Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Qulu Məhərrəmli də inanır ki, ANS yenidən yayımlanacaq. Qulu Məhərrəmli deyir ki, hazırda ölkədə hər hansı bir kütləvi informasiya vasitəsinin fəaliyyətinin dayandırılması işsiz jurnalistlərin sayının kəskin artacağından xəbər verir: «Digər televiziya və radiolar yalnız öz dəsti-xətti ilə seçilən və çoxdan gözaltı etdikləri işçiləri qəbul edəcəklər. Amma, təəssüf ki, çox sayda həmkarlarımızın taleyində bu çox ciddi zərbə olacaq».
ANS-dən fərqi olaraq yerləşdikləri binadan çıxarılan «Azadlıq» qəzeti və «Turan» İnformasiya Agentliyinin işçiləri isə hazırda gərgin şəraitdə fəaliyyət göstərdiklərini deyirlər. «Yeni Müsavat» qəzetinin redaksiyasında müvəqqəti məskunlaşan «Azadlıq»ın işçilərinin isə əvvəlki aylarla müqayisədə maaşları da kəskin azaldılıb. Amma, həm gərgin iş şəraiti, həm də məvaciblərin azaldılmasına baxmayaraq jurnalistlər öz iş yerlərini dəyişmək barədə düşünmürlər. 5 ildir ki, «Azadlıq» qəzetində çalışan Aytən Məmmədova deyir ki, hətta bir müddət maaşsız qalsa belə yenə də qəzetdə işləyəcək: «Mən əminəm ki, bu gərginlik dövründə hətta pul verilməməsi məsələsi gündəmə gəlsə belə bizim işçilər yenə də işləyəcəklər».
Həm «Azadlıq» qəzetinin, həm də «Turan» İnformasiya Agentliyinin məsul işçiləri də gərginliyə və maliyyə problemlərinə baxmayaraq heç bir əməkdaşı işdən çıxarmayacaqlarını deyirlər.