Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Erdogan niyə erkən seçki keçirir


Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

Aprelin 18-də Türkiyə prezidenti Recep Tayyip Erdogan ölkədə prezident seçkisinin bu il iyunun 24-də keçiriləcəyini bəyan etdi. Halbuki seçki gələn ilin noyabrına planlaşdırılırdı. 2017-ci ildə konstitusiyaya edilmiş dəyişikliklər prezidentin səlahiyyətlərini genişləndirib və həmin səlahiyyətlər prezident seçkisindən sonra qüvvəyə minəcək.

“The Guardian” qəzetində Simon Tisdall yazır ki, Erdogan zahirən demokratik seçkini dəyərləndirən siyasi liderlər sırasındadır, ancaq seçkini uduzmaq riskini də gözə almaq istəmir.

***Buna da bax: Türkiyəylə Rusiya aranı düzəldirlər

“O, BİR DİKTATORA ÇEVRİLƏCƏK”

Bu mənada Türkiyə prezidentinin Rusiya lideri Vladimir Putin-dən, Misir prezidenti Abdel Fatah al-Sisi-dən fərqi yoxdur. Onların demokratiya anlayışı eynidir: ‘Siz səs verin, mən qazanacağam’”, – müəllif yazır.

Məqalədə Erdogan-ın və onun hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iyunun 24-nə çağrılmış erkən prezident və parlament seçkisini uduzmasının xeyli dərəcədə qeyri-mümkün olduğu vurğulanır. AKP 2015-ci ilin parlament seçkisində çoxluğu qazandı və indi Milliyyətçi Hərəkat Partiyasının (MHP) dəstəyini də təmin edib.

Müəllif Erdogan-ın beynəlxalq mövqeyinin zəifləməsinə baxmayaraq, ölkəiçində dominantlığını saxladığını qeyd edir. Metropol sorğu mərkəzinin bu yaxınlarda açıqladığı rəy sorğusuna görə, onun reytinqi 49,8%-dir. Respondentlərin 42%-dən çoxu isə onu dəstəkləmədiyini bildirib.

Seçki 18 aydan sonra olacaqdı. Səsverməni qabağa çəkən Erdogan daxili və xarici siyasətin bütün əsas aspektləri üzərində tam, şəxsi nəzarəti ələ keçirəcək. O, bir diktatora çevriləcək, dünyəvi Türkiyənin banisi Mustafa Kemal Atatürkdən də güclü olacağı görünür”, – məqalədə deyilir.

“The Associated Press” agentliyi isə yazır ki, 2003-cü ildən Türkiyəni idarə edən Erdogan parlament sistemindən prezident sisteminə sürətli keçidi bir sıra amillərlə izah edib. Türkiyənin Suriyada və İraqda kürd yaraqlılarına qarşı mübarizəsi də bir səbəb kimi göstərilir.

BƏD XƏBƏRLƏRİ QABAQLAMAQ

“Erdogan öz xeyrinə olan bir sıra proseslərdən yararlanmaq istəyir”, – Vaşinqton İnstitutunun Türkiyə tədqiqatçısı Soner Cagaptay deyib.

***Buna da bax: Suriyanın gələcəyini cızan “mənfəət alyansı”

Rusiya Türkiyəni tezliklə Afrindən çıxara bilər. O, Afrin və ölkə iqtisadiyyatıyla bağlı mənfi xəbərlərdən öncə hərəkətə keçir”, – Cagaptay söyləyib.

2016-cı ilin uğursuz dövlət çevrilişi cəhdindən sonra Erdogan hakimiyyətini daha da möhkəmləndirib. Ancaq prezident seçkisinin ilk turundaca qalib gəlməkdən ötrü ona 51 faiz səs lazımdır.

Bu qərardan bir ay öncə isə AKP millətçi partiyanın köməyilə seçki qanunlarını dəyişib, hökumət işçilərinin seçki qutularına nəzarət etməsinə yol açılıb, səsvermənin müstəqil monitorinqi məhdudlaşdırılıb.

Daha bir məqam Türkiyənin ən böyük media qrupu olan Dogan Holding-in Erdogan-a yaxın qrupa satılmasıdır. Müşahidəçilərin fikrincə, bununla ölkə mediasının 90 faizi Erdogan-ın nəzarətinə keçmiş olur.

***Buna da bax: 'Allah rəhmət eləsin, Türkiyə. 1921-2017'

Cagaptay deyib ki, Erdogan “seçkinin nəticəsini öz xeyrinə yönəltməyə zəmin hazırlayırdı”.

Ölkənin zəif müxalifət partiyaları səsverməyə hazır olduqlarını açıqlayıblar. Ancaq agentlik yazır ki, onların hazırlaşmağa, Erdogan-a meydan oxuyacaq namizədlər irəli sürməyə cəmi cümlətani iki ayları var.

ƏLVERİŞLİ SEÇKİ ZAMANI

Türkiyəli siyasi təhlilçi Etyen Mahcupyan da Al-Jazeera-yə deyib ki, “iqtisadi problemlər və Suriya müharibəsi” seçkini qabağa çəkməyin əsas səbəbləridir.

“Məqsəd potensial siyasi rəqiblərə Erdogan-a qarşı kampaniya aparmaq imkanı verməmək, müxalifətə parlament seçkisinə hazırlaşmağa vaxt tanımamaqdır. MHP inanır ki, 2019-cu ildə qələbə üçün şərtlər daha pis olacaq. Onlar daha əlverişli mühitdə seçkiyə getmək istəyirlər”, – o deyib.

MHP-dən ayrılmış sağ-mərkəzçi Yaxşı Partiyanın lideri Meral Aksener-in seçkiyə buraxılıb-buraxılmayacağı bilinmir. Ölkənin kürdpərəst partiyasının keçmiş lideri Selahattin Demirtas isə terrorçuluq ittihamlarıyla həbsdədir.

***Buna da bax: 'Dişi canavar' Erdoğan-ın öhdəsindən gələ biləcəkmi?

Seçki həm də fövqəladə vəziyyət rejimində keçiriləcək. Parlament onun müddətini yeddinci dəfə uzadıb. Əsas müxalifət partiyası hökuməti fövqəladə vəziyyətdən istifadə etməklə demokratiyanı eybəcərləşdirməkdə, hökumət tənqidçilərini həbs etməkdə suçlayır. Həm də hökumətə media orqanlarını, qeyri-hökumət təşkilatlarını bağlamaq imkanı verir.

Hökumətsə ABŞ-da yaşayan Fethullah Gulen hərəkatı tərəfindən təhdidlərin bitmədiyini əsas gətirir. Türkiyənin kürd yaraqlılar, digər qruplaşmalarla mübarizəsinin davam etməsi də bir səbəb kimi göstərilir. Ankara Gulen-i 2016-cı il uğursuz çevriliş cəhdinin arxasında durmaqda suçlayr, Gulen ittihamları rədd edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG