Ötən gün – fevralın 11-də İsrail İrana qonşu Suriyayla bağlı sərt xəbərdarlıq edib. Bundan bir gün öncə isə İsrail Suriya üzərində irimiqyaslı hava reydləri keçirib, “İran hədəflərini” vurduğunu bildirir. “Frans Pres” agentliyi yazır ki, müharibə başlanandan ilk dəfədir İsrail belə reydlər keçirdiyini açıq bildirir.
Reydlərdən öncə Suriyanın hava qüvvələri İsrailin F16 qırıcısını vurub. Pilotlar sağ qalıb. Amma bu, 1982-ci ildən bəri İsrailin hərbi təyyarə itkisi verdiyi ilk hal kimi qeydə alınıb.
“Şənbə günü İran və Suriya qüvvələrinə ağır zərbə vurduq”, – baş nazir Benjamin Netanyahu bazar günü hökumətin iclasında deyib.
“Hamıya aydın şəkildə bildirdik ki, döyüş qaydamız dəyişməyəcək. Bizə ziyan vurmağa çalışana zərbə vuracağıq. Siyasətimiz belə olub və belə də qalacaq”, – o söyləyib.
*** Buna da bax: Suriyanın Israil təyyarəsini vurduğu bildirilir
YENİ MƏRHƏLƏ?
İsrailin digər nazirləri isə İranın Suriyada hərbi baxımdan oturuşmasını qəbul etməməkdən danışıblar. Elə Netanyahu da bunu dəfələrlə bildirib. Tehransa bundan imtina edir.
Bəzi təhlilçilər növbəti günlər ərzində gərginləşmə gözləməkdiklərini dilə gətirsələr də, bəziləri Suriyada müharibənin yeni mərhələyə daxil olmasının mümkünlüyünə toxunurlar.
Suriya getdikcə İsrailin hava zərbələrini daha çox önləməyə çalışır, İsrailsə münasib bildiyi məqamda burada əməliyyat keçirmək qabiliyyətini saxlamaq istəyir, Beynəlxalq Böhran qrupundan Ofer Zalzberg belə deyir.
Qeyd edək ki, İsrail Suriya müharibəsinə birbaşa müdaxilə etməməyə çalışıb, amma “Hezbollah qruplaşmasının fəaliyyətini önləməkdən ötrü” onlarla hava zərbəsi endirdiyini də etiraf edib.
İsrail 2006-cı ildən Hezbollah ilə müharibə aparır. Hezbollah İran və Rusiyayla birlikdə Suriya rejimini dəstəkləyir.
“Məncə, bu insidentin qarşısı daha çox alınacaq, çünki köklü yanaşanda, bu, oyunun qaydalarının yenidən danışmağa yönəlik cəhddir”, – deyən Zalzberg Rusiyanın vasitəçilik etməli olduğunu sözlərinə əlavə edir.
Agentlik şahidlərə istinadla İsrailin bazar günü səhər Golan yüksəkliklərində raketdən müdafiə sistemi də yerləşdirdiyini xəbər verir.
İsrail deyir ki, şənbə əməliyyatlarından öncə Suriyadan onun ərazisinə İran dronu daxil olub. Tehransa bu ittihamı rədd edir.
“ATƏŞLƏ OYNAMAQ”
İsrail ordusunun sözçüsü Jonathan Conricus iddia edib ki, həmin dron 2011-ci ildə İranın ələ keçirdiyi ABŞ modelinin eynisidir. O, həmin nəticəyə dronun qalıqlarının təhlili əsasında gəlindiyini vurğulayıb.
*** Buna da bax: Türkiyənin hərbi vertolyotu Suriya ərazisində vuruldu
İsrail bundan sonra İranın Suriyadan dronu yollamış nəzarət sistemlərinə reyd keçirdiyini bildirib. Reyd zamanı İsrailin F16 qırıcısı Suriya qüvvələri tərəfindən vurulub. Pilotlar çıxa bilib, təyyarə İsrail daxilində partlayıb. İsrail bundan sonra Suriyaya “irimiqyaslı” hava zərbələri endirdiyini bildirir.
Conricus Suiryayla İranın “atəşlə oynadğını” deyib, amma İsrailin durumun gərginləşməsini istəmədiyini də vurğulayıb.
İran İsrailin “yalanlar”ını rədd edib, Suriyanın İsrailin hücumlarından özünü qorumaq hüququ olduğunu bildirir.
İran xarici işlər nazirliyinin sözçüsü Bahram Ghasemi deyib ki, “İran Suriyada hərbi baxımdan iştirak etmir, sadəcə, Suriya hökumətinin xahişiylə hərbi müşavirlər göndərib”.
Rusiyayla BMT tərəfləri gərginliyi azaltmağa çağırıb.