Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:02

Kataloniyanın keçmiş lideri həbsdə qaldı


Barselonada etirazlar
Barselonada etirazlar

Almaniyada məhkəmə Kataloniyanın keçmiş prezidenti Carles Puigdemont-u həbsdə saxlayıb. Onun “qiyamçılıq” ittihamlarıyla İspaniyaya ekstradisiyası da mümkün sayılır.

Almaniyanın şimalındakı Kiel regional məhkəməsi dünən – martın 26-da qərar verib ki, Puigdemont “ekstradisiya proseduruyla bağlı qərar verilənədək həbsdə qalacaq”.

QƏRAR BU HƏFTƏYƏ GÖZLƏNİLMİR

Puigdemont bir gün öncə saxlanıb və bu, Kataloniyada etirazlara səbəb olub. Beş ay öncə Kataloniya parlamenti bölgənin müstəqilliyini elan edəndən sonra ona separatçılıq və qiyam ittihamları irəli sürülüb və İspaniyadan qaçıb.

Almaniya məhkəməsi Puigdemont-un müdafiə komandasının onun ekstradisiya qərarını gözlədiyi müddətdə sərbəst buraxılmasına dair vəsatətini təmin etməyib.

*** Buna da bax: Məhkəmə:"Puigdemont yenidən Katoloniya lideri ola birlər, amma ölkəyə gəlməlidir"

Alman qanunvericiliyinə görə, ekstradisiya qərarı normal halda 60 gün ərzində çıxarılmalıdır. Yerli prokurorluqdan “Frans Pres” agentliyinə bildirilib ki, qərar dörd günlük pasxa bayramı öncəsi, yəni bu həftə ərzində gözlənilmir.

Bazar günü Barselonada polis etirazçılara qarşı dəyənəyə əl atmalı olub. Etirazçılar polisə şüşə butulka, banka, yumurta atıb. 22-si polis olmaqla 90-dək adamın yüngül xəsarət aldığı bildirilir.

MERKEL-Ə BAŞAĞRISI

Agentlik yazır ki, bu məsələ kansler Angela Merkel-in iki həftə öncə and içmiş hökuməti üçün arzuolunmaz diplomatik problemdir. Kanslerin sözçüsü deyib ki, Puigdemont-un ekstradisiyası Almaniya regional məhkəmə hakimiyyətinin əlindədir.

İspaniyanın baş nazir müavini Soraya Saenz de Santamaria həbsi “yaxşı xəbər” adlandırıb.

*** Buna da bax: Puigdemont-a təklif: Skype-la idarə elə

Barselonadakı etirazçılar isə bu addımı provokasiya sayır. Kataloniya parlamentinin spikeri Roger Torrent region televiziyası ilə müraciətində sakitliyə çağırıb.

Puigdemont-dan savayı Kataloniyanın doqquz separatçı lideri İspaniyada məhkəmədədir.

Kataloniya lideri ötən oktyabrda müstəqillik referendumu təşkil etməkdə suçlanır. Səsvermədən dərhal sonra region parlamenti müstəqillik elan edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG