Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 18:56

‘Suriya müharibəsi nəzarətdən çıxmasın’


Duma şəhərində tapılmış sarı qaz kanistri

BMT rəhbəri, ABŞ-ın keçmiş prezidenti Suriyadakı müharibənin nəzarətdən çıxa bilməsiylə bağlı xəbərdarlıq edirlər. Bundan cəmi bir neçə saat öncə Prezident Donald Trump Suriyanın müttəfiqi Rusiyaya xəbərdarıq edib ki, raket zərbələrinə “hazır olsun”.

BMT-nin baş katibi Antonio Guterres deyib ki, aprelin 11-də axşam BMT Təhlükəsizlik Şurasında veto hüququ olan ölkələrin – ABŞ, Britaniya, Fransa, Rusiya və Çinin səfirlərini çağırıb, “mövcud çıxılmaz durumun riskləriylə bağlı dərin narahatlığını” bildirib.

Guterres deyib ki, “durumun nəzarətdən çıxmasının önlənməsi vacibdir”.

JİMMY CARTER-İN ÇAĞIRIŞI

Birləşmiş Ştatların keçmiş prezidenti Jimmy Carter isə “Associated Press” agentliyinə müsahibəsində Trump-ı “ölkəni sülh şəraitində saxlamağa, Şimali Koreya, Rusiya, yaxud Suriyayla ortaya çıxan problemləri şişirtməməyə, kəskinləşdirməməyə” çağırıb.

***Buna da bax: Suriyanın gələcəyini cızan “mənfəət alyansı”

Rusiyanın BMT-dəki səfiri də ehtiyatlı olmağa çağırıb, “ağır” nəticələrlə bağlı xəbərdarlıq edib.

Trump-ın raket zərbələriylə bağlı yazdığl tvitə Rusiyanın Xarici İşlər Nazirliyi belə cavab verib: “Ağıllı raketlər terrorçulara tərəf uçmalıdırlar, Suriyanın qanuni hökumətinə tərəf deyil”.

Britaniyanın baş naziri Theresa May isə aprelin 11-də axşam deyib ki, bütün əlamətlər “sarsıdıcı və barbar hərəkəti”nə görə Suriya hökumətinin məsuliyyət daşıdığını göstərir və buna cavab verilməlidir. May aprelin 12-nə hökumətin iclasını çağırıb. Media yazır ki, Londonun da şübhəli kimyəvi silah hücumuna hərbi reaksiyaya qoşulacağı gözlənir.

Bu arada Rusiyayla Suriya Dumaya nəzarətin tam ələ alındığını bildirirlər. Duma illərdir üsyançıların əlindədir.

***

ABŞ prezidenti Donald Trump Suriyaya raket zərbəsinin qaçılmaz olduğunu deyir. O, Rusiyaya xəbərdarlıq edir ki, “hazır olsun”, çünki raketlər “gələcək”.

Trump aprelin 11-də Twitter-də Rusiya ordu rəsmiləri və diplomatlarının hədələrinə cavab verib:

“Rusiya Suriyaya atılan bütün raketlərin vurulacağını deyir. Rusiya, hazır olun, çünki tezliklə gəlirik... Öz adamlarını qətlə yetirən, bundan zövq alan Qazla Öldürən Heyvanla tərəfdaş olmamalıydınız!”

Bu, açıq-aşkar Suriya prezidenti Bashar al-Assad-a eyhamdır. Trump onu aprelin 6-da Dəməşq yaxınlığında üsyançıların əlində olan Duma şəhərində onlarla dinc sakinin ölümünə səbəb olmuş şübhəli zəhərli qaz hücumunda ittiham edir.

Rusiya prezidenti Vladimir Putin-in sözçüsü isə Birləşmiş Ştatları Suriyaya raket zərbəsi endirməməyə çağırıb, belə bir hücumun Yaxın Şərqdə durumu “əməlli sabitsizləşdirə” biləcəyini deyib.

Belə bir zərbə endiriləcəyi halda nə baş verəcəyi haqda suala gəlincə... ümid edirik, bütün tərəflər provokasiya yaradacaq, regiondakı onsuz da kövrək durumu daha da sabitsizləşdirəcək addımlardan çəkinəcəklər”, – Dmitry Peskov jurnalistlərə deyib.

***

Rusiyanın BMT-dəki səfiri Birləşmiş Ştatlardan xahiş edir ki, Suriyaya zərbə endirməsin. Vasily Nebenzya bu xahişlə aprelin 10-da axşam çıxış edib.

