyasının rəsmilərindən münasibət almaq mümkün olmayıb. Ancaq istər dövlət başçısı İ.Əliyev, istərsə də başqa rəsmilər bundan əvvəl dəfələrlə bəyan ediblər ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin edilir.

Xatırlatma

Mayın 28-də Bakının mərkəzində 28 May - Respublika Günü münasibətilə REAL Partiyasının üzvləri, ayrı-ayrı fəallar və vətəndaş cəmiyyətinin təmsilçilərinin iştirakı ilə yürüş keçirilib. Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək, onun sona kimi davam etməsinə imkan verməyib.

Mayın 29-da Yasamal Rayon Məhkəməsində REAL Partiyası Ali Məclisinin üzvü Azər Qasımlıya 30 sutka həbs cəzası verilib. Polisə tabe olmamaqda günahlandırılan A.Qasımlı həbsini Respublika Günü şəhərin mərkəzində keçirilən yürüşlə izah etmişdi.

Habelə, mayın 30-da REAL Partiyası Ali Məclisi üzvü Elmin Həmzəyə 25, Nizami Rayon Məhkəməsində Nəriman İsmayılova 30, Yasamal Rayon Məhkəməsində isə Ərəstun Baxışəliyevə də 30 sutka həbs cəzası verilib.

REAL Partiyasının fəallarının hamısı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham edilib. Söhbət polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaqdan gedir.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə bağlı kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Ancaq o, hələ də azadlığa buraxılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG