Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 03:36

'AzTV-də camaat 160 manata qan ağlayır, bu, 5 milyona torpaq alır'


A.Alışanov

«Mən özüm də AzTV-də işləmişəm. Orada camaat qan ağlayır. Adamlara 160 manat maaş verir, özü 5 milyona torpaq alır. 3 min nəfər işçini atıb gəlib torpaq işi ilə məşğul olurdu. Sürücüsü demək olar, hər gün Şamaxıda idi, torba-torba pul gətirirdi. Onun maaşı 1800-2000 manatdır, 5 milyonu haradan qazanıb?», – AzTV-nin rəhbəri Arif Alışanovun 5.6 milyonluq əmlakını ələ keçirmək üçün onu öldürməyə cəhddə suçlanan Şücayət Əkbərovun qızı Cəmilə Tağıyevanın sözləridir. O, iyunun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində şahid kimi ifadə verib. Bildirib ki, atası günahsızdır, Alışanovun sifarişiylə həbs olunub:

***Buna da bax-'100 min verib bələdiyyə sədri təyin etdirdik'

«Atama indinin özündə də 1 milyon 200 min borcu var. Həm buna, həm də atam onun özü ilə gətirdiyi qızı dağda öldürdüyünü bildiyinə görə atamı həbs elətdirib. Belə qələmə verirlər ki, guya bizim nəyimiz varsa, Alışanovun olub. Xeyr. Atam 22 il vəzifədə işləyib. Ölkənin baş prokuroru İxtiyar Şirinov bizə gəlib-gedirdi. Binəqədi rayonunun, ardınca da Samuxun icra başçısı Alı Qocayevlə münasibətimiz vardı. Atam axır illərdə maklerlik edirdi. Ulu öndər Heydər Əliyevin ayırdığı pay torpaqlarımızı satıb özümüzə ev almışıq. Yoldaşım «Prado» markalı maşın alıb. Yazıblar ki, guya bunların hamısı Arif Alışanovun pulu ilə alınıb. Mənim atam Alışanov kimi korrupsioner olmayıb, büdcənin pullarını mənimsəməyib».

«Hamısı müstəntiqin oyunlarıdır»

C.Tağıyeva istintaqdan da narazılıq edib. Bildirib ki, ifadəsini oxumadan imzalayıb, ona atasına qarşı ifadə verməmək hüququ olması izah edilməyib: «Mən dəliyəm deyəm ki, atamın adam öldürmək istədiyini bilirdim? Belə şey deməmişəm. Hamısı müstəntiqin oyunlarıdır. Bu iş başdan-ayağa sifarişdir».

***Buna da bax-Arif Alışanov ölüm işində suçlanmasına reaksiya verdi

Şahidin sözlərinə görə, atasının həbsindən sonra ailələrinə də təzyiq olub, əmlakları zorla əllərindən alınıb: «Atamın həbsindən sonra «bandotdel»in əməkdaşları zorla anamı Şamaxıya aparıb, məcburi etibarnamə alaraq, əmlaklarımızı Arif Alışanovun bacısı qızı Nilufərin adına keçirdilər. Bacısı oğlu Dəyanət Cəfərov və Camal Nəbiyev (AzTV-nin əməkdaşı, Alışanovun şəxsi işləri ilə də məşğul olur) anamı hədələmişdilər ki, əgər əmlakları verməsən, qızların da atalarının yanına göndəriləcək».

Məhkəmədə zərərçəkmiş qismində iştirak edən D.Cəfərov isə bildirib ki, Ş.Əkbərovun həbsindən bir müddət sonra Cəmilə A.Alışanova məktub yazaraq, atasının bağışlanmasını istəyib.

C.Tağıyeva bu barədə suala belə cavab verib: «Bizim bir vəkilimiz vardı, ikili oynayırdı. Bunu sonradan bildik. Bizi heç yerə şikayət etməyə qoymurdu. Həmin məktubu yazmaq da onun ideyası idi».

Məhkəmədə məlum olub ki, təqsirləndirilən Ş.Əkbərovun anası dünyasını dəyişib və iyunun 1-də üç mərasimidir: «Arif Alışanovgil 50-60 baş mal-qaramı oğurlayıb apardılar, indi ailəm anamın yasında kəsib hüzrü yola verməyə mal-heyvan tapmır».

***Buna da bax-'AzTV-nin işçisiyəm, sədr Alışanovun şəxsi işləriylə də məşğul oluram'

Ş.Əkbərovun vəkilləri bu dəfə də işə obyektiv baxılmadığını əsas gətirib, Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyasına etiraz verdilər. Müdafiəçilər həmçinin, Şamaxıda hadisə yerlərinə, Alışanovun aldığı torpaqlara baxış keçirilməsini istədilər. Vəsatətlər təmin olunmadı.

Məhkəmə iyunun 8-də davam edəcək.

Xatırlatma

Cinayət işində yazılıb ki, təqsirləndirilən şəxslər AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. İddia olunur ki, Ş.Əkbərov Alışanovun əmlaklarını ələ keçirmək üçün onu öldürmək qərarına gəlib və bu məqsədlə adamlar cəlb edib. Onlara 600 min manat pul vəd edib. Həmin şəxslərdən Müsabi Namazov sonradan bu işdən imtina edib. Ona görə Qoçalı Cəbiyev tanışı Zöhrab Şirinovu tapıb, ona 100 min manat vəd olunub. Plan hazırlanıb ki, A.Alışanov bacısı oğlu D.Cəfərovla birlikdə maşınla Çuxuryurd- Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Plan baş tutmasa da, Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib.

Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir, bunların böhtan olduğunu deyirlər. Ş.Əkbərov bildirib ki, A.Alışanovun bir çox qanunsuz əməllərini, o cümlədən gənc qızın qətlini bildiyinə görə AzTV rəhbəri onu təcrid etmək istəyir.

A.Alışanov isə gənc qızı qətlə yetirməsi barədə ünvanına səslənən ittihamları «böhran» adlandırıb. Mayın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edən vəkil Zaur Abbasov bildirib ki, hüquqlarını müdafiə etdiyi A.Alışanova böhtan atılır: «Bu da ajiotaj yaratmaq, ictimaiyyəti çaşdırmaq niyyətindən irəli gəlir. Ağır cinayətdə ittiham edib böhtan atmaq Cinayət Məcəlləsinin 147.2 maddəsinin tərkibini yaradır».

Günün bütün mövzuları

XS
SM
MD
LG