Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 11:21

Ölkə parlamenti məcburi dövlət sosial sığorta sahəsində ödənilməyən borcların və sanksiyaların silinməsi ilə bağlı prezident İlham Əliyevin göndərdiyi təklifi bəyənib. Söhbət “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsindən gedir.

Sözügedən qanun layihəsinin aprelin 1-dən qüvvəyə minəcəyi nəzərdə tutulur.

APA-nın xəbərinə görə, qanuna əsasən, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı il yanvarın 1-i tarixinə kimi yaranan və 2018-ci il aprelin 1-dək ödənilməyən borcları tam məbləğdə silinir.

2015-ci il yanvarın 1-nə kimi yaranan və ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclar da tam məbləğdə silinir.

Buna da bax: Sosial sığorta borcları bağışlanır?

Qanun layihəsində o da bildirilir ki, 2015-ci ilin yanvarın 1-dən sonra yaranan məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi bir neçə qaydada həyata keçirilir.

2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının 10 faizi ödənildikdə - maliyyə sanksiyalarının ödənilməmiş 90 faizi silinəcək.

2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə isə ödənilməyən 70 faiz ləğv ediləcək.

Aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənilərsə, yerdə qalan hissə silinəcək.

Buna da bax: İqtisadçı: 'Pensiyalarda bu artım 1 kiloqram kərə yağı etmir'

Qeyd olunan qayda məhkəmə qərarı ilə qəbul edilən, lakin 2018-ci il aprelin 1-dək ödənilməyən borclara da şamil ediləcək.

Xatırlatma

2016-cı ilin sonunda Azərbaycan parlamenti «Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında» Qanun qəbul etmişdi. Həmin qanun daha çox «vergi amnistiyası» kimi dəyərləndirilirdi.

Həmin qanuna görə, amnistiya 2017-ci ilin yanvarın 1-dək vergi borcu olan hüquqi və fiziki şəxslərə şamil olunmuşdu.

Qanunun icrası ilə bağlı Vergilər Nazirliyinin açıqladığı bilgilərdən aydın olurdu ki, ondan daha çox elə dövlət qurumları yararlanıblar.

Həmin vaxt vergi borcu silinənlər arasında Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (22 milyon 676 min 116 manat), Gənclər və İdman Nazirliyi (4 milyon 175 min 386 manat), Nəqliyyat Nazirliyi (1 milyon 998 min 41 manat), Əmlak Məsələləri Dövlət Komitəsi (14 milyon 145 min 400 manat) də vardı.

Günün bütün mövzuları

XS
SM
MD
LG