Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 15:03

Tovuz polisində nə baş verib?


Polis

«Martın 8-də Tovuz Rayon Polis Şöbəsində dindirilmə zamanı özünü 3-cü mərtəbədən atan rayon sakini Tofiq Şükürovun şöbədə işgəncə görməsi barədə məlumatlar yalandır».

Bunu «Turan» agentliyinə Tovuz Rayon Polis Şöbəsindən bildiriblər.

Dünən, martın 8-də bəzi yerli saytlarda Tovuz rayon sakini T.Şükürovun polis şöbəsində ifadə verərkən intihara cəhd etməsi ilə bağlı məlumatlar yayılmışdı. Ancaq sosial şəbəkələrdə bu deyilənlər bir qədər fərqli məzmunda çatdırılıb. Sosial şəbəkələrdə Tovuz polisində 3 nəfərə işgəncə verilməsi barədə məlumatlar yayılıb.

Həmin məlumatlarda iddia olunub ki, T.Şükürov da işgəncəyə məruz qalıb, dözməyərək özünü 3-cü mərtəbədən atıb.

Tovuz rayon Polis Şöbəsində bir neçə nəfərə işgəncə verilməsi barədə məlumatları təkzib ediblər. Şöbədən deyiblər ki, T.Şükürov əvvəllər məhkum edilib.

«O, narkotik cinayətinə görə məhkum edilmiş şəxsdir. Rayonda oğurluq olub, tibb bacısının evindən 5 min manat pul oğurlanıb. T.Şükürov həmin iş üzrə dindirilib. Müstəntiq ondan dəhlizdə gözləməsini istəyib. Həmin vaxt hadisə baş verib. Ağlına nə gəlibsə, buna əl atıb», - deyə polisdən bildiriblər.

Şöbədən deyilənlərə görə, T.Şükürovun indi sağlıq durumu normaldır.

Tovuz Rayon Xəstəxanasından da T.Şükürovun dünən, martın 8-də qəbul edildiyini bildiriblər.

Xəstəxananın həkimi Paşa Muradov T.Şükürovun müayinə edildiyini, onun xəsarətlərinin ağır olmadığını deyib. Həkim həmçinin vurğulayıb ki, T.Şükürov müalicə məqsədi ilə Qazax rayonuna göndərilib.

T.Şükürovun yaxınları və Qazax Rayon Xəstəxanası ilə isə əlaqə saxlamaq hələlik mümkün olmayıb.

Xatırlatma

Azərbaycanda polis şöbə və bölmələrində insanlara işgəncə verilməsi ilə bağlı əvvəllər də şikayətlər səslənib. Hərçənd, Daxili İşlər Nazirliyi bu şikayətləri, bir qayda olaraq, təkzib edib.

2015-ci il avqustun 20-də Bəhruz Hacıyev adlı şəxs Mingəçevir Şəhər Polis Şöbəsində vəfat etmişdi. Polisin məlumatında onun özünü idarənin pəncərəsindən atıb intihar etdiyi bildirilirdi. B.Hacıyevin yaxınları isə intihar barədə deyilənlərlə razılaşmır və onun işgəncə ilə öldürüldüyünü iddia edib.

XS
SM
MD
LG