Bundan öncə isə BMT-nin Təhlükəsizlik Şurasında Dəməşq yaxınlığına şübhəli kimyəvi silahla hücumla bağlı təkliflər keçməyib. ABŞ və Rusiya aprelin 7-də Duma şəhərinə hücumun araşdırılmasını təklif edirdi. Həmin hücumda azı 40 nəfər öldürülüb.

GƏMİLƏR HAZIR VƏZİYYƏTDƏDİR

Reuters və TASS agentlikləri aprelin 10-da xəbər veriblər ki, Avropanın hava nəqliyyatına nəzarət agentliyi təyyarələrə Aralıq dənizinin şərqində ehtiyatlı davranmağa çağırıb, “72 saat ərzində Suriyaya hava-yer tipli, yaxud qanadlı raketlərlə hücumlar endirilməsi mümkündür”.

***Buna da bax: ABŞ Suriyaya hava zərbələrini 'istisna etmir'

Suriya ordusu qüvvələrini hazır vəziyyətə gətirib. ABŞ donanmasının raketdən müdafiə sistemiylə təchiz olunmuş USS Donald Cook gəmisi isə Aralıq dənizindən Suriyanı vura biləcək məsafəyə yerləşdirilib.

ABŞ prezidenti Donald Trump xəbərdarlıq etmişdi ki, Dumaya hücum edənlər buna görə “böyük bədəl” ödəyəcəklər. Trump aprelin 10-da Cənubi Amerikaya planlaşdırılan səfərini təxirə salıb, Ağ evin məlumatına görə, məqsəd Suriyadakı duruma diqqət ayırmaqdır.

Sizdən bir daha xahiş, rica edirəm ki, Suriyayla bağlı hazırladığınız planları dayandırasanız”, – Nebenzya ABŞ-ın BMT-dəki səfiri Nikki Haley-yə deyib. ABŞ-ın Suriyaya hərbi zərbələr endirmək təhdidləri “hamımızı çox narahat etməlidir”, – o, sözlərinə əlavə edib.

BMT-nin Təhlükəsizlik Şurası isə hücuma görə kimin məsuliyyət daşımasını aydınlaşdıracaq təhqiqatla bağlı razılığa gələ bilməyib.

ABŞ-ın hazırladığı qətnamə layihəsinə Rusiya veto qoyub. Qətnamə Suriyada kimyəvi silah hücumlarının arxasında kimin durmasıyla bağlı müstəqil təhqiqatın başladılmasını nəzərdə tuturdu. Şura sənədi 12-2 səs çoxluğuyla təsdiqləmişdi. Rusiyanın müttəfiqi Çin isə səsverməyə qatılmayıb.

“BƏHANƏ”

“Tarix Rusiyanın bu gün Suriya xalqının həyatını deyil, bədheybəti seçdiyini yadda saxlayacaq”, – deyən Haley Suriya prezidenti Bashar al-Assad-ı nəzərdə tutub.

Nebenzya isə Birləşmiş Ştatları ittiham edib ki, məğlub olacağını bilə-bilə şurada səsvermə təşkil edir, sonra bundan “Suriyaya qarşı güc tətbiqini əsaslandırmaqdan ötrü” bəhanə kimi yararlanır.

***Buna da bax: Trump Suriyadakı ABŞ qoşunlarını ‘çox tezliklə’ oradan çıxarmaq istəyir

Rusiya artıq 12-ci dəfədir Suriyayyla bağlı təklifi önləməkdən ötrü veto hüququndan istifadə edir.

Şurada Rusiyanın iki təklifi səsə qoyulub, heç biri gərəkən doqquz səsi toplaya bilməyib.

ABŞ BMT-nin daha öncəki Birgə Təhqiqat Mexanizminin işinin bərpasını təklif edirdi. Qrupu fəaliyyəti ötən noyabrda dayandırılıb, Rusiya onun mandatının təzələnməsinə veto qoyub.

Panel belə bir qənaətə gəlmişdi ki, 2017-ci ilin aprelində Xan Şeyxun kəndində 100-dək adamın ölümünə səbəb olmuş sarin sinir qazını Suriya hava qüvvələri buraxıb.

Bu hücumdan sonra Trump Suriyanın hava bazasına raket zərbələri endirilməsinə göstəriş verdi.

XS
SM
MD
LG