Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

Trump deyir ki, silah lobbisindən “qorxmayın”


Məktəbdəki qırğını törətməkdə suçlanan Nikolas Cruz (mərkəzdə) məhkəmə qarşısına çıxarılır
Məktəbdəki qırğını törətməkdə suçlanan Nikolas Cruz (mərkəzdə) məhkəmə qarşısına çıxarılır

ABŞ prezidenti Donald Trump dünən – fevralın 26-da ştat qubernatorlarını ölkənin ən güclü silah lobbisindən qorxmamağa çağırıb. Ötən həftə Floridada məktəbdə 17 nəfərin öldürülməsindən sonra məktəblərdə təhlükəsizlik məsələsi ölkədə geniş müzakirə olunur.

Trump Milli Silah Assosiasiyasının (NRA) müəllimləri silahlandıraraq məktəbləri qorumaq təklifini dəstəkləyib. Amma prezident eyni zamanda potensial silah alıcıları barədə informasiyanın yoxlanmasına tərəfdar çıxıb. “Reuters” informasiya agentliyi siyasi baxımdan güclü NRA-nın bu təklifə dirəniş göstərdiyini yazır.

“TƏRƏFİMİZDƏDİRLƏR”

NRA-dan narahat olmayın, onlar bizim tərəfimizdədir”, – Trump Ağ evdə 35-dən çox qubernatorla görüşündə deyib. Floridanın qubernatoru Rick Scott da görüşə qatılıb.

*** Buna da bax: Müsəlman icması Florida qətliamının qurbanlarına yardım toplayır

Bizimlə deyillərsə, onlarla savaşmalı olarıq. Bu normaldır. Onlar düzgün hesab etdiklərini edirlər”, – Trump vurğulayıb.

Fevralın 14-də Floridada məktəbdə 14 şagird və 3 müəllim yarı-avtomat AR-14 silahıyla qətlə yetirilib. Rəsmilər şübhəli Nikolas Cruz-un silahı ötən il qanuni yolla, 18 yaşı olanda aldığını deyirlər.

19 yaşlı Cruz-un əvvəllər də qanun pozuntusuna yol verdiyi, intizam problemlərinə görə məktəbdən qovulduğu bildirilir.

Bu insidentdən sonra ölkədə silah tərəfdarlarıyla əleyhdarları arasında debat qızışıb.

Respublikaçı Trump 2016-cı ildə seçki kampaniyası zamanı silah hüquqlarını müdafiə edib. İndi o, həm son faciəylə bağlı tədbir görməlidir, həm də eyni zamanda respublikaçıları narazı salmamağa çalışır. Ağ evin sözçüsü Sarah Sanders jurnalistlərə deyib ki, prezident çərşənbə günü hər iki partiyadan konqresmenlərlə görüşəcək, mümkün qanunvericiliyi müzakirə edəcək.

Trump ötən həftə deyib ki, hücum silahı almaqdan ötrü minimum yaş tələbini 21-ə qaldırmaq istəyir. Ancaq bazar ertəsi, NRA-nın üç aparıcı rəsmisiylə nahardan bir gün sonra o, qubernatorlarla görüşündə məktəbdə təhlükəsizlik planlarından danışarkən həmin ideyaya toxunmayıb.

*** Buna da bax: Florida məktəbində baş vermiş atışmada 17 nəfər öldürülüb

ƏN SƏMƏRƏLİ YOL

NRA silah almaq yaşının qaldırılmasına qarşı çıxır. Ağ evin bildirməsinə görə, Trump hələ də belə bir addımın ayrıntılarını götür-qoy edir. “Reuters” məsələyə NRA-dan açıqlama ala bilməyib.

Ancaq prezident potensial silah alıcıları barədə informasiyanın yoxlanmasını, bu yolla silahların cinayətkarlar və ruhi problemli şəxslərin əlinə düşməsini önləməyə dəstəyini bildirib.

Trump qubernatorlarla görüşündə deyib ki, müəllimlərin silahlanmasını tələbələrin qorunmasından ötrü ən səmərəli yol sayır. Amma Vaşinqtonun demokrat partiyasından qubernatoru Jay Inslee ştatındakı müəllimlərin silah gəzdirmək istəmədiyini söyləyib.

*** Buna da bax: İstəyirsən, lap avtomat al

Texasın respublikaçı qubernatoru Greg Abbott isə qeyd edib ki, onun ştatından 100-dən artıq məktəbdə silah gəzdirəcək və hücumlara cavab verəcək müəllim və digər əməkdaşlar var.

Qubernator Scott-un bildirməsinə görə, Florida ştatındakı hər bir dövlət məktəbində təhlükəsizlik tədbirlərinə 500 milyon dollar ayrılması planlaşdırılır.

XS
SM
MD
LG