Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:52

'100 min verib bələdiyyə sədri təyin etdirdik'


A.Alışanov
A.Alışanov

«Arif Alışanovla məqsədimiz Karrar kəndini tam nəzarətimizə götürmək idi. Ona görə Arif müəllimlə 100 min verib bələdiyyə sədri təyin elətdirdik. İcra nümayəndəsini çıxartdırmaq istəyirdik», – AzTV sədrinin Şamaxıda aldığı torpaqları, kənd təsərrüfatı üçün texnikanı və s. ümumilikdə 5 milyondan çox dəyəri olan əmlakı ələ keçirmək məqsədiylə onu öldürməkdə suçlanan Şücayət Əkbərov belə deyir.

Ş.Əkbərov və onunla birlikdə A.Alışanova, onun qızı Nigara, sürücüsü Hacı Babayevə və bacısı oğlu Dəyanət Cəfərova sui-qəsddə ittiham olunan daha üç nəfərin məhkəməsi davam edir. Mayın 29-da məhkəmədə Abı Həsənov adlı şahid bildirib ki, o, oğlunun 2.3 hektar torpağını Şücaət Əkbərova satıb. Eşidib ki, həmin torpaqlar Alışanov üçün alınırdı: «Mən sonradan Alışanovla görüşmək istəyirdim. Çünki bəzi xoşagəlməz hallar olmuşdu. Mən icra nümayəndəsi idim. Təsir göstərib məni işdən çıxarmaq istəyirdilər. Çıxardılar da. Bu məsələyə görə. Eşitmişdim ki, Arif müəllimin bu işdə əli var».

***Buna da bax-Arif Alışanov ölüm işində suçlanmasına reaksiya verdi

Təqsirləndirilən Ş.Əkbərov da təsdiqləyib ki, həqiqətən bu adamın vəzifədən çıxarılıb onun yerinə özlərinə yaxın birinin təyin olunmasına çalışıblar: «Arif müəllim Sədaqətin bələdiyyə sədri olmasına nail olandan sonra bu məsələ ilə məşğul olduq - mən, Alışanov və Sədaqət. Karrarda 2 hektar torpaq alınmışdı. Ona görə istəyirdik ki, öz adamlarımız olsun».

A.Alışanovun bacısı oğlu Dəyanət Cəfərov, sürücüsü Hacı Babayev məhkəmə zalında olsalar da, bu məsələ barədə səslənən fikirlərə heç bir cavab verməyiblər.

Bugünkü məhkəmədə təqsirləndirilən şəxslər A.Alışanov və qızının mütləq çağrılıb dindirilməsini tələb ediblər. Hakim bildirib ki, onlara çağırış vərəqəsi göndərilib, amma gəlməyiblər: «Onlara bur daha bildiriş göndərəcəyik. Çalışacağıq ki, onların iştirakı təmin olunsun».

Məhkəmə davam edir.

***Buna da bax-'AzTV-nin işçisiyəm, sədr Alışanovun şəxsi işləriylə də məşğul oluram'

Cinayət işində yazılıb ki, təqsirləndirilən şəxslər AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. İddia olunur ki, Ş.Əkbərov Alışanovun əmlaklarını ələ keçirmək üçün onu öldürmək qərarına gəlib və bu məqsədlə adamlar cəlb edib. Onlara 600 min manat pul vəd edib. Həmin şəxslərdən Müsabi Namazov sonradan bu işdən imtina edib. Ona görə Qoçalı Cəbiyev tanışı Zöhrab Şirinovu tapıb, ona 100 min manat vəd olunub. Plan hazırlanıb ki, A.Alışanov bacısı oğlu D.Cəfərovla birlikdə maşınla Çuxuryurd-Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Plan baş tutmasa da, Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib.

Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir, bunların böhtan olduğunu deyirlər. Ş.Əkbərov bildirib ki, A.Alışanovun bir çox qanunsuz əməllərini bildiyinə görə AzTV rəhbəri onu təcrid etmək istəyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG