Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Netanyahu istefa verəcəkmi


Benjamin Netanyahu
Benjamin Netanyahu

Dünən – fevralın 13-də İsrail polisi baş naziri Benjamin Netanyahu-nun iki iş üzrə rüşvətxorluqda suçlanmasını tövsiyə edib.

Polis iki araşdırma zamanı belə bir qənaətə gəlib ki, siyasətçi biznesmenlərdən dəyəri 300 min dollara yaxın bahalı hədiyyələr alıb, əvəzində onları himayə edib. Bu haqda Haaretz qəzeti yazıb.

Polisin versiyasına görə, Netanyahu “Yediot Ahronot” qəzetinin sahibi Arnon Mozes-lə sövdələşmə bağlamaq istəyib. Mətbuatda “müsbət” yazıların əvəzində baş nazir qəzetə əsas rəqibi olan “İsrael Hayom” ilə mübarizədə kömək təklif edib.

*** Buna da bax: İsrail İrana xəbərdarlıq edir

Netanyahu televiziya çıxışında israillilərə müraciətində qanunsuz heç nə törətmədiyini deyib.

Dekabrın əvvəlində 20 minədək israilli paytaxt Təl Əvivdə antikorrupsiya nümayişinə çıxmışdı. Onlar “Netanyahu-nu istintaqdan qorumağı hədəfləyən” qanunvericilikdən narazılıq ifadə ediblər.

POPULYARLIQ AZALIR

Söhbət polisin vəzifəli şəxslərlə bağlı ittihamlar üzrə qənaətini yaymağı, yaxud prokurorluğu tövsiyə verməsini yasaqlayacaq qanun layihəsindən gedir.

“Reuters” agentliyi yazır ki, polisin tövsiyəsi heç də Netanyahu-ya ittiham irəli sürüləcəyi demək deyil. Polis tövsiyəsini verə bilər, ittihamı irəli sürmək baş prokuror Avichai Mandelblit-in işidir ki, belə bir qərarını qəbulu aylarla çəkə bilər.

68 yaşlı Netanyahu ölkənin aparıcı siyasətçisidir, Likud partiyasının veteran lideri “Bibi” ləqəbiylə tanınır.

Ancaq ölkənin hakim sağ-qanad koalisiyasının liderinin prokurorların diqqət mərkəzində olması onun tərəfdarlarına, rəqiblərinə, koalisiya daxilindəki opponentlərinə təsirsiz ötüşməyəcək, agentlik yazır.

Həm də Netanyahu-nun polisin tövsiyəsindən sonra istefa vermək kimi hüquqi məsuliyyəti yoxdur. O, hüquqi savaş getdiyi müddətdə vəzifəsində qalacağını bildirir.

“Reuters” son aylar Netanyahu-nun populyarlığının azaldığını yazır. Bunu bir neçə rəy sorğusu üzə çıxarıb. Baş nazir dünən gecə televiziyayla çıxışında deyib ki, seçkilər vaxtında keçiriləcək. Bu isə 2019-cu ilin noyabrına düşür.

TRUMP-LA MÜNASİBƏTLƏR

Netanyahu ABŞ prezidenti Donald Trump-la münasibətlərilə fəxr edir. Trump-ın dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıması, ABŞ səfirliyini də oraya köçürmək qərarını açıqlaması İsraildə coşquyla qarşılanıb. Agentliyin yazmasına görə, baş nazir ölkə ictimaiyyətinə gələcək müraciətində dünyanın supergücünün lideriylə əlaqələrindən istifadə edə bilər.

*** Buna da bax: Polşa mübahisəli “Holokost qanunu”nu qəbul etdi

Baş nazirin mümkün varisinə gəlincə, rəy sorğuları müxalifətdə olan mərkəzçi Yesh Atid partiyasının rəhbəri Yair Lapid-in bu posta ən güclü namizəd olduğunu göstərir. Amma elə Netanyahu-nun Likud partiyasında, ondan kənarda da onu əvəzləməyə namizədlər az deyil. Müdafiə naziri Avigdor Lieberman, kəşfiyyat naziri Israel Katz, təhsil naziri Naftali Bennett bu siyahıdadır.

Bəs Netanyahu-nun vəzifədən getməsi Fələstin-İsrail münaqişəsində nəyi dəyişə bilər? Agentlik bu halda 2014-cü ildə iflasa uğramış sülh danışıqlarının bərpası perspektivlərinin daha da mürəkkəbləşəcəyini yazır. Onun Likud partiyası daxilindən mümkün varisi partiyanın qatı mühafizəkar mərkəzi komitəsinin dəstəyini qazanmalı olacaq. Bu komitənin dekabrda qəbul etdiyi, hüquqi qüvvəsi olmayan qətnamə İsrailin tutduğu qərb sahilin ilhaqına çağırır. İsrail İordan çayının qərb sahilini 1967-ci il müharibəsində tutub, fələstinlilər isə onu gələcək dövlətlərinin tərkibində görür.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG