Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:04

'AzTV-nin işçisiyəm, sədr Alışanovun şəxsi işləriylə də məşğul oluram'


A.Alışanov
A.Alışanov

AzTV-nin rəhbəri Arif Alışanov təkcə iki il ərzində sürücüsünün adına müxtəlif sahələrdə 33 torpaq ərazisi alıb. Bu, A.Alışanov, onun qızı Nigar Alışanova, sürücüsü Hacı Babayev və bacısı oğlu Dəyanət Cəfərovun həyatına sui-qəsdlə bağlı cinayət işində var. Mayın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilən sürücü H.Babayev təsdiqləyib ki, onun adına olan torpaqların sahibi də, pulunu verən də Alışanov olub. «O torpaqlar kimin puluyla alınıb?» sualına H.Babayev belə cavab verib: «Kimin puluyla alınacaq? Müəllimin puluyla...».

Alışanovun Şamaxının müxtəlif kəndlərində aldığı torpaq sahələrini, kənd təsərrüfatı ilə məşğul olmaq üçün texnikasını, ümumilikdə 5 milyon manatdan çox dəyərdə əmlakını ələ keçirmək məqsədiylə onu və yaxınlarını öldürməyə cəhddə suçlanan Şücaət Əkbərov və daha üç nəfərin – Qoçəli Əsgərov, Zöhrab Şirinov Aqşin Hüseynovun məhkəməsində qalmaqal düşüb. Nəticədə təqsirləndirilən şəxslər məhkəmə zalından çıxarılıb. Yəni onların məhkəməsi özlərinin iştirakı olmadan keçirilib. Qalmaqal təqsirləndirilən Ş.Əkbərovla şahid Camal Nəbiyevin bir-birini təhqir etməsindən başlayıb.

***Buna da bax-AzTV rəhbərinə sui-qəsd işi: 'Qızı öldürüb doğramağınız nə tez yadından çıxdı?'

Bundan öncə AzTV rəhbərinin bacısının həyat yoldaşı Vidadi Cəfərovla təqsirləndirilən Ş.Əkbərov arasında gərginlik yaşanıb. Şahid qismində dindirilən V.Cəfərov Şücaətin ünvanına kobud ifadə işlədib, o da təhqirlə qarşılıq verib: «Siz varsız a, Hacı Məmmədov sizin yanınızda heç nədir. Arif Alışanovun qızların başına açdığı oyunların hesabını verəcəksiz».

Ş.Əkbərov deyir ki, A.Alışanov onun əli ilə aldığı torpaqlardan əlavə, Şamaxıda bələdiyyədən 340 hektar torpaq sahəsi alıb və ona 7 milyon pul verib.

Alışanovun vəkilləri, bacısı oğlu, sürücüsü və s. məhkəmə zalında olsa da, bu barədə deyilənlərə reaksiya verməyib.

«Adıma torpaq alınmayıb, amma başqa şeylər olub»

Şahid Camal Nəbiyev bildirib ki, AzTV-nin işçisidir. Amma özünün dediyinə görə, işi həm də sədr Alışanovun şəxsi işləriylə məşğul olmaqdır:

***Buna da bax-AzTV rəhbərinə sui-qəsd işi: 'Ya özümü öldürməliydim, ya da qol çəkməliydim...'

«AzTV-də də işləyirəm, Arif Alışanovun da müəyyən işlərində iştirak edirəm. Mən o ailənin içindəyəm. Arif müəllimin işlərini öz işlərim bilirəm elə. Boş vaxtlarımda təsərrüfatımıza (AzTV rəhbərinin təsərrüfatını nəzərdə tutur-red.) nəzarət eləyirəm. 2014-cü ildən 2016-cı ilə qədər Arif müəllim mənim yanımda Şücaətə torpaq, texnika almaq üçün 2.5 milyon pul verib. Mənim adıma torpaq alınmayıb, amma başqa şeylər olub...».

«Qətli ört-basdır eləmək istəyirsiz...»

Dindirmədə C.Nəbiyevin təqsirləndirilən Ş.Əkbərovun ünvanına təhqiramiz ifadələr işlətməsinə qarşı tərəf də söyüşlə cavab verib. Məhkəmə zalında ara qarışıb və hakim təqsirləndirilən şəxslərin zaldan çıxarılmasına göstəriş verib. Ş.Əkbərov bu qərara belə etiraz edib: «Çıxarın, onsuz da mənim üçün fərqi yoxdur. Bu yolla Arif Alışanovun törətdiyi ölüm işini ört-basdır eləmək istəyirsiz».

***Buna da bax-AzTV sədrinə sui-qəsd işi: 'Məni ayağımdan asmışdılar'

AzTV rəhbərinin qardaşı, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Habil Alışanov da məhkəmədə dindirilib. AzTV sədrinin qardaşı, yeznəsi deyir ki, ona pul veriblər ki, Şamaxıda təsərrüfat yaratmaq məqsədiylə torpaq, texnika alsın.

Məhkəmə mayın 25-də davam edəcək.

Xatırlatma

Cinayət işində yazılıb ki, təqsirləndirilən şəxslər AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi ediblər. İddia olunur ki, Ş.Əkbərov Alışanovun əmlaklarını ələ keçirmək üçün onu öldürmək qərarına gəlib və bu məqsədlə adamlar cəlb edib. Onlara 600 min manat pul vəd edib. Həmin şəxslərdən Müsabi Namazov sonradan bu işdən imtina edib. Ona görə Qoçəlı Cəbiyev tanışı Zöhrab Şirinovu tapıb, ona 100 min manat vəd olunub. Plan hazırlanıb ki, A.Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd-Şamaxı şosesində olanda onları yüksək sürətlə vurub dərəyə salsınlar. Plan baş tutmasa da, Ş.Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Z.Şirinova verib.

Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir, bunların böhtan olduğunu deyirlər. Ş.Əkbərov bildirib ki, A.Alışanovun bir çox qanunsuz əməllərini, o cümlədən gənc qızın qətlini bildiyinə görə onu şərləyib təcrid etmək məqsədi güdür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG