Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:57

Fikrət Hüseynlinin Ukraynadan getməsinə icazə verilib, amma...


Fikrət Hüseynli

Piçerski Rayon Məhkəməsinin (Kiyev şəhərində) Niderland vətəndaşı, jurnalist Fikrət Hüseynlinin ekstradisiyası ilə bağlı yoxlamanın dayandırılması barədə qərar qəbul etdiyi bildirilir. Qərarın bu gün, aprelin 2-də çıxarıldığı deyilir.

Məhkəmə prosesi haqda hazırda Kiyevdə olan F.Hüseynlinin özü məlumat verib. Onun deməsinə görə, məhkəmə Ukraynanı tərk etməsinə icazə verib. Bununla yanaşı o, prokurorluğun onun pasportunu qaytarmadığını deyib.

«Məhkəmə qərar verdi ki, ekstradisiya yoxlaması dayandırılsın və ölkəni tərk edim. Buna baxmayaraq, prokurorluq mənim sənədlərimi qaytarmır. Bu, tam qanunsuzdur», - F.Hüseynli bildirib.

O, pasportunun qaytarılmasından ötrü qanunun imkan verdiyi bütün vasitələrdən istifadə edəcəyini deyib.

«Niderlandın Ukraynadakı səfirliyi də bu məsələni qaldırıb», - F.Hüseynli qeyd edib.

Onun bu iddiasına Ukraynanın prokurorluq orqanlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

F.Hüseynlinin 2017-ci il oktyabrın 14-də Kiyevdən Düsseldorfa uçarkən Azərbaycanın İnterpol xətti ilə sorğusu əsasında saxlandığı bildirilir. Azərbaycanda onun dələduzluq və sərhədi qanunsuz keçməkdə ittiham olunduğu deyilir.

Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi Azərbaycana ekstradisiyası məsələsinə baxmaqdan ötrü onu 18 gün həbs edib. Oktyabrın 27-də isə Kiyevin Lukyanovski Məhkəməsi F.Hüseynlini azad edib. Eyni zamanda, məhkəmə dövlət ittihamçısının F.Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.

Kiyev Vilayət Prokurorluğu F.Hüseynlinin azad edilməsindən apellyasiya şikayəti verib və onun həbsini tələb edib. Bu il fevralın 13-də məhkəmə ekstradisiyadan imtina edib.

Çoxsaylı beynəlxalq təşkilatlar F.Hüseynlinin vətəndaşı olduğu Niderlanda yola salınması xahişiylə Ukrayna hökumətinə müraciət edib. Müxalif «Azadlıq» qəzetinin əməkdaşı olan F.Hüseynli 2008-ci ildə Azərbaycandan gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG