Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 22:19

'Allah rəhmət eləsin, Türkiyə. 1921-2017'


R.T.Erdoğan səs verir. 16 aprel 2017

Bu gün Qərb mediasının aparıcı mövzularından biri Türkiyədə 16 aprel referendumunda konstitusiya dəyişikliklərinə «hə» deyilməsidir. Bununla da 2019-cu ildən bu ölkədə prezident idarə üsulu qüvvəyə minir.

«Recep Tayyip Erdoğan, sadəcə, konstitusiya referendumunda qələbə qazanmadı, o, ölkəsinin müasir tarixində bir fəsli əbədi qapatdı». «Foreign Policy» dərgisində Steven A.Cook Türkiyə Cümhuriyyətinin yaranma tarixinə nəzər salır, 1921-ci il yanvarın 21-də Türkiyə Böyük Millət Məclisinin ölkənin Ana Yasası olan «Teşkilât-ı Esasîye Kanunu»nu qəbul etdiyini vurğulayır.

ERDOĞAN-IN ƏSL NİYYƏTİ

«Bunu dərk etmələrindən asılı olmayaraq, türklər referendumda «hə» deməklə «Teşkilât-ı Esasîye Kanunu»na qarşı çıxdıqlarını ortaya qoydular. Bu, Atatürk-ün xəyal və təmsil etdiyi müasirlik versiyasına müxaliflik idi...», – yazan müəllif avtoritar xarakterli Erdoğan-ın Osmanlı tarixindən ruhlandığını, Ankarada tikdirdiyi Ağ Sarayın da Osmanlı sultanlarının saraylarını xatırlatdığını vurğulayır.

«Amma prezident səlahiyyətlərini dərinləşdirmək niyyəti daha gizlinlərdən xəbər verir. Erdoğan respublikanı parçalamaq istəyir. Çünki özü və müdafiəçiləri respublikaya rəhbərlik edənlərin, onu dəstəkləyənlərin əlindən az çəkməyib... Erdoğan-ın seçicilərindən ötrü AKP erası qızıl dövrdür. Bu, əsasən inanclı, orta sinfə məxsus türklər vaxtilə mərhum olduqları şəxsi və siyasi azadlıqlarından yararlana bilirlər... Erdoğan-ın prezidentliyini gücləndirməklə onlar daha böyük uğurları gözaltı edirlər. Amma milyonlarla türk dəyişikliklərə «yox» deyib və onlar avtoritarizmin güclənməsindən qorxurlar», – müəllif yazır.

İstanbulda Erdoğan tərəfdarları AKP qərargahı qarşısında qələbəni bayram edirlər. 16 aprel 2017
İstanbulda Erdoğan tərəfdarları AKP qərargahı qarşısında qələbəni bayram edirlər. 16 aprel 2017

«Türkiyə Respublikasında həmişə qüsurlar olub, amma ölkə tam demokratiyaya çevrilə bilmək arzusunu, niyyətini sərgiləyib. Erdoğan-ın yeni Türkiyəsi isə bu cığırı qapatmış olur», – məqalədə deyilir.

«SOSİAL SABİTLİK ZƏİFLƏYƏCƏK»

«Bu dəyişikliklər Erdoğan-ın şəxsi hakimiyyətini əməlli-başlı genişləndirir, ölkədə real hakimiyyət bölgüsünə, nəzarət və balans sisteminə ölümcül zərbə vurur. Referendumdan öncə məhkəmələrin müstəqilliyi sarsıdıcı şəkildə zəifləmişdi, yeni sistem durumu daha da pisləşdirir», – Vaşinqtonda Yaxın Şərq Demokratiyası layihəsinin Türkiyə üzrə eksperti Howard Eissenstat «The New York Times» qəzetinə belə deyib.

Amma Erdoğan tərəfdarları bu arqumentləri qəbul etmirlər. Onların fikrincə, müxalifət parlamentə nəzarəti ələ alarsa, prezidentin qərarlarını geri oxutdura, özlərinin hazırladıqları qanun layihələrini ortaya qoyarlar. «Hə» düşərgəsi mərkəzləşdirilmiş hökumətin problemlərin öhdəsindən daha yaxşı gələ biləciyini iddia edir.

Qəzet yazır ki, referendumun nəticəsi ölkənin parçalandığını üzə çıxardı. 37 yaşlı istanbullu Yeşim Kara dəyişikliklərə «yox» deyənlərdəndir. «Çox kədərliyəm. Qara günlər qabaqdadır», – o söyləyib.

Ankarada AKP tərəfdarları. 16 aprel 2017
Ankarada AKP tərəfdarları. 16 aprel 2017

«Erdoğan-ın qələbəsi hökumətdə sabitliyi gücləndirəcək, amma sosial sabitliyi zəiflədəcək», – bunu isə ABŞ-dakı Alman Marşal Fondunun Ankara ofisinin direktoru Özgür Ünlühisarcıklı deyir.

«DEMOKRATİYA ÖLDÜ»

«Bu gün Türkiyədə demokratiya öldü». Bunu isə CNN televiziyasının saytında Frida Ghitis yazır.

«Çoxları indi prezidentin özünün sosial mühafizəkar və dini baxışlarını necə yeridəcəyindən narahatdır. Erdoğan-ın qadınların «incə təbiət»indən, «islam dininin onlara biçdiyi analıq mövqeyi»ndən danışması qadınları hiddətləndirirdi… Hökumətin təhsil planlarında islamlaşma daha çox üzə çıxır», – müəllif yazır.

«İndi Türkiyə xalqının qarşısında daha gərgin Erdoğan erası dayanır. İndi prezidentin dünyəviliyi təhrif edərək hakimiyyətini gücləndirməyə daha çox səlahiyyəti olacaq. Türkiyənin demokratiya, hüququn aliliyi, azad hakimlər, söz azadlığı və hamıya bərabərlik yolunda irəliləməsini istəyənlərin qarşısındakı yol daha sıldırımlıdır», –məqalədə deyilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG