Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 20:02

Tibbi İdarə: 'Əfqan Sadıqov müalicə alır'


Ə.Sadıqov

Azel.tv saytının təsisçisi və redaktoru, hazırda həbsdə olan Əfqan Sadıqovun səhhətinin pisləşdiyi bildirilir. Bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova məlumat yayıb.

S.Sadıqova bildirib ki, bu günlər Ə.Sadıqovla telefonla danışıb. Xanımının deməsinə görə, həyat yoldaşının səhhəti getdikcə pisləşir: «Aprelin 26-da vəziyyəti çox pis olub. Təzyiqi o qədər yüksək olub ki, sudurqa (epilepsiya) keçirib və bütün bu hadisələr Kürdəxanıda – Bakı İstintaq Təcridxanasının rəisinin gözləri önündə baş verib...».

S.Sadıqova deyib ki, artıq 1 aydan çoxdur əri qan təzyiqi və ürək ağrılarından əziyyət çəkir.

S.Sadıqovanın deməsinə görə, mənşəyi bilinməyən iynələr vura-vura təcridxanada Ə.Sadıqovun səhhətini lap pisləşdiriblər.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov isə S.Sadıqovanın dediklərini əsassız adlandırır: «Cəzaçəkmə müəssisəsində də, təcridxanada da Ə.Sadıqovun səhhəti həkim nəzarətində olub. Aprel ayında xroniki xəstəlikdən Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasında müalicə də alıb».

İ.Qurbanov bildirib ki, Ə.Sadıqov arterial qan təzyiqindən əziyyət çəkir və buna görə davamlı dərman qəbul etməlidir.

İ.Qurbanov Ə.Sadıqova hansısa mənşəyi məlum olmayan iynələr vurulması barədə deyilənləri də əsassız sayıb: «Ə.Sadıqova tanımadığı preparat verilməyib və ya iynə vurulmayıb. Savadlı adamdır, bilir ki, verilən preparat və vurulan iynə nə üçündür».

Ə.Sadıqov 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. Verilən məlumata görə, ikinci məhkəmə işi ilə bağlı o, bəzən təcridxanaya köçürülür. Yaxınlarının deməsinə görə, bunun özü də onun səhhətinə pis təsir göstərir.

Xatırlatma

Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanıb. Ona Cinayət Məcəlləsinin (CM) 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb. O, icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham edilib. Ancaq redaktor ittihamı qəbul etmir, işi qurama sayır.

2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsində Ə.Sadıqov barəsində hökm oxunub. Məhkəmə onu 2 il yarım müddətinə azadlıqdan məhrum edib.

2017-ci ilin noyabrında isə Ali Məhkəmə Ə.Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaldıb. Ancaq 2017-ci ilin dekabrında ona qarşı diffamasiya haqqında cinayət iddiasını bərpa ediblər. İddianı Cəlilabad rayonunun keçmiş, Yasamal rayonunun indiki icra başçısı Ə.Əzizovun qaldırdığı bildirilir. Bu dəfə o, rəhbərlik etdiyi saytda böhtan yayılmasında ittiham edilir. Redaktor bu ittihamı da qəbul etmir.

Yerli hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı hazırladığı siyahıda onun adı da yer alır.

Ancaq rəsmilər ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Rəsmilərin bildirməsinə görə, siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG