Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Polşa mübahisəli “Holokost qanunu”nu qəbul etdi


Polşada Auschwitz-Birkenau konsentrasiya düşərgəsi
Polşada Auschwitz-Birkenau konsentrasiya düşərgəsi

Polşa senatı holokostla bağlı ifadələri tənzimləyən ziddiyyətli qanunu qəbul edib. Məqsəd ölkənin imicinin müdafiəsidir.

Yuxarı palata fevralın 1-nə keçən gecə 57-23 səs çoxluğuyla layihəni qəbul edib. Qanun nasist alman düşərgələrini “Polşa ölüm düşərgələri” adlandıran, yaxud Polşanı nasist cinayətlərlə əlaqədə suçlayanlara cərimə və ya üç ilədək həbs nəzərdə tutur.

İsrail bu qanunu ləğv etməyə çağırmışdı, bildirirdi ki, qanun nasist Almaniyasının yəhudiləri məhv etməsində Polşanın rolunu danmaq cəhdidir.

*** Buna da bax: Ölüm düşərgəsində doğulan ölümsüz sevgi

KNESSET DƏ DƏYİŞİKLİKLƏR HAZIRLAYIB

Həqiqətin təhrif olunması, tarixin yenidən yazılması, yaxud Holokostun inkarına dözümlü yanaşa bilmərik”, – İsrailin baş naziri Benjamin Netanyahu bazar günü deyib.

Parlamentin aşağı palatası qanunu ötən cümə günü qəbul etmişdi və bu xaricdən etirazlara səbəb olmuşdu.

“Frans Pres” agentliyi yazır ki, Knessetin deputatları da çərşənbə günü – yanvarın 31-də İsrailin Holokostun inkarıyla bağlı qanununa dəyişikliklər təqdim ediblər. Belə ki, yəhudilərə qarşı nasistlərin cinayətlərində rolun azaldılması, yaxud inkarı həbslə cəzalandırılacaq.

Polşada qanun səsverməyə çıxarılmazdan öncə ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert narahatlığını dilə gətirib, deyib ki, “bu qanun qüvvəyə minərsə, azad sözə və akademik tədqiqatlara zərbə vurar”.

Həmin qanunun Polşanın strateji maraqları, Birləşmiş Ştatlar və İsraillə münasibətlərinə təsirindən narahatıq”, – o deyib.

Qanunu prezident Andrzej Duda 21 gün ərzində təsdiqləməlidir. O, daha öncə qanunvericiliyə dəstəyini bildirib.

Nəzəri baxımdan, prezident qanuna veto da qoya bilər, amma bazar ertəsi deyib: “Qətiyyən geri çəkilə bilmərik, tarixi həqiqəti qorumaq hüququmuz var”.

O, İsrailin “zorakı və xeyli xoşagəlməz reaksiyasından karıxdığını” söyləyib.

6 MİN 500 POLYAK MÜKAFATLANDIRILIB

2-ci dünya müharibəsi zamanı nasist Almaniyası Polşaya hücum edərək onu tutub, o zaman Polşa vətəndaşlarından 6 milyonunu itirib, onlardan 3 milyonu yəhudilər idi.

Polşada yəhudilərə kömək etmək, hətta bir stəkan su vermək belə ölümlə cəzalandırılırdı.

Qüdsdəki Yad Vashem Holokost memorialı 6 min 500 polyaka nasistlərə etirazını bildirən qeyri- yəhudi kimi xüsusi titul verib.

*** Buna da bax: Trump müsəlmanlarla yəhudiləri birləşdirə bilib

Yad Vashem də Polşada qəbul olunmuş qanuna qarşı çıxdığını bildirib, həmin qanunun “Holokost dövründə almanların Polşa xalqından yardım almasıyla bağlı tarixi həqiqətləri pərdələyə bilər”.

Ancaq qurum onu da əlavə edib ki, nasistlərin Polşada tikdiyi ölüm düşərgələrini Polşaya məxsus kimi təqdim etmək “tarixi yanlış təqdimatdır”.

Amerika Yəhudi Komitəsinin rəhbəri David Harris Polşa liderlərini “qanunvericiliyi geri çağırmağa, qeyri-dəqiq və ziyanlı çıxışlarla bağlı kriminallaşdırmaya deyil, maariflənməyə diqqət ayırmağa” çağırıb.

İsrailin xarici işlər naziri bazar günü Polşanın müvəqqəti işlər vəkilini çağıraraq ona etirazını bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG