"The Independent" və başqa qəzetlərin yazdığına görə bu həftəsonu Britaniyada çapdan çıxmış bu kitab tənqidçilərin fikrincə, əsl sevginin hətta ölüm düşərgəsində də ölməz olduğu barədə mesaj verib.
Tam və rəsmi adı Ludwig “Lale” Eisenberg olan Lale Sokolov 1916-cı ildə Slovakiyada yəhudi ailəsində anadan olmuşdu. Əksər Avropa yəhudiləri kimi tale və siyasət 1942-ci ildə onu da almanca Auschwitz kimi tanınan məşhur Osventsim konsentrasiya düşərgəsinə gətirmişdi.
Amma onun əhvalatı tamam başqa idi. O almanlara özünü təslim etmişdi ki, düşərgədə olan ailəsini xilas etsin.
Beləliklə, məhbus nömrəsi 32407 olan Lale tif xəstəliyinə tutulanadək düşərgədəki tikintidə işləməyə başlamışdı.
Xəstə vaxtlarında ona Pepan adlı bir fransız alim baxmışdı.Bu alim düşərgədə döyməçi idi. O bura gətirilən yeni məhbusların qollarına onların düşərgə nömrəsini yazırdı.
Bu mənada bu qədər bəxtsizlik içində Lalenin bəxti gətirmişdi. Pepan onu təkcə sağaltmamış, həm də özünün döyməçi sənətinə öyrətmişdi. Artıq sağalıb özünə gəlmiş Lale rəsmi döyməçinin şagirdi və varisi olmuşdu.
Bir gün Pepan qəfildən yoxa çıxanda, Lale-yə onun vəzifəsini vermişdilər.
Öz növbəsində bu vəzifəsi Laleyə başqa məhbusların görmədiyi imtiyazları vermişdi. O əlavə yemək payları alır, ayrıca otaqda yatırdı. Sonralar uzun illər bundan xəcalət çəkdiyinə görə əhvalatını heç kəsə danışmayacaqdı.
Əslində, bu əhvalatı sonralar o yox, oğlu Gary açmışdı.
Gary anasının 2003-cü ildə vəfatından sonra tək qalmış atasının xiffət çəkdiyini görürdü. Atası ona elə hey anası ilə sevgisindən danışırdı. Bir gün Gary qərara gəldi ki, bu inanılmaz hekayəti bir yazıçıya danışmaq lazımdır. Bəlkə də bundan bir roman, bir film alındı...
Gary belə bir təkliflə Avstraliya yazıçısı Heather Morris-ə müraciət edəndə onun ilk reaksiyası belə olmuşdu: “Heç ölüm düşərgəsində də sevmək olar?”
Lakin bu, yazıçının tərəddüd etdiyi yeganə məqam idi. Bundan sonra Morrisin Lale ilə söhbətləri keçmiş Osventsim məhbusunun ölümünə - 2006-cı ilədək davam etdi.
Morris yazır: “Lale deyirdi ki, o ölüm düşərgəsində sağ olduğu hər gün üçün sevinirdi”.
Əhvalatı indiyədək heç kimə açmaması isə ona görə idi ki, utancverici bir işlə - məhbusları “damğalamaqla” məşğul olduğunu düşünür və susmağa üstünlük verirdi.
Lakin qolunda nömrə döydüyü bir qız onun yaddaşında əbədilik qalacaqdı.
1942-ci ilin iyulunda o bu yeniyetmə, solğun bənizli qızın qoluna 34902 nömrəsini döymüşdü.
Bu hadisədən onilliklər sonrası Lale yazıçı Morrisə demişdi: “Mən bu nömrəni o qızın qoluna yazandan sonra, o da həmişəlik olaraq mənim qəlbimə yazıldı”.
Birkenau qadın düşərgəsində saxlanan bu qazın adı Gita Fuhrmannova idi.
Bundan sonra Lale bir SS keşikçinin qılığına girərərk Gitaya onun vasitəsilə məktublar ötürürdü.
Daha sonralar düşərgədə nisbətən hərəkət azadlığı olan Lale qızla görüşəcək, imkan tapdıqca ona və barak rəfiqələrinə özünə verilmiş əlavə ərzaqdan çatdıracaqdı.
Lale özünün baş döyməçi kimi “yüksək vəzifəsindən” başqalarına da kömək etmək üçün istifadə edirdi.
O məbbusların əşyalarını düşərgədən kənarda satıb əvəzində onlara ərzaq gətirirdi.
Nasistlər 1945-ci ildə məhbusları Osventsimdən köçürməyə başlayanda, Gita iz belə qoymadan yoxa çıxmışdı.
Amma Lale onu tapacağına ümidini bir an da olsun itirməmişdi.
Lale Osventsimdən azad olunduqdan sonra vətənə qayıtmazdan əvvəl yolunu Bratislavaya saldı. Çexoslovakiyaya qayıdanlar bu məntəqədən keçirdilər.
O günlərlə vağzalda var-gəl edir, o tanış çöhrəni görmək istəyirdi. Axırda stansiya gözətçilərindən biri ona Qırmızı Xaça baş çəkməyi məsləhət görür.
Amma o, Qırmızı Xaç Komitəsinə çatmamış qarşısına çıxan qız onu yerindəcə dondurdu. Onlar əvvəlcədən planlaşdırılmadığı halda, ikinci dəfə təsadüfən belə görüşmüşdülər.
Lale və Gita demək olar dərhal, 1945-ci ilin oktyabrında evləndilər.
Çexoslovakiyada yaşayarkən soyadlarını dəyişib, xilaskarların şərəfinə russayağı Sokolov etmişdilər.
Lakin Çexoslovakiyadakı həyat macərasız ötüşmədi. Onlar buradan İsrail dövlətinə yardım göstərdiklərinə görə həbs edilmişdilər.
Məhz bu hadisədən sonra, həmişəlik Avropanı tərk etmək, çox uzaqdakı Avstraliyaya getmək qərarına gəlmişdilər. 1961-ci ildə Melburnda oğulları Gary doğuldu.
Onların bu sevgisi haqqında 2003-cü ildə Gitanın vəfatına qədər yalnız bir-iki dost bilirdi.
Lale Gitasız çox yaşaya bilmədi. Amma o 2006-cı ildə öləndə demişdi ki, rahat gedir, çünki dünya onun arvadını nə qədər sevdiyini biləcək.
O vaxt hələ “Osventsim döyməçisi” (The Tattooist of Auschwitz) kitabı yazılmamışdı. Yazıçı Morris araşdırma aparırdı. Arxiv sənədləri Lalenin danışdıqlarını demək olar tamamilə təsdiqləmişdi.
Bu araşdırma zamanı Lalenin ölənədək bilmədiyi bir faktı da üzə çıxarmışdı.
O özünü almanlara valideynlərini xilas etmək üçün təslim etmişdi. Amma heç demə onları düşərgəyə aparan kimi öldürmüşdülər.