Fevralın 20-də ukraynalılar 2014-cü il avropapərəst Avromaydan etirazlarının ən qanlı gününün dördüncü ildönümünü yad edirlər.
Anım tədbirlərində Kiyevdə təhlükəsizlik qüvvələriylə toqquşmalarda öldürülmüş etirazçılar yad olunur.
Avromaydan hərəkatı 2013-cü ilin noyabrında başlanıb, etirazçılar Kiyevin mərkəzinə toplaşıb. Səbəb rusiyapərəst prezident Viktor Yanukovych-in Avropa Birliyi ilə Assosiasiya Sazişinin imzalanmasını ertələdiyini, Rusiyayla daha sıx iqtisadi əlaqələrlə bağlı planlarını açıqlamasıydı.
*** Buna da bax: Putin Krımın ilhaqına “şəxsən təşəbbüs göstərib”
Ukraynada müstəntiqlər etirazlarda 104 nəfərin öldürüldüyünü, 2 min 500 nəfərin yaralandığını deyir.
“ŞƏR CƏZASINI ALMALIDIR”
Etirazların sonunda, 2014-cü il fevralın 21-də Yanukovych Kiyevdən qaçdı, Rusiyaya sığındı. Amma o, polisə etirazçılara atəş açmaq əmri vermədiyini, zorakılıqların hökuməti devirməyi hədəfləyən “planlaşdırılmış əməliyyat” olduğunu iddia edir.
Moskva isə Avromaydan hərəkatına həmin ilin martında Ukraynanın Krım yarımadasını ilhaq etməklə reaksiya verdi. Ölkənin şərqində qızışdırılan separatçılıq indiyədək 10 min nəfərin həyatına son qoyub, 1,6 milyondan çox ukraynalı evindən didərgin düşüb.
Fevralın 20-də Ukrayna prezidenti Petro Poroshenko Yanukovych-in vətənə xəyanət ittihamıyla qiyabi məhkəməsində ifadə verməlidir.
*** Buna da bax: Ukraynanın başı bəladan ayrılmır
“Şər cəzasını almalıdır. Bu səbəbdən, Ukrayna tarixində ilk dəfə olaraq, məhkəmədə iştirak etmək qərarına gəldim”, – Poroshenko fevralın 18-də deyib.
ABŞ Dövlət Departamentinin fevralın 20-də yaydığı bəyanatda sözçü Heather Nauert bildirib ki, “Birləşmiş Ştatlar Rusiyanın təcavüzünə məruz qalmaqda olan Ukraynanın yanında dayanacaq”.
Nauert əlavə edib ki, Ukraynada son dörd ildə irəliləyiş əldə olunmasına baxmayaraq, “Maydan vədlərinin yerinə yetirilməsi və Ukraynanın potensialının açılmaqsından ötrü hələ çox iş görülməlidir”